22 Sentyabr 2022 23:58
2 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Ermənistanın son təxribatları fonunda sülhə hələ də inam qalırmı? Azərbaycanla Ermənistan arasında 10 noyabr 2020-ci ildən sonra müxtəlif platformalarda əldə edilmiş razılaşmaların yenidən gündəmə gəlməsi ehtimalını necə dəyərləndirirsiniz?

- Bu gün hər kəs görür ki, bölgədə sülhə mane olan heç də Ermənistan deyil. Bu prosesə mane olan ABŞ və başqa Avropa dövlətləridir. Onlar Ermənistan üçün “ümid” yaradırlar ki, sülhə getmə biz problemləri həll edəcəyik. O zaman da sual yaranır ki, bunu necə həll etmək olar? Ermənistan tərəfi əslində bu və ya digər formada bununla bağlı açıqlama verdi. Amma ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər etdi və onları yenidən çaşdırmağa başladı. Ermənilərə də dedilər ki, narahat olmayın biz problemi həll edəcəyik.

- Onlar bunu necə həll edəcəklərini düşünürlər, Azərbaycanın bu dərəcədə üstün bir mövqedə olduğunu nəzərə alsaq?..

- Təbii ki, bu mümkün deyil! Digər tərəfdən də Azərbaycan özü məsələni həll edib. Onlar problemi həll etmiş olsaydılar, BMT Qətnamələrinin icrasını təmin edərdilər. Bununla da işğalçı ermənilər Azərbaycan ərazisindən çıxmış olardılar. Ona görə də bu məsələdə hər hansı bir şəkildə yanaşma üslubu əslində buna sövq edir. Eyni zamanda Ermənistanın özünün daxilində də qüvvələr artıq anlayırlar ki, sülhün alternativi yoxdur. Sülh olmayacaqsa, bizim üçün də heç bir məsələ yoxdur. Çünki biz öz sərhədlərimizdə dayanmışıq.

- Prezidentin Laçında sərhədlə bağlı vermiş olduğu mesajın real müstəvidə əhəmiyyətini necə dəyərləndirmək olar?

- Ölkə başçısı çox düzgün qeyd etdi. Aydındır ki, Ermənistan sərhəd xəttini müəyyən etmək istəmir. Biz bildiyimiz sərhəd də məhz buradır. Qarşı tərəf dəqiq sərhəd xətlərinin olmasını istəyirsə, bunu xəritələrlə müəyyənləşdirmək olar. Biz harada dayanmalıyıqsa, orada da duracağıq. Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. Ona görə də bu prinsip əslində çox dəqiq və tutarlıdır. Çünki tanınmayan sərhəd Ermənistanın sərhədi ola bilməz. Buna da heç kəs iddia edə bilməz ki onun sərhəddi haradan keçir. Kim sülhdən yanadırsa, ortaya iradə qoymalıdır. Əgər qarşı tərəf sərhədi tanımırsa biz də tanımayacayıq.

- Azərbaycanın arqumentlərinə qarşı tərəfin mövqeyi necə olar bilər?

- Bu məsələdə Azərbaycanın arqumentləri o dərəcədə sağlamdır ki, buna qarşı duruş gətirmək mümkün deyil. Məhz bu kursu da davam etdirməliyik. Bunun başqa alternativi də yoxdur. Bunun davamında kifayət qədər ciddi nəticə əldə edəcəyik.

- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəməsi ilə bağlı fikirlər var. Alternativ müdafiə mövqeyi üçün hansı tərəfə yön alacaqları gözlənilir?

- Bu ehtimal var. Əslində bu, Ermənistan üçün növbəti bir ayıb olacaq. Onun bu təşkilata nəyə daxil olduğu, nə üçün çıxdığı məsələləri açıq qalacaq. Ermənistan KTMT-dən çıxdıqdan sonra hansı yolu seçəcəyi bəlli deyil. Bunun Ermənistan üçün hansı dəyişikliklərə səbəb olacağı gözləntisi də mövcud deyil. Reallıq odur ki, Ermənistan özünün daxil olduğu təşkilatda heç kəs onu dəstəkləmədi. Hətta ümid etdikləri Rusiya belə onlara dəstək vermədi. Belə bir vəziyyətdə bir daha aydın olur ki, Ermənistanın özü doğru siyasət yürüdə bilmir. Artıq görünən mənzərə odur ki, Ermənistan hamı üçün baş ağrısına çevrilib. Ona görə də hamı ondan uzaqlaşır.

- ABŞ Rusiyanın nəzarətində olan bir ölkəni özünə çəkmək istəyir. Belə gərgin bir vaxtda bu addımı necə analiz etmək olar?

- Burada əslində özünə çəkmək kimi bir məsələ yoxdur. ABŞ-da bilir ki onu necə özünə çəkə bilər. Yəni əslində bu, Ermənistan üçün yeni faciələr yarada bilər. Vaxtilə ingilislər bunu fikirləşdilər, amma alınmadı. Bunun nəticəsində erməniləri kiçik toplum kimi Osmanlı İmperiyasına qarşı qızışdırmışdılar. Ermənilər Osmanlıya zərər vursalar da, bundan daha artıq zərəri də özləri gördülər. Mövcud olduqları ərazilərdən məhz satqınlığa, xəyanətə görə uzaqlaşdırıldılar. Ona görə də sağlam siyasət yürüdülmürsə, onun ziyanını ilk özün çəkməli olursan. Aqressiv siyasətin yekununda zərbə elə özünə dəyir. ABŞ-ın Ermənistanla bağlı siyasəti birmənalıdır. Burada sadəcə olaraq ayrı-ayrı fərdlərin “xal” toplamaq məsələsi var. Pelosini uzun illərdir ermənilərin ayırdığı qrantlarla yaşamış adamdır. O da buna qarşılıq olaraq gəlib Ermənsitanda “göz yaşı” tökür, cəfəng fikirlər səsləndirib onların xoşuna gəlməyə çalışır. Əslində isə o, Ermənistana böyük bir zərər vurub. Bu səfərdən sonra Ermənistanın Rusiya ilə münasibətləri daha da gərginləşib. Azərbaycanla olan məsələlərə olan ümidlər ortadan qaldırılıb. Türkiyə ilə münasibətlərdə olan ümidlərin üstündən xət çəkilib. Maraqlısı isə odur ki, Pelosi ilk dəfədir ki, İran əleyhinə bir kəlmə də fikir bildirməyib.


Müəllif: Tapdıq Qurbanlı