“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Blinken belə bir görüşün yaxın vaxtlarda da təkrarlanacağını dedi. Artıq hesab etmək olarmı ki, Brüssel və Moskvadan sonra növbəti vasitəçi Vaşinqtondur? Amerikanın fəallığı nə vəd edir?
- Bəli, hazırda iki vasitəçi var: Rusiya və Avropa Birliyi. Rusiyanın vasitəçiliyi ilə iki bəyanat (10 noyabr və 11 yanvar) imzalanıb. Avropa Birliyi də bu ilin əvvəlindən fəallaşıb. Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dörd görüş keçirilib, beşincisi də noyabra planlaşdırılır. Açıq demək lazımdır ki, Avropa Birliyinin vasitəçiliyi Azərbaycan üçün faydalıdır. Çünki Brüsselin əsas hədəfi Ermənistan və Azərbaycan arasındakı problemlərin həllidir. Brüsel Qarabağ məsələsi və Minsk qrupuna toxunmur, bunları biz istəmirik.
İndi üçüncü vasitəçi kimi Vaşinqton peyda olub. Düzdür, spiker Nensi Pelosinin Ermənistana səfəri Azərbaycan cəmiyyətində Amerikanın siyasi ilə bağlı ciddi suallar yaradıb, amma ABŞ dünyanın superdövlətidir, belə məsələlərə təsir imkanları var. Pelosi İrəvanda olarkən Blinken Prezident İlham Əliyevə zəng vurdu. Məncə, bu zəngdə bir səbəb Nyu-Yorkdakı bu görüşlə bağlı fikir mübadiləsi aparmaq idisə, ikinci səbəb Pelosinin İrəvanda verdiyi anti-Azərbaycan açıqlamalarını yumşaltmaq idi. Nyu-Yorkda görüş keçirildi, heç bir nəticə yoxdur, amma yenə də görüş olacaq.
Amerika da fəallaşmaq, bölgədə oyunçuya çevrilmək istəyir. Əgər ABŞ Ermənistan və Azərbaycan arasında sülh yaratmaq istəyirsə, biz bunun əleyhinə deyilik. Amma Qarabağ və Minsk qrupu məsələlərinə toxunmasını istəmirik. Minsk qrupu artıq geridə qalıb. Ermənistan və Azərbaycan arasında üç məsələ var: sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması. ABŞ bu məsələlərin həllinə kömək etmək istəyirsə, etirazımız yoxdur. Əgər “Qarabağın statusu” məsələsini ortaya atmaq istəyirsə, heç nə alınmaycaq.
Digər yandan, heç Rusiyanın özü də Amerikanın bölgədə fəallaşmasını istəmir. Bu da bir maneəyə çevrilir. Əgər Amerika vasitəçi olmaq istəyirsə, tərəflərə münasibətdə bərabər məsafədə durmalıdır. Ermənipərəst mövqedə dayanacaqsa, Azərbaycan Amerikanın vasitəçiliyinə müsbət yanaşmayacaq.
- Bəs Amerika sadaladığınız meyarlara cavab verə bilərmi?
- Noyabrda ABŞ-da Konqresə aralıq seçkiləri keçiriləcək. Kaliforniya və bir sıra digər ştatlar üzrə namizədlər ermənilərin səslərini qazanmaq üçün Azərbaycan əleyhinə açıqlamalar verəcəklər. Amma ABŞ təkcə Konqresdən ibarət deyil. Amerikada Ağ Ev, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və s. kimi strukturlar var. Bu qurumlar anlayırlar ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır və onunla tərəfdaşlığı davam etdirmək lazımdır. Bu, ABŞ-ın təhlükəsizlik maraqlarına da uyğundur. Məsələn, Amerika çox istəyir ki, Azərbaycan qazını Avropaya çatdırsın və qitənin Rusiya qazından asılılığı nisbətən azalsın. Bu, Azərbaycanla yanaşı, Amerikanın da maraqlarına uyğundur.
Avropa Birliyinin komissarı Leyen Bakıda olarkən yeni saziş imzalandı və buna görə, Azəbaycandan Avropaya qaz nəqli iki dəfə artırılacaq. Bu tərəfdən də, Amerika çalışır ki, Qazaxıstan neftini Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına çatdırsın. Bu nöqtədə də Azərbaycanın önəmli yeri var. Bəli, bu yöndə ABŞ-la Azərbaycan arasında sıx əməkdaşlıq var. Hesab edirəm ki, Konqresin ermənipərəst mövqeyinə baxmayaraq, Amerikanın dövlət strukturlarının Azərbaycanla əməkdaşlığa ehtiyacları var. Bu belədirsə, onda Azərbaycanın maraqlarını da nəzərə almalıdırlar. Bunu etməyəcəksə, Amerika problemlərin həllində rol oynaya bilməyəcək, həm də Azərbaycanla əməkdaşlığa zərbə vurmuş olacaq ki, bunun da onun təhlükəsizlik maraqlarına cavab vermədiyini düşünürəm.
- Fransa Prezidenti Emmanuel Makron isə bildirir ki, Ermənistan Qarabağ məsələsinin həllində ona arxalana bilər. Fransanın burada nəsə edə biləcəyi bir şey varmı?
- Fransa proseslərə təsir etmək imkanlarına malik deyil. Əsas oyunçuları saydıq. Bölgədə dörd əsas oyunçu var: Rusiya, Avropa Birliyi, Türkiyə və ABŞ. Fransa elə də güclü oyunçu deyil. Fransanın Ermənistanla sıx əlaqələri ola bilər, amma Azərbaycan istəmədikdən sonra Paris burada heç nə edə bilməz. Əksinə, Fransanın ermənipərəst mövqeyi onun özünə zərbə vurur, Azərbaycanla münasibətlərinə kölgə salır. Düzdür, müharibədən sonra Makron ermənipərəst mövqeyinə bir qədər korrektə etməyə çalışdı, Bakıya da zənglər etdi, amma son olay Azərbaycanda Fransa əleyhinə olan mövqeləri gücləndirdi. Söhbət Parisdəki səfirliyimizə olan hücumdan gedir. Fransa səfirliyimizi qorumurdu. Düzdür, üzrxahlıq etdilər, amma Makronun bu cür açıqlamaları Fransa-Azərbaycan münasibətləri üçün yaxşı heç nə vəd etmir.
Fransanın bütün bu pozucu səylərinə baxmayaraq, hərbi ölkə ilə olduğu kimi, Azərbaycan onunla da əlaqələrini yüksək tutmağa çalışır. Bütün hallarda isə bilməliyik ki, Fransanın simpatiyası ermənilərədir.
- Son gəlişmələrə münasibətdə fəallıq göstərənlərdən biri də İrandır. İran da Ermənistana isti münasibətilə seçilir. Hətta ölkədə xaotik durumun yarandığı vaxtda İran parlamenti Ermənistan-Azərbaycan sərhədindəki gəlişmələrə dair xüsusi iclas keçirir, sərhədə qoşun yığır və s. İran nə etmək istəyir və ya nə edə bilər?
- İran deputatları, diplomatları, rəsmiləri Azərbaycanı hədələmək, Ermənistanı dəstəkləmək, hər dəfə “sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir” demək əvəzinə, öz daxilində baş verənlərə diqqət yetirsə, daha doğru olar. Bir qızın ölümü İranı təlatümə sürüklədi, bunun dərin səbəbləri var. İran bu haqda düşünməlidir. Təbriz və Ərdəbildə “Ədalət, milli hökumət!” şüarları səsləndirilir. Tehran bunun mənasını anlamalıdır. Mənası budur ki, İran rəsmiləri Azərbaycan əleyhinə hədələyici açıqlamalar verdikcə, bu, Güneydə yaşayan soydaşlarımızın hisslərinə toxunur. İran bunu nəzərə almalıdır. Amma nəzərə almayaraq, mənasız açıqlamalar verir, sərhədə qoşun yığır, deputatları parlamentdə Azərbaycan əleyhinə təhqiramiz fikirlər səsləndirirlər.
Demirəm, bu təlatüm İran rejimini yıxa bilər, amma bir gün bunun baş verməsi mümkündür. İran hakimiyyəti bunu nəzərə almalıdır. Azərbaycanın inkişafı İran hakimiyyətinin gözü götürmür və düşmənimiz Ermənistana dəstək verməkdə davam edir. Halbuki özünü “islam respublikası” adlandırır. Bu, İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir.
Biz qonşu olaraq İranla münasibətlərin normal olmasını, ortaq layihələrin reallaşmasını istəyirik. Amma hər dəfə bizi intirqaya çəkirlər, əleyhimizə təxribatçı açıqlamalar verirlər. Bir dəfə demədilər ki, gərək Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Torpaqlarımız otuz il işğalda olanda bunu dillərinə gətirmədilər. Amma müharibədən sonra hər gün bir fikri təkrarlayırlar: sərhədlərin dəyişdirilməsi bizim qırımızı xəttimizdir. Guya biz sərhədi dəyişdirmək - Zəngəzuru nəzarətə götürüb Ermənistan-İran sərhədini ortadan qaldırmaq istəyirik. Əlbəttə Zəngəzur bizim tarixi torpaqlarımızdır.
Əgər İran bunu istəmirsə, onda Ermənistana çağırış etsin ki, Azərbaycanla sülh sazişi imzala, onun ərazi bütövlüyünü tanı. Bu baş verəndən sonra bütün problemlər həllini tapacaq. İndi bunu demək əvəzinə, bizi hədələmək yolunu seçiblər. Amma bu, İrana yaxşı heç nə vəd etmir.
- Rusiyada qismən səfərbərlik elan edildi. Bu qərar Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək?
- Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edəndə Kreml sahibi Vladimir Putin düşünürdü ki, kiçik qüvvə ilə məsələni həll edəcək. Amma müharibənin yeddinci ayıdır, itkilər də çoxdur. Putin anladı ki, məsələ kiçik qüvvə ilə həll edilməyəcək. Hətta bir müddət muzdluları da köməyə çağırdılar, adını da “xüsusi əməliyyat” qoydular. Əslində səfərbərlik elan edilməklə “xüsusi əməliyyat nağılı”na son qoyuldu. Hansı “xüsusi əməliyyat”? 300 min insanı döyüşlərə cəlb etmək istəyirsən. Muzdlular gəlmədilər, çünki ölmək istəmədilər. Rusiyalı gənclər də ölmək istəmirlər.
Hesab edirəm ki, səfərbərlik çağırışı Rusiya cəmiyyətində etirazları artıracaq. Hələlik susurlar, amma mitinq elan edilib. Digər yandan, rus cəmiyyəti övladlarını mənasız yerə ölümə göndərmək istəmir. Bu, Rusiyanın müharibəsi deyil, Putinin şəxsi intriqasıdır.
Bu qərar Rusiya üçün ağır nəticələr verə bilər. Bu, Birinci Dünya Müharibəsindən əvvəlki duruma bənzəyir. Müharibə Almaniya Serbiyaya savaş açdıqdan sonra başlamışdı. Serb Qavrilo Prinsipin 1914-cü il iyunun 28-də Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinandı öldürməsi Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdı. Çar Nikolay da Serbiyaya dəstək adı altında bu müharibəyə qoşuldu, düşünürdü ki, qələbə qazanacaq. Amma məlum oldu ki, rus ordusu ağır durumdadır, geriləyir. Müharibə nəticəsində rus ordusu parçalandı, bolşeviklər hakimiyyəti ələ keçirdilər, imperiya dağıldı.
İndiki durum da Birinci Dünya Müharibəsindən əvvəlki situasiyanı xatırladır. Rusiya onun üçün mənasız müharibədə iştirak edir, on minlərlə gəncini, texnikalarının yarıdan çoxunu itirib, üstəgəl, boşluğu doldura bilmir. Vəziyyət o yerə çatıb ki, İran və Şimali Koreya kimi geridə qalmış ölkələrdən mərmi və dron alır. Qənaətimə görə, bu müharibənin gedişatı ağır nəticələrə səbəb olacaq. Rusiya özü üçün də yaxşı olmayacaq. İndi də Xerson, Luqansk, Zaporoje və Donetski Rusiyaya birləşdirmək üçün “referendum” keçirməyə hazırlaşırlar. Ukrayna bununla razılaşmayacaq. Bu isə o deməkdir ki, müharibə hələ uzun müddət davam edəcək.
- Rusiyanın məlum qərarından sonra müharibənin sərhədlərinin genişlənməsi mümkündürmü?
- Dediyim kimi, bu müharibənin ağır fəsadları ola bilər. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə zirvə toplantısı keçirildi. Putinlə kim görüşdüsə, hamısı xahiş etdi ki, müharibəni dayandırsın. Bunu ondan Türkiyə, Çin və Hindistan liderləri istədi. Putin belə bir təzyiqlə üzləşdi ki, müharibəni dayandırmaq vacibdir. Çünki müharibənin digər bölgələrə də mənfi təsirləri var. Məsələn, Çin-Tayvan münaqişəsinə. Bu istiqamətdə də vəziyyət gərgindir. Amerikanın bu səbəbdən Çinə artan təzyiqləri Pekin və Moskva arasında ittifaqın qurulmasına zəmin yaradır. Amma Çin Ukrayna müharibəsinə münasibətdə məsafə saxlamağa çalışır. Çünki Çin üçün ərazi bütövlüyü məsələsi önəmlidir.
Çin Rusiyanın tərəfdaşı olmasına baxmayaraq, Ukraynanın parçalanması ilə razılaşa bilməz. Çünki sabah belə bir problem Çin üçün də yarana bilər. Çində uyğurların yaşadıqları Şərqi Türküstan və Tibet kimi bölgələr var. Həmin bölgələr müstəqillik tələb edirlər. Çin bu gün Ukraynanın parçalanmasını dəstəkləsə, sabah özü eyni aqibətlə üzləşə bilər. Hindistan üçün də bu məsələ çox önəmlidir.
Bir sözlə, Rusiya-Ukrayna müharibəsi Asiyaya qədər uzana bilər. Hətta Serbiya Prezidenti Vuçiç açıq şəkildə bildirdi ki, vəziyyət elə bir yerə çatıb ki, Üçüncü Dünya Müharibəsi riski artır.