24 Oktyabr 2022 19:51
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-nın son iclasının gərgin keçəcəyi ilə bağlı proqnozlar var idi. Bu gərginliyə səbəb nə idi?

- Birmənalı şəkildə AŞPA-nın son iclası olduqca gərgin keçdi. Erməni tərəfi cəbhədə, Azərbaycanla müharibədə tam məğlub olublar. Bu, artıq inkaredilməz bir faktdır. Bunu sübut etməyə ehtiyac yoxdur. İndiki halda Ermənistan tərəfi ondan-bundan silah alıb görüntü yaratmağa çalışsa da, bu, heç bir əhəmiyyət kəsb etmir. Çünki Ermənistan rəsmi şəkildə kapituliyasiya aktına imza atmış dövlətdir. İndiki mərhələdə isə Ermənistan sanki diplomatik müstəvidə bizə “müharibə” elan edib. Sadəcə olaraq Ermənistan tərəfindən bu “müharibə” çox hiyləgər bir şəkildə aparılır. Çünki bu, bəzi hallarda elan edilməmiş, bir çox hallarda isə açıq xarakterdə davam edir. Onların açıq “müharibə metodu” bizimlə danışıqlarda iştirak etmələri, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, paralel olaraq delimitasiya və demarkasiya ilə bağlı komissiyanın işində iştirakı ilə bağlıdır. Amma danışıqlar məkanını tərk edib İrəvana qayıdan kimi bu sözlərin, imza atdıqları sənədlərin inkarı ilə məşğul olurlar. Bununla yanaşı erməni diasporu tərəfindən Azərbaycana qarşı elan edilmiş bir “müharibə” aparılır. Yəni onlar bu “müharibəni” çox ciddi, düşünülmüş, planlaşdırılmış, öncədən hazırlanmış şəkildə aparırlar. Bununla bağlı Milli Məclisdə də məruzə etmişəm. Çünki erməni tərəfi Azərbaycanla şərti sərhəd xəttində böyük bir təxribat törətdi. Bunun qarşısında Azərbaycandan layiq olduqları zərbəni də almış oldular. Bu, birinci mərhələdə olan bir hal idi. İkinci mərhələdə onlar Avropa məkanında xüsusi ilə Qərb dünyasında şantaj xarakterli video və fotoları dövriyyəyə buraxmaqla məşğul oldular. Daha sonra isə məhz bu şantaj xarakterli əməllərdən istifadə edərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd etdilər.

Bundan sonra apardıqları işlər nəticəsində həmin beynəlxalq təşkilatlarda və ikitərəfli əlaqələrdə hansısa sənədlərin qəbul olunmasına nail olmağa səylər göstərdilər.

- Azərbaycan əleyhinə bir sıra absurd qətnamələrin qəbul edilməsini bu kampaniyanın tərkib hissəsi kimi qəbul etmək olarmı?

- Bəli, ölkəmiz əleyhinə qəbul edilən bir sıra məntiqsiz qərarlar, bəyanatlar, qətnamələr məhz bu xarakerli idi. Ermənilər bunların hamısından istifadə edərək aparılan danışıqlarda özlərinə hansısa bir dividentlər, üstünlük əldə etmək cəhdlərini gündəmə gətirdilər. Bu, öncədən düşünülmüş, planlaşdırılmış bir addım idi. Döyüş meydanında uduzan Ermənistan diplomatik səviyyədə özünü göstərməyə çalışır. Burada da o, erməni diasporuna arxalanır. Həmçinin onları dəstəkləyən ölkələr də var. Ermənistan bu gün elə bir görüntü yaratmağa çalışır ki, guya döyüş meydanında ona silah vermədilər, ona görə də, məğlub oldular və bu məğlubiyyət ölkəni bataqlığa sürükləyir. Amma erməni diasporu onlar üçün son ümid yeri kimi qalır.

- Belə olduğu halda Qərbin Ermənistana dəstəyini necə başa düşmək olar?

- Bu gün Qərb məhz Ermənistana dəstək fonunda Azərbaycana mümkün qədər təzyiq göstərməyi düşünür. Ermənilərin uzun müddət düşünüb hazırlamağa çalışdığı plan məhz bu idi. Beynəlxalq səviyyədə biz bunu hiss edirdik. Bu nöqteyi-nəzərdən onlar üçün əlverişli məkan kimi məhz AŞPA seçilib. Çünki Avropa Birliyi artıq Praqa prosesini üstün tutur. ATƏT isə artıq başa düşür ki, Minsk Qrupu məsələsini gündəmə gətirdikdə Azərbaycandan sərt təpki alacaq. BMT-də də bu istiqamətdə bir cəhd edildi. Amma burada nəticə əldə edə bilmədilər. BMT-də konsensus, Təhlükəsizlik Şurası, böyük maraqlar, güclü dövlətlər var. Ona görə də, erməni lobbisi özləri üçün ən optimal məkan olaraq Avropa Şurasını seçib. Düşünüblər ki, AŞPA-da hansısa bir sənədi əldə etmək onların əlindədir. Bu təbii ki, onların məntiqidir. Sözsüz ki, onlara dəstək verən qüvvələrin olduğuna da əmindirlər.

Çünki prosesdə Fransa da olacaq. Bu ölkə isə Ermənistanı açıq şəkildə dəstəkləyir. Belə olan halda erməni lobbisi AŞPA-da hansısa bir sənədin qəbul edilməsinə nail olacağına əmin idi. Eyni zamanda bu sənədləri öz istədikləri tərzdə yazacaqlarını düşünürdülər. Bu sənədin də adını elə qoyacaqdılar ki, hamı bununla tanış olanda absurd da olsa heyrətlənsin. Xüsusi ilə də bu məsələ ilə bağlı erməni lobbisi hansısa bir məruzəçinin təyin edilməsinə və daha sonra prosesi təqib edəcəklərini planlaşdırırdılar. Daha sonra isə şantaj yolu ilə nəyəsə nail olmağı hədəfləyirdilər. Bunun ardınca da əldə edilən absurd sənədin davamı kimi başqa beynəlxalq təşkilatlara təyiq göstərmək də planlarında var idi. Məhz AŞPA-nın son sessiyasında gedən proseslər bu hallarla müşahidə edilirdi.

- Azərbaycan tərəfinin bu hallara adekvat cavabı nədən ibarət oldu?

- Biz də, sözsüz ki, bu halların olacağını öncədən bilirdik. Buna qarşı öncədən hazırlıqlarımızı aparırdıq. Məhz bu adekvat reaksiyamızın və mövqeyimizin nəticəsi olaraq bu mərhələdə erməni lobbisi AŞPA-da heç nəyə nail ola bilmədi. Bütün cəhdlərinin qarşısını qətiyyətlə kəsdik. Heç bir sənədin qəbul edilməsinə imkan vermədik. Onların istəyi o idi ki, müzakirə tərzi elə aparılsın və bunun əsasında hansısa bir sənəd qəbul edilsin. Sadəcə olaraq qoymadıq. Onlar çıxış etdi. Biz də adekvat olaraq sərt mövqeyimizi ortaya qoyduq.

- Erməni tərəfinin daha sonra prosesin istiqamətini dəyişmək cəhdləri müşahidə edilib. Bu, necə baş verib?

- AŞPA-da olan erməni lobbisi və onların tərəfdarları gördü ki, burada hansısa bir sənədin qəbulu artıq mümkün deyil. Beləliklə başqa yollara “əl atmağa” başladılar. Bundan sonra onlar AŞPA-da müzakirələrin adını erməniləşdirmək istədilər. Düşündülər ki, bu yolla ermənilərin maraqlarını əks etdirməyə nail olsunlar. Amma bu da alınmadı. Sadəcə olaraq Ermənistan-Azərbaycan arasında toqquşmalar və sivil insanların insanların, infrastrukturun hər iki tərəfdən dağıdılmasını ehtiva edən bir müzakirə təşkil edildi. Əslində bu, AŞPA üçün normal bir haldır.

- Məruzəçinin təyin edilməsi ilə bağlı edilən təşəbbüslər necə alt-üst oldu?

- Onların çalışdılar ki, məruzəçi təyin etsinlər ki, o, AŞPA tərzində ora-bura gedə bilsin. Ermənilər də bunu bir sıra ünvanlarda təqdim etməyə başlasın. Məhz bu şəxs də sonradan ayrıca böyük bir məruzə yazsın. Daha sonra isə bu məruzənin ayrıca bir bəyanat kimi təqdim edilməsi mümkün olsun. Amma Azərbaycan tərəfi məruzəçinin də təyin edilməsinə imkan vermədi. Çünki Praqa prosesi başlayıb. Onlar Praqa prosesinə məruzəçinin təyin edilməsi ilə ciddi zərbə vuracaqdılar. Bu istiqamətdə arqumentlər güclü oldu və onlar geri çəkildilər. Əslində buna məcbur oldular. Eyni zamanda unutmaq olmaz ki, AŞPA yalnız ermənilərdən ibarət deyil. Burada düşünən insanlar az deyil. Məhz bu nöqteyi-nəzərdən AŞPA-nın bu sessiyası olduqca gərgin keçdi. Amma biz erməniləri istədiyi məqsədə çatmağa qoymadıq. Sadəcə olaraq Ermənistan üzrə hansısa bir məruzəçinin bəyanatını verdilər. Bu da əhəmiyyətsiz idi. Ermənistan üzrə olan məruzəçilər sözsüz ki, məsələyə qeyri-obyektiv yanaşırlar. Çalışırlar ki, hansısa sənəd üçün imza topalsınlar, bunun üçün ona-buna yalvarsınlar.

- Belə olan halda AŞPA-nın bir struktur kimi mövqeyi necə formalaşdı?

- Onların çalışdığı məhz o idi ki, AŞPA-nın mövqeyini bu istiqamətdə formalaşdırsınlar. Amma Azərbaycan tərəfi olaraq biz buna da imkan vermədik. Aydındır ki, AŞPA-da proseslərin gedişində hər şeyi başa düşür. Sözsüz ki, onlar da bu siyasətlərindən əl çəkməyəcəklər. Buna əsla inanmaq olmaz. Məqsədləri bu istiqamətdə olan işlərini davam etdirməkdir. Biz də öz növbəmizdə bu istiqamətdə ardıcıl olaraq işləməliyik.

- İndiki mərhələdə erməni tərəfinin informasiya və diplomatiya müstəvisində apardığı təbliğatın mahiyyətində əsas hədəf nədir?

- Burada hətta Ermənistanın özünün maraqlarına zidd olan, zərər vuran addımlar atmağa da hazırdırlar. Düşünürlər ki, bu addımlar özlərinə zərbə vurduğu halda Azərbaycana da zərbə vursun. Yəni onlar öz dövlətçiliyini belə itirməyə hazırdırlar ki, təki münaqişə davam etsin, Azərbaycana hansısa bir formada zərbə vurulsun, bunun davamında regionda sülh, sabitlik olmasın. Onların istəyi məhz budur. Çünki onlar müharibədən, münaqişədən qazanırlar. Sülh sanki onlar üçün “ölüm” deməkdir. Faciə də bundan ibarətdir. Azərbaycanın çalışdığı odur ki, sülh olsun, hamı rahat yaşasın. Bunlar isə müharibə axtarırlar ki, “yaşasınlar”. Görünür onların yaşam fəlsəfəsi tamam başqadır. Erməni diasporasına xeyir faciədən, toqquşmadan, münaqişələrdən gəlir. Bütün bu iyrənc addımlara qarşı sözsüz ki, daha da güclü olmalıyıq. Dövlət başçısının apardığı siyasət ətrafında daha sıx birləşmək lazımdır. Milli Məclisdə də bu fikirləri bir da səsləndirdik ki, bu gün iqtidar-müxalifət, müstəqil millət vəkilləri, hər kəs bir amal uğrunda daha sıx biləşməlidir. Çünki II Qarabağ müharibəsindən sonra faktiki III Qarabağ müharibəsi ermənilər tərəfindən informasiya və diplomatiya səviyyəsində aparılır. Sözsüz ki, bu cəbhədə də uduzacaqlar. Amma bu, çox çətin və mürrəkkəb bir məsələdir. Buna qarşı bizim gücümüz və imkanlarımız da mövcuddur. Bütün hallarda bu, mübarizə yox, açıq bir müharibədir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər