18 Noyabr 2022 15:26
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamı tarixi əhəmiyyət kəsb edir. Sərəncam öz əhəmiyyətinə görə, son illərin ən vacib proqramlarından biridir. Burada məhz böyük qayıdışdan bəhs edilir. Çünki işğaldan azad edilmiş ərazilərin məskunlaşması kompleks şəkildə həyata keçiriləcək. Əslində bunun I Dövlət Proqramı olması onu göstərir ki, proses davamlı olacaq. Digər tərəfdən burada artıq Qarabağ və Şərqi Zəngəzurda görülən infrastruktur layihələrinin davamı, məskunlaşma, məşğulluq, sosial adaptasiya, inteqrasiya və sair məsələlər öz həllini tapacaq. Bir sözlə, regionun sosial-iqtisadi inkişafına gətirib çıxaracaq.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O hesab edir ki, bu, kompleks proqramdır: “Demək olar ki, burada 30-a yaxın dövlət müəssisəsi, nazirliklər, komitələr, agentliklər, bununla yanaşı dövlət-özəl təşkilatların əməkdaşlığı və xarici investorlar üçün də açıq imkanlar mövcuddur. Burada dövlət investisiyaları ilə yanaşı özəl fondların, sahibkarların, Azərbaycana dost olan dövlətlərin də partnyor əməkdaşlığına geniş yer veriləcək. İşlərin mərhələli şəkildə görülməsi nəzərdə tutulur. Təxminən 4 il müddətinə bu proqram icra olunacaq. 2026-cı ilin sonuna kimi proqramın icrası nəzərdə tutulub. Proqramın ayrı-ayrı bəndlərinin icra müddətləri də aydın göstərilib. Bu da konkret bir mahiyyət kəsb edir. Çünki məhz bu mexanizmlə görülən işin icrası və vəziyyətinə nəzarət olunacaq. Bu prosesdə icraya məsul idarə və təşkilatlar, hüquqi şəxslər aydın göstərilir”.

“Hər bir bölgənin coğrafi, tarixi, ənənəvi xüsusiyyətləri nəzərə alınacaq”

Komitə sədrinə görə, hansı bölgədə görüləcək işlərin prioriteti, necə müəyyənləşməsi həmin ərazinin coğrafi, tarixi, ənənəvi xüsusiyyətləri, istehlak və bazar imkanlarına əsaslanacaq: “Misal üçün Kəlbəcər zonasında isti, mineral bulaqlar kimi tibbi imkanlarımız varsa, burada turizm, eyni zamanda müalicəvi turizmin imkanları üstünlük təşkil edəcək. Eyni zamanda bu bölgədə olan qızıl yataqları hesabına hasilat sənayesinin yaradılması daha realdır. Ağdamda isə ənənəvi olaraq kənd təsərrüfatı, emal sənayesinin imkanları üçün münbit şərait mövcuddur. Şuşa ölkəmizin mədəniyyət mərkəzi olmasına baxmayaraq burada da tuzim imkanları, onun qlobal miqyasda imkanlarının genişləndirilməsi daha perspektivlidir. Eləcə də Zəngilan, Cəbrayılın. Füzulinin özünün təbii-coğrafi xüsusiyyətləri mövcuddur”.

“Xankədiyə 2025-ci ildə qaz xəttinin çəkilməsinin məhz bu Dövlət Proqramına salınması ...”

Millət vəkili bildirib ki, ərazilərdə məskunlaşma ilə yanaşı, sosial infrastrukturun qurulması, məşğulluq imkanlarının araşdırılması və insanların daimi olaraq məşğulluğu üçün mövcud şərait yaradılmalıdır: “Bu imkanlar olmasa, insanların bölgədə yaşaması bir qədər çətinləşə bilər. Ona görə də, peşə hazırlığı ixtisaslarının aparılması, bu əraziyə gedəcək kadrların hazırlanması da bu məsələlər içərisində öz əksini tapacaq. Qaz, işıq, su və digər zəruri kommunal imkanlar yaradılacaq, yol infrastrukturu artıq formalaşır. Bununla yanaşı həmin bölgədə olan yaşayış məntəqələrini birləşdirən yolların bərpası da vacibdir. Xankədiyə 2025-ci ildə qaz xəttinin çəkilməsinin də məhz bu dövlət proqramına salınması vacib addımdır. Burada Xankəndi və digər erməni əsilli insanların yaşadıqları ərazilərin də abadlaşdırılması, məskunlaşma, sosial məşğulluq və sair kimi məsələlərin də icrası reallaşacaq. Azərbaycan bu məsələləri də əməli şəkildə icra edəcəyini öz üzərinə götürüb. Sözsüz ki, icra ediləcək bütün işlər dövlət başçısının nəzarətində olacaq. Burada istər əlaqələndirmə komitəsi, istərsə də Nazirlər Kabineti bu işə nəzarət edərək ildə iki dəfədən az olmayaraq prezidentə məlumat veriləcək. Sözsüz ki, dövlət rəhbərinin iş prinsipi hər kəsə bəllidir. Qarabağ işğaldan azad olunduğu iki ildə ölkə başçısı 40 dəfədən çox o bölgələrə səfər edib. Ona görə də, bu proqramın icrası da dövlət başçısının birbaşa nəzarətində olacaq”.

“Bölgədə çalışanlar üçün əlavə imtiyazlar və güzəştlər olacaq”

Deputat vurğulayıb ki, bu proqramda hamılıqla iştirak önəmlidir: “Çünki bu proqramın icrası ilə bağlı işçi qüvvəsi, mütəxəssislər tələb olunacaq. Bunun da həyata keçirilməsi ilə bağlı artıq 2023-ci büdcə zərfinin içərisində bir neçə qanuna dəyişiklik edilməsi tövsiyə olunub. Milli Məclisin bugünkü iclasında həmin məsələlərə baxılacaq. Bu qanun layihəsində həmin bölgələrdə işləyən mütəxəssislərə və yaxud sahibkarlara, hüquqi şəxslərə vergi və gömrük güzəştləri ilə bağlı olacaq. Eyni zamanda orada çalışacaq mütəxəssislər üçün sosial güzəştlər və imtiyazlar müəyyənləşəcək. Əmək Məcəlləsinə dəyişiklik edilir. İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis anlayışı Əmək Məcəlləsinə gətirilir. Bu mütəxəssislərə özünün əsas məzuniyyət günündən başqa ildə 5 gün əlavə məzuniyyət veriləcək. Eyni zamanda onlara ölkəmizdə ağır və təhlükəli işlərdə işləyənlər, o cümlədən, iqlim şəraitinə görə çətin şəritdə çalışan vətəndaşlarımız üçün nəzərdə tutulan əmək haqqına da əlavələr müəyyənləşəcək”.

“10 il müddətində burada çalışan insanlar sığorta ödənişindən azad olunacaq”

Musa Quliyev bu ərazilərdə çalışan şəxlər üçün digər bir amilin sığorta güzəştləri ilə bağlı olduğunu söyləyib: “Onların sığorta haqqı dövlət tərəfindən subsidiyalaşdırılacaq. 10 il müddətində burada çalışan insanlar sığorta ödənişindən azad olunacaq. "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik ediləcək. Bununla da 5 il müddətində o bölgədə işləyən bütün vətəndaşlarımız, mütəxəssislərimiz əlavə olaraq birdəfəlik sosial müavinət alacaqlar. Bununla da həmin insanlar o bölgədə özlərinin sosial şəraitlərini yaxşılaşdırmağa imkan qazanacaqlar. Bütün bunlar kompleks şəkildə həyata keçirilir. Ölkəmizin niyyəti ortadadır. Bu işlərin nəticəsi olaraq orada tikiləcək evlərə və mənzillərə 40 minə yaxın ailənin köçürülməsi mümkün olacaq”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı