31 Dekabr 2022 19:43
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mahiyyət etibarilə Fransanın özü təcavüzkar, işğalçı və separatçıdır”.

Bunu Teleqraf.com-a BMT Təhlükəsizlik Şurasında Fransanın Azərbaycan əleyhinə yönəlmiş təşəbbüsünün rədd edilməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat qeyd edib ki, Fransanın BMT TŞ-da rüsvayçı məğlubiyyəti Azərbaycanın növbəti parlaq diplomatik qələbəsidir:

“Dekabrın 20-si və 21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırdı. Hesab edirəm ki, bu, aşkar şəkildə ikili yanaşma nümayişidir. Fransanın mövqeyi bizə bəllidir. Fransa Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı dövr ərzində təcavüzkarı, işğalçını dəstəkləyib. Mahiyyət etibarilə Fransanın özü də təcavüzkar, işğalçı və separatçıdır. Azərbaycanın ərazi bütövlüyünə Fransanın həmişə hörmətsizliyini görmüşük.

Vaxtı ilə Fransa Azərbaycan ərazisində qondarma rejimlə, separatçılarla qardaşlıq razılaşması da imzalamışdı. Azərbaycanın sərt reaksiyasından sonra bu razılaşmalar qüvvəsini itirdi.

Fransa bizim düşmənimizin yanındadır. Bunu sübut etmək üçün əlavə dəlilə və arqumentlərə ehtiyac yoxdur. Fransanın dəstəyi ilə bu ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edildi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Bu, növbəti riyakar addımdır.

Gec-tez haqq öz yerini tapdı. Fransa BMT TŞ-nın daimi üzvüdür və Şurada sədrlik də həyata keçirir. Bütün bu üstün mövqelərinə baxmayaraq Fransa riyakar, qərəzli sənədi qəbul etdirə bilmədi.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, sənəd müzakirəyə çıxarılana qədər ciddi dəyişikliklər edildi. Orada olmayan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Hesab edirəm ki, bu, Azərbaycanın növbəti mühüm diplomatik qələbəsidir”.

Elşad Mirbəşiroğlu Azərbaycanın dünya dövlətləri üçün önəmli tərəfdaş olduğuna da diqqət çəkib: “20-21 dekabr müzakirələrində Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış edərək haqq-ədaləti dəstəklədilər.

Hər mənada böyük potensiala malik olan Azərbaycan müasir mərhələdə müxtəlif sahədə etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sırası davamlı olaraq genişlənir. Keçmiş münaqişə dövründə Azərbaycan təcavüzə, işğala məruz qalmış tərəf idi. Azərbaycan bunu dünya ictimaiyyətinin alt şüuruna yeridə bildi. Bu da bizim mühüm tarixi qələbəmizdir”.

Analitik hesab edir ki, BMT konyuktur bir təşkilat olduğunu nümayiş etdirir: “Çünki 30 il müddətində Azərbaycan torpaqları işğal altında qaldı, xalqımıza qarşı terror aktları həyata keçirildi. Ölkə ərazisində dəfələrlə hərbi təxribatlar törədildi. Bu günə qədər Azərbaycanın təbii sərvətləri qeyri-qanuni mənimsənilir.

BMT TŞ-da 1993-cü ildə qəbul edilmiş 4 qətnamənin olmasına baxmayaraq, bu 30 il müddətində Ermənistanın işğalçı, təcavüzkar davranışları ilə bağlı bir dəfə də müzakirə açmadı. Bu, BMT-nin bir təşkilat olaraq nə dərəcədə deqradasiyaya uğradığını göstərir. Bütövlükdə bu, çox təhlükəli nəticələrə gətirib çıxaracaq neqativ president təqdim edir.

Ermənistanın Fransa ilə birləşərək Azərbaycana yeni bir siyasi, diplomatik cəbhə açma cəhdləri fiaskoya uğradı. Hesab edirəm ki, bu, həm ermənilərə, həm də Fransaya bir dərs olacaq.

Ermənilər növbəti dəfə öz xəyanətkar xislətlərini nümayiş etdirdilər. Bütün hallarda regiona Fransanın vasitəsilə kənar güclərin cəlb olunmasına çalışmaqla özünün müttəfiqi olan Rusiyaya qarşı aşkar xəyanətdir. Təbii ki, bu cür addımlar Ermənistana çox baha başa gələcək. Azərbaycan isə həmişə olduğu kimi, öz milli maraqlarını inamla müdafiə edəcək, haqlı mövqeyini qoruyacaq və gücləndirəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər