Politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhəddə ağır texnika və canlı qüvvə yerləşdirməsi haqda məlumat yaydı. Bundan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı “yeni hərbi təcavüzə hazırlaşmaqda” ittiham etdi. Baş verənləri necə izah etmək olar?
- Gərginlik davam edir. Bu qədər görüşdən sonra ümid yaranmışdı ki, Ermənistan üzərinə düşəni edəcək, amma etmək istəmir. Sərhəddə gərginliyi davam etdirir. Amma bu fonda da mesaj verir ki, guya dəhlizlə bağlı addım atmağa, sülh sazişini imzalamağa hazırdır. Bu gediş ona gətirib çıxaracaq ki, sentyabrda olduğu kimi hərbi toqquşma ehtimalı artacaq. Halbuki ilin sonuna qədər sülh sazişinin imzalanacağı ilə bağlı müsbət fikirlər səsləndirilirdi. Avropa Birliyinin monitorinq qrupu da bölgədədir. Amma görünən budur ki, bütün bunlar Paşinyanın mövqeyində ciddi dəyişikliyə gətirib çıxarmır, irəli addım atmaq istəmir.
- Avropa Birliyi Ermənistanın Azərbaycanla sərhədinə müşahidə missiyası göndərir. Bu missiyadan gözləntiniz necədir: obyektiv olacaqlarmı, yoxsa aranı qarışdırmaq üçün Ermənistanın müdafiəsi ilə məşğul olacaqlar?
- Bu, heyətin necə formalaşdırılacağından asılı olacaq. Əvvəl də belə bir fikir söyləmişdim ki, əgər həmin heyətdə ermənipərəst dövlətlərdən daha çox nümayəndə olarsa, bu, bizim əleyhimizə də işləyə bilər. Məsələn, Fransanın mövqeyi bəllidir. Bu qrupun necə formalaşdırılacağını, hansı ölkələrdən ora ekspert cəlb ediləcəyini bilmirəm. Biz çalışmalıyıq ki, paritet əsasında formalaşsın. Düzdür, bu missiya Azərbaycanda fəaliyyət göstərməyəcək, amma həmin qrupda erməni lobbisinin təsiri altında olan şəxslər də yer alacaqsa, missiyanın hesabatlarında Azərbaycan əleyhinə təxribatçı cümlələr də olacaq.
Şarl Mişelin özü də prosesə nəzarət etməlidir. Çünki o, Avropa Birliyinin rəhbəridir və balanslı mövqedən çıxış edir, bu da Azərbaycanda yüksək qiymətləndirilir. Şarl Mişeldən tələb olunan budur ki, bölgəyə göndərdiyi missiyanın fəaliyyətinə nəzarət etsin, onu birtərəfli bəyanat və açıqlamalardan çəkindirsin.
- Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın və Zəngəzur dəhlizlərinin eyni statusda olmalı olduğunu açıqladı. İrəvan isə Zəngəzur yoluna dəhliz statusu verməkdə istəkli görünmür. Belə olan halda Azərbaycan Laçın dəhlizinin statusunu dəyişdirə, yəni həmin yolda nəzarət-keçid məntəqəsi qoya bilərmi?
- Biz bunu mütləq etməliyik, iki ildir bunu deyirəm. İndi də əlimizə güclü fürsət düşüb ki, bunu edək. Prezident İlham Əliyev də son çıxışlarından birində açıq formada dedi ki, Zəngəzurda nə olacaqsa, Laçında da o olacaq. Ermənistan rəhbərliyi Zəngəzur yoluna gömrük postu qoymaq istəyir. Belədirsə, onda bu Laçında niyə olmasın? Yolu da biz salmışıq, bizim büdcəmiz hesabına tikilib. Çavuşoğlu da bunu deyir.
Əlimiz güclənib, ona görə də vaxt itirmədən bu yöndə fəaliyyətimizi gücləndirməliyik və Laçın yolunda gömrük-sərhəd postu qoymalıyıq. Bundan sonra nə baş verəcək? Paşinyan bundan sonra sadəcə deyə bilər ki, Zəngəzurda da gömrük-sərhəd məntəqəsi olsun. Amma mən hesab edirəm ki, bizim üçün bu saat ən önəmlisi Laçın dəhlizini nəzarətə götürmək və Qarabağda qayda-qanun yaratmaqdır.
- Ermənistan mətbuatı Nikol Paşinyanla Qarabağ separatçıları arasındakı narazılıqdan yazır. Məlumata görə, Paşinyan separatçıların başçısı Araik Arutyunyana innən belə Qarabağla bağlı heç nə edə bilməyəcəyini bildirib və onu Xankəndiyə əliboş yola salıb. Bəs bununun izahı necə ola bilər: “heç nə edə bilməyəcəm” dedikdə Paşinyan nəyi nəzərdə tuta bilər?
- Mənim qənaətim budur ki, Paşinyan “Qarabağ yükü”nü daşıya bilmir. Çünki bunun xərci çoxdur. Ortada bir büdcə məsələsi var. Səhv etmirəmsə, Ermənistan büdcəsindən hər il Qarabağ üçün 200 milyon dollar ayrılırdı. Artıq Paşinyan bu pulu vermək istəmir. Paşinyan düşünür ki, əgər Qarabağa Ermənistan nəzarət etməyəcəksə, maliyyə yükünü o niyə daşımalıdır. Lap yaxşı, əgər bu yükü daşımaq istəmirsə, biz bu məsələni öz daxilimizdə həll etməliyik.
Qarabağ Azərbaycan ərazisidir, kommunikasiya xətləri bizim nəzarətimizdədir. Laçın yolunu da nəzarətə götürərək, Qarabağdakı erməni silahlılarının tərksilah edilməsi məsələsini həll etməliyik.
Araik Arutyunyan İrəvandan məmnun qayıtmayıb. Bir həftə az qala İrəvanda hamıyla görüşdü, amma ona konkret vədlər verilmədi. Verilə də bilməzdi, çünki Paşinyan və ətrafı açıq formada bildirir ki, sülh sazişində Qarabağla bağlı bir kəlmə də olmayacaq.
- Ermənistanın “bu yük”ü çiynindən atması xeyrimizədirmi, yəni bu halda Rusiya ilə üz-üzə qalmayacağıqmı?
- Əlbəttə xeyrimizədir, bizim ərazilərimizdən əl çəksinlər. Qarabağın onlara aidiyyəti yoxdur.
Rusiyaya gəldikdə, bəli, onunla həll ediləsi məsələlərimiz var. İki-üç il sonra Rusiya hərbçiləri Qarabağdan çıxamalıdır. Rusiya ilə Azərbaycan arasında hələlik bu baxımdan ciddi fikir toqquşması yoxdur. Amma Rusiyaya başa salmalıyıq ki, Ermənistanın orada hərbçiləri və silahlı separatçılar var. Məncə, bu məsələləri həll etmək iqtidarındayıq.
Paşinyan bu yükü daşımaq istəmirsə, əl çəksin. Zatən, İkinci Qarabağ Müharibəsindən sonra başqa çarəsi də yoxdur. Biz diqqətimizi Qarabağa yönəltməliyik, yerdə qalan məsələləri də həll etməliyik. Əlbəttə İkinci Qarabağ Müharibəsində böyük uğur qazandıq, amma bütün məsələləri tam həll etməmişik. Ərazilərimizdəki Ermənistan hərbçiləri və silahlı separatçılar tərksilah edilməli, Laçın yoluna və Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə nəzarət təmin olunmalıdır. Hesab edirəm ki, artıq bunun üçün də zaman yetişib.
- Bəs Azərbaycanla sərhədlərində hərbi təlimlərə başlayan İran nə etməyə çalışır?
- İran SSRİ dövründə sərhəddə hərbi təlimlər keçirməmişdi. Çünki İran SSRİ-dən çəkinirdi. Amma İkinci Qarabağ Müharibəsindən sonra İran üçüncü dəfədir Azərbaycanla sərhədlərində hərbi təlim keçirir. Əlbəttə hərbi təlim keçirmək hər bir ölkənin müstəsna hüququdur. Amma hərbi təlimlər məqsədli olur və kiməsə mesaj xarakteri daşıyır. İndi İran bu mesajı kimə verir? SEPAH-ın komandanı açıq şəkildə bildirib ki, “sionist rejimi”nə qarşıdır. “Sionist rejimi” dedikdə İsraili nəzərdə tuturlar. Bölgədə də İsrailin ən yaxın tərəfdaşı Azərbaycandır. Buna görə də İranın bu təlimlərə Azərbaycana xəbərdarlıq mesajı daşıyır.
İran heç bir nəticə əldə etməyəcək. İran belə mesajla bizi öz siyasətimizdən çəkindirə bilməyəcək: İsraillə əməkdaşlığı da davam etdirəcəyik, Zəngəzur dəhlizi fikrindən də əl çəkməyəcəyik. Yəni İranın bu kimi xəbərdarlıqları bizə təsir etmir.
İranın bu qədəer problemləri varkən, daxilində kütləvi etirazlar davam edərkən sərhəddə hərbi təlimlərin keçirilməsi sırf Azərbaycana qarşı yönəlib. Əlbəttə Azərbaycan İranın daxili işlərinə qarışmır. Amma İran münasibətləri korlamaqda davam etsə, biz cənubdakı soydaşlarımıza müəyyən dəstək vermək barədə düşünə bilərik. Bu günlərdə Azərbaycan və İran prezidentləri Astanda görüşdülər. Bu görüşdən dərhal sonra belə bir təlimin keçirilməsi İranın Azərbaycanla bağlı xoş olmayan niyyətindən xəbər verir.