Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun Baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayaraq xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verdiyi açıqladı. Birinci xanım tərəfindən UNESCO-nun . Sözsüz ki, Azərbaycanla UNESCO-nun əmkədaşlığın, münasibətlərin daha da dərinləşməsində ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın müstəsna xidmətləri var. Mehriban xanım təkcə, Azəbaycanın maddi-mənəvi irsinin tanıdılması deyil, həm də dünya mədəni irsinin qorunması və bərpa olunması sahəsində mühüm töhfələr verib.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor qeyd edib ki, Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müsəlman tarixi-dini abidələri, məscidləri ilə yanaşı xristian dini abidələri, məbədləri təmir edilib və bərpa olunub: “Müxtəlif illərdə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Marçellinio və Pietro katakombaları, Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi, Strasburq kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərə şəbəkəsi, Fransanın Versal sarayında və parkında iki abidə bərpa olunub. Fond Luvr Muzeyində aparılan bərpa işlərinə, Strasburqun “Notr-Dam” kilsəsinin təmir-bərpasına maliyyə vəsaiti ayırıb. Həmçinin II Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası üçün ianə kampaniyasına maliyyə yardımı edilib. Bütün bunlar həyata keçirilən layihələrin bir qismidir”.
Millət vəkili hesab edir ki, UNESCO ilə əlaqələrin inkişafına, təşkilatın dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunmasına dəstək göstərilməsinə baxmayaraq, YUNESKO Azərbaycanın çağırışlarına cavab verməyib: “Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi cinayətlər, vandalizm haqqında davamlı olaraq UNESCO-ya məlumat verilməsinə baxmayaraq, son 30 il ərzində bu təşkilat Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi üçün heç bir missiya göndərməyib. Faktiki olaraq, UNESCO bu illər ərzində İslam irsinin, Azərbaycan mədəniyyətinin yer üzündən silinməsini sakitcə izləyib”.
Komitə sədrinə görə, Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra Ermənistanın yalançı, heç bir həqiqəti əks etdirməyən iddiaları və UNESCO-nun buna olan münasibəti isə sadəcə olaraq təəccüblü idi: “Bu, açıq şəkildə ikili standartların bariz nümunəsi və riyakarlıq hesab edilir. Həmçinin Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə münasibətini bildirib. Ölkə başçısı qeyd edib ki, “Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.
Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırmasından daha çox bu təşkilat itirdi.