20 Fevral 2023 18:13
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin qlobal arenada mövqeyini günü-gündən gücləndirir. Bu gün təkcə Qafqaz regionunda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycanın maraqları və mövqeyi nəzərə alınır. Bu mənada Prezident İlham Əliyevin beynəlxalq arenada dövlətimizin nüfuzu və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyəti xüsusilə vurğulanmalıdır. Ölkə başçısının 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı da məhz bu konteksdə növbəti uğurlu diplomatik addım kimi qiymətləndirilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Onun fikrincə, 59-cu Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixi bir görüş baş tutdu: “Tarixdə ilk dəfə olaraq Münxen Təhlükəsizlik Konfransındakı panel müzakirələrdə üç Cənubi Qafqaz ölkəsi, Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri eyni zamanda bir platformada görüşüb. Sözsüz ki, dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində Münxen Konfransı vacib platformadır. Bu konfransa ölkəmizin başçısının ali qonaq qismində dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisidir. Həmçinin, Azərbaycanın dünyada sülhpərvər ölkə olduğunun təsdiqi və əyani sübutudur. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi yüksək təqdirə layiqdir. Konfrans çərçivəsində dövlət başçısı Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlərə də münasibət bildirib. Vurğulanıb ki, “...Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox ...”. Bu o deməkdir ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlərlə bağlı kənardan göndərilmiş hansısa bir şəxslə heç vaxt ünsiyyət qurmayacaq”.

Deputat həmçinin burada Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla baş tutan görüşün mahiyyətinə də toxunub: “Birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində dövlət başçısı görüşün konstruktiv keçdiyini, bir çox məsələlərin müzakirə olunduğunu açıqlayıb. Eyni zamanda Ermənistanla imzalanacaq sülh sazişində Qarabağla bağlı hər hansı müddəanın yer almasının qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan Prezidenti sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyinin bir daha diqqətə çatdırıb. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımızın şərəfli missiyasından əl çəkməyəcəklərini deyib. Eyni zamanda İranla Azərbaycan arasında münasibətləri şərh edən Prezident bir daha qeyd edib ki, Tehrandakı səfirliyimizdə baş vermiş hadisə ölkəmizin diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Dövlət başçısı vurğulayıb ki, “terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər”. Prezident İlham Əliyev bir daha İranın şəffaf istintaq aparmalı olduğunu və Azərbaycanın bu barədə məlumatlandırılmalı olduğunu vurğulayıb”.

Tamam Cəfərova hesab edir ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmlənməsi baxımından vacib və uğurlu bir tədbir oldu: “Azərbaycan Prezidenti Qafqazda sülhün və sabitliyin bərqərar olması, həmçinin, dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində bütün imkanlardan ən yüksək səviyyədə istifadə edir. Bu Konfransda Azərbaycan Prezidentinin iştirakı ölkəmizin tək iqtisadi baxımdan deyil, həm də siyasi cəhətdən beynəlxalq arenada ciddi söz sahibi olduğunun təzahürü kimi xarakterizə edilir”.


Müəllif: Tapdıq Qurbanlı