15 Oktyabr 2022 09:05
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- İran Azərbaycanla sərhədlərində 40 minlik qoşunla təlimlərə başlayır. Molla rejimi niyə xofludur? Məsələn, molla rejimi niyə terror qruplaşmalarına ev sahibliyi edən digər qonşuları – İraq və Əfqanıstandan yox, Azərbaycandan özünə qarşı “təhlükə” görür?

- İranın bu xofunun səbəbi Azərbaycanın uğurlarını həzm edə bilməməsi ilə bağlıdır. Azərbaycan müstəqillik qazandı, bu, onun üçün xof mənbəyinə çevrildi. Azərbaycan 44 günlük müharibədə böyük qələbə qazandı və ərazi bütövlüyünü təmin etdi, bu, yenə də mollaları xofa saldı. Eyni zamanda, son dövrlərdə Azərbaycan bölgədə beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində təşəbbüskar rolunda çıxış edir. Bundan başqa, bölgənin superdövlətinə çevrilməsi və beynəlxalq siyasətdə oynadığı effektli rol İran mollalarını qəzəbləndirir. Azərbaycanın Zəngəzur dəhlizinin açılması yönündəki səyləri də İran mollarının etirazına səbəb olur.

Zənnimcə, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın güclənməsi, bölgənin supergücünə çevrilməsi, dünya siyasətindəki oynadığı dinamik rol və yeni dünya düzəninin formalaşmasına töhfələri İranı ciddi narahatlıq hissi keçirməyə məcbur edir. Bu səbəbdən də Azərbaycana qarşı Ermənistana dəstək verir və ona hər cür kömək göstərir.

İrana açıq bildirmək lazımdır ki, Azərbaycanın Cənubda olan soydaşlarımıza təsir gücü böyükdür. Buradan elmi, mədəni və digər təsiredici amillərin ora yön almasından sonra İranda oyanış prosesi daha sürətlənə bilər. Cənubdakı soydaşlarımız öz hüquqlarını tələb etməyi yaxşı bilirlər. Bu da İranda müəyyən çətinliklərin yaranmasına səbəb olur. Molla güruhunu cin atına mindirən qorxulardan biri də Cənubla bağlıdır.

Molla rejimi nə qədər sərhədlərimiz yaxınlığında hərbi təlim keçirsə də, hərbə-zorba gəlsə də, öz ifadələrində qeyri-diplomatik və söyüş ritorikasına yer versələr də bunlar bizi zərrə qədər də tərəddüdə salmır. Çünki tutduğumuz yol haqq yoludur. Cənubdakı soydaşlarımız da bu yolumuzu müdafiə edirlər. İran səfeh fikrə düşsə, bunun altında özü boğulacaq.

- İran Azərbaycana hərbi müdaxiləyə cəsarət edə bilərmi?

- Məncə, buna cəsarət edə bilməz. İran indi ciddi daxili və xarici təzyiq altındadır. Beynəlxalq iqtisadi sanksiyaları, İsrail və ABŞ-ın ona qarşı nəzərdə tutduğu tədbirləri də nəzərə alsaq, İran bu basqıların altında əzilib bata bilər. İran Azərbaycana qarşı hansısa fikrə düşsə, bu, onun dağılmasına və parçalanmasına yol açacaq. Orada ayağa qalxacaq 40 milyonluq Azərbaycan xalqı molla güruhunun taxt-tacının altını üstünə çevirə bilər. Üstəgəl, Azərbaycanın güclü ordusu var. Belə olan halda Azərbaycan ordusu onlara lazım olan qulaqburmasını verəcək. Belə bir durumda qardaş Türkiyənin Azərbaycanın yanında dayanması da İranın molla rejiminə baha başa gələ bilər.

Bölgədəki Türkiyə-Azərbaycan-Pakistan birliyi, ittifaqı molla rejiminin ölkəmizə qarşı hansısa addım atmasına imkan verməz. Üstəgəl, İranın belə bir məntiqsiz addımı ABŞ, İsrail və Avropa Birliyini də hərəkətə gətirə bilər. İran beynəlxalq koalisiyanın zərbələri altında parça-parça olar. Ona görə də İran belə bir addım atmağa qətiyyən meyl edə bilməz.

- Molla rejiminin prezidenti İbrahim Rəisi növbəti dəfə “sərhədlərin dəyişdirilməsi”nə qarşı çıxacaqlarını dedi. Mollalar “sərhədlərin dəyişdirilməsi” deyəndə nəyi nəzərdə tuturlar? Məsələn, tez-tez ittiham etdikləri Azərbaycanın belə bir niyyəti varmı?

- Azərbaycanın qətiyyən belə bir niyyəti yoxdur. Biz sərhədlərin dəyişdirilməsini yox, bölgədə dayanıqlı və möhkəm sülhün bərqərar olmasını istəyirik. Ermənistanla da bu istiqamətdə sülh müqaviləsinin imzalanmasına çalışırıq. Əsas niyyətimiz budur. Avropa da, ABŞ da, hətta Rusiya da bu yöndə bizi dəstəkləyir. Bu yöndə təkfə xoflanan İranın molla güruhudur. Mollalar ciddi surətdə yanılırlar.

Sərhədlər müvafiq xəritələr üzrə müəyyənləşəcək. Bu prosesdə qarant dövlətlər var. Məsələn, Rusiya, Avropa Birliyi və s. Azərbaycan heç kimə qarşı ərazi iddiası irəli sürmür, sadəcə öz tarixi sərhədlərinin bərpa olunmasını istəyir. Buna da molla güruhundan başqa heç kim etiraz etmir. Biz heç kimin torpağına göz dikməmişik.

“Sərhədlərin dəyişdirilməsi” fikri mollaların xülyasıdır. Bu xülyaları da öz başlarında çatlayacaq.

- İranda molla rejimi əleyhinə etiraz aksiyaları davam edir. Sizcə, bu etirazlar necə nəticələnə bilər, prosesin hansısa mərhələsində kənar müdaxilələrlə daha da qızışa bilərmi?

- Bu hərəkat hələ uzun müddət davam edəcək. Hərəkat artıq molla rejiminin taxtını ciddi şəkildə laxladıb, buna görə də panika içindədir. Bu səbəbdən də etirazçılara qarşı ağır repressiya və cəza formaları tətbiq edir. Amma molla rejiminin xalq hərəkatını repressiyalarla və ağır cəzalarla yatırmaq niyyəti baş tutmayacaq.

Hesab edirəm ki, xaricdən ciddi dəstək olsa, baş verənlər İranda rejim dəyişikliyinə səbəb ola bilər. Bu mümkün dəyişikliyin də İranda dünyəvi siyasi sistemin qurulmasına səbəb ola biləcəyini düşünürəm. Bu, indiki rejimin hakimiyyəti ələ keçirdiyi 1979-cu ildən bəri İranda altıncı belə ümumxalq üsyanı və hərəkatıdır. Bu hərəkatın nəticə verəcəyinə inanıram. Rejimin aqoniya içində olduğunu görməmək də mümkün deyil. Bir sözlə, molla rejimi öz ömrünün son dövrünü yaşayır və siyasi səhnədən silinərək tarixin arxivinə atılmaq üzrədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər