26 Yanvar 2023 09:14
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Avropanın bir sıra ölkələrində İslamın müqəddəs kitabı Quranın yandırılması və ya cırılması “trend”i var. Sizcə, bu, nə ilə əlaqəli ola bilər?

- Bu, indinin məsələsi deyil, uzun illərdir Avropada belədir. Avropanın bir islamofob yanaşması var. Avropanı da monolit, birfikirli bir cameə olaraq düşünmək yanlışdır. Çünki ən zərərli ideoloji cərəyanlar da Avropadan çıxır. Məsələn, faşizm harada yarandı? Avropada, Avstriya, İtaliya və Almaniyada, yəni qitənin tam mərkəzində. Bu, milyonlarla insanın qətlinə səbəb oldu. Səlib yürüşlərindən bəri Avropada İslama qarşı düşmənçilik var. Bu, dönəm-dönəm özünü göstərir.

Avropalılar Türkiyəni İslam dünyasının simvolu, Osmanlının varisi kimi görürlər. Ona görə də, İsveçdə Quranı Türkiyə səfirliyinin önündə yandırdılar. Nə Pakistan, nə Səudiyyə Ərəbistanı, nə İndoneziya yox, məhz Türkiyə səfirliyinin qarşısında bu çirkin əməli törətdilər. Çünki Avropada Türk-İslam dünyasının inkişafına qarşı bir nifrət var. Bu, açıq şəkildə görünür. Həm türk, həm də müsəlman dünyasının təmsilçisi olan Türkiyənin yüksəlişini Avropada birmənalı qarşılamırlar.

- Seçki yaxınlaşdıqca Türkiyə hökumətinə (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğana kənar təzyiqlər artır. Sizcə, AKP və Ərdoğan bu təzyiqləri öz lehinə çevirə biləcəkmi?

- Ərdoğan iyirmi ildən artıqdır ki, hakimiyyətdədir. Yəni Avropanın ona qarşı təxribatlarına immuniteti var, dözümlülüyü yaranıb. Ərdoğan onların dilini, onlarla mübarizənin metodunu bilir. Hətta bu təxribatlarını özlərinə qarşı yönəltməyi və bundan divident qazanmağı öyrənib. Ona görə də Avropanın və ya Qərbin Ərdoğan və Türkiyəyə qarşı hücumları əks nəticə verəcək. Ərdoğan metodları bildiyi üçün bu hücumları öz xeyrinə çevirə biləcək. Hücumlar nə qədər çoxalsa, Ərdoğan bundan bir o qədər çox divident götürəcək.

Bir sözlə, Qərbin təzyiq və hücumlarının AKP və Ərdoğanın xeyrinə olacağını düşünürəm. Çünki həm türk xalqı, həm də siyasi cameəsi bilir ki, Qərbin üzərinə getdiyi adam Türkiyənin maraqlarına cavab verir. Ona görə də bu təzyiq və hücumların Ərdoğan və AKP-yə zərər verəcəyini düşünmürəm. Əksinə, ağılları olsaydı, prosesə qarışmazdılar. Bilməlidirlər ki, hücum edəcəklərsə, Ərdoğan və AKP bunu öz xeyirlərinə döndərməyi baracaq.

- Bir sıra Qərb dövlətlərindən, eləcə də ABŞ-dan müxalifətin gələcək namizədinə dəstək çağırışları da var. ABŞ prezidentinin keçmiş müşaviri Con Boltonun bu yöndəki çağırışı isə ən sərti oldu. Qərbdən müxalifətin mümkün namizədinə veriləcək dəstək prosesə necə təsir göstərə bilər?

- Bayden hələ prezident seçilməmişdən əvvəl demişdi ki, seçkilərdə Ərdoğanın hakimiyyətdən getməsi üçün müxalifətə dəstək verəcək. Bu, birbaşa Baydenin ağzından çıxmış ifadədir. Fransa və Makronun da AKP və Ərdoğana münasibəti bəllidir. Avropanın digər ölkələri də Ərdoğanı istəmirlər. Ona görə də rəqibi kim olur-olsun, ona dəstək verəcəklər. Hətta bir az da həyasızlaşsalar, gəlib onların mitinqlərində belə dəstək verə bilərlər. Amma bu, etik deyil. ABŞ kimi Türkiyə də kənar ölkələrin seçkilərə müdaxilələrini qəbul etmir. Məsələn, Trampın dönəmi seçkilərdə Rusiyanın ona dəstək verməsi müzakirələri ilə keçdi. Onda adama deyərlər ki, əgər Rusiyanın belə bir müdaxiləsini istəmirsinizsə, siz də başqalarının seçimlərinə müdaxilə etməyin.

Təbii ki, Qərbdən müxalifətə dəstək olacaq, bunun ona xeyrinin olacağını düşünmürəm.

- Bəs Qərb niyə Ərdoğanı hakimiyyətdə görmək istəmir?

- Çünki Ərdoğan Türkiyənin geosiyasi oyunçu və aktor kimi nəinki Avropa, dünya səhnəsinə çıxardı və bunu davam etdirir. Təsəvvür edin ki, siyasi səhnəyə yeni oyunçu gəlir və onun öz şərtləri, qaydaları, mövqeyi və tələbləri var. Qərb də bu günə qədər formalaşmış və oturuşmuş standart və dəyərlərinin pozulmasını, Türkiyəni yeni oyunçu kimi qəbul etmək istəmir. Qərb Türkiyəni özünə tabe olan bir dövlət kimi görmək istəyir. Qərb isə görür ki, Ərdoğan buna imkan vermir. Məsələn, indi Ərdoğan desə ki, NATO-ya tabe oluram, Avropa Birliyini gördüyüm işlərdə rəhbər tutacam, onda görün, Ərdoğanı dəstəkləyirlər, ya yox?!

Ərdoğan müstəqil siyasət yürütdüyü üçün onu Qərbdə istəmirlər. Ümumiyyətlə, kim müstəqil siyasət yürütmək istəyirsə, dünyanın formalaşmış düzəninə qarşı çıxmaq istəyirsə, onun əleyhinə çıxırlar. Məsələn, Venesuela lideri Maduro, Pakistanın keçmiş baş naziri İmran Xana baxın. Yəni “dünyanın ağaları” müstəqil siyasət yürütmək istəyən istənilən şəxsə bunun üçün imkan vermək istəmirlər. Həmin qüvvələr formalaşmış dünya düzənində yeni oyunçu istəmirlər.

- Sizcə, müxalifətin “Altılıq” bloku Prezident Ərdoğanın qarşısına kimi çıxaracaq?

- Kimin çıxarılacağı önəmli deyil, zatən, Türkiyədə formalaşmış bir müxalifət cameəsi var. İndi bu cameədən namizəd kim olur-olsun, ona səs verəcəklər. Sonuncu seçkilərdə Əkmələddin İhsanoğlu və Məhərrəm İncə iştirak etmişdi. Həmin cameənin elektoratı niyə onlara səs verdilər? Həmin cameənin məntiqinə görə, kim olur-olsun, təki Ərdoğanın əleyhinə olsun.

İndi müxalifətin özü də bilir ki, Ərdoğanın qarşısında şansı yoxdur. Hər halda blokda təmsil olunan siyasi partiyaların liderləri öz karyeraları üçün namizəd olmaq istəyirlər. Müxalifətin vahid namizədi kim olur-olsun, bəlli bir sayda səs alacaq.

- Bəs Ərdoğan məğlub olsa, Türkiyə-Azərbaycan əlaqələri necə olacaq? Ərdoğan dönəmində iki qardaş ölkə arasındakı əlaqələr indiyədək görülməmiş səviyyəyə qalxıb. Ərdoğan uduzsa, mümkün gələcək Türkiyə hökuməti əlaqələri bu səviyyədə saxlayacaqmı?

- Bu məsələdə iki faktoru ayırmaq lazımdır: xalqların və iqtidarların münasibətləri. Təbii ki, iqtidarların münasibətləri heç bir halda xalqların münasibətlərinə təsir göstərmir. Məsələn, Azərbaycanda Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev, Türkiyədə Süleyman Dəmirəl, Tansu Çillər, Abdullah Gül və digərlərinin dönəmlərində də iki xalq arasında münasibətlər həmişə yüksək səviyyədə olub və elə də qalacaq. Amma dövlətlərarası münasibətləri xalqlar yox, iqtidarlar müəyyən edir. Düzdür, iqtidarlar da çalışırlar ki, xalqların mövqelərinə uyğun mövqe tutsunlar, hər halda hakimiyyətlər bu məsələdə əsas rolu oynayırlar.

Ərdoğana gəldikdə, hakimiyyətdən gedəcəyi təqdirdə Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyədə qalacağına inanmıram. Çünki münasibətlərin bu yerə gəlib çıxmasında Ərdoğan və onun komandasının rolu böyükdür. İnanmıram ki, CHP və ya “Altılıq Masası”nda təmsil olunan digər partiyalardan birinin namizədi hakimiyyətə gəlsə, Türkiyə-Azərbaycan münasibətləri yüksələn səviyyədə inkişaf edəcək. Əksinə, ehtimal olunan belə bir durumda geriləmə olacağına əminəm. Bu həm Azərbaycan, həm Türkiyə, həm Türk-İslam dünyası, həm Turan ideyası, həm də regionun ziyanına olardı. Ona görə də Ərdoğanın hakimiyyətdə qalması təkcə Türkiyə yox, həm Azərbaycan, həm Türk-İslam, həm region, həm də Turan məsələsidir.

- Amma siz Ərdoğanın qalib gələcəyini düşünürsünüz?

- Belə düşünürəm. Çünki Ərdoğanın nə müxalifətdə, nə də iqtidarda alternativi var. Ərdoğan miqyasda, o irilikdə, onun dünyagörüşündə olan siyasətçi görmürəm. Bəlkə də var, amma ən azı siyasi səhnədə gözə dəymir. Əgər onu əvəz edəcək kimsə yoxdursa, o da hakimiyyətdə qalacaq. İndi Türkiyə iqtisadiyyatına qarşı Avropa və ABŞ-ın sabotajları var. Ola bilsin ki, bununla əlaqədar ölkədə iqtisadi durum bir qədər yaxşı deyil, amma türk xalqı Ərdoğanın böyüklüyünü və Türkiyəyə qazandırdıqlarını görür.


Müəllif: Mənsur Rəğbətoğlu