18 May 2023 15:23
7 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan görüşdən sonra anklavlar mövzusu gündəmə gəldi. Fakt isə odur ki, keçmiş SSRİ vaxtında Azərbaycan ərazisində anklavlar mövcud olmayıb. Amma burada əsas fakt rəsmi xəritələrdə göstərilən ərazilərdir.

Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, anklavlarla bağlı hər kəs öz iddiasını ortaya qoya bilər:

“Burada əsas amil faktların ciddiliyidir. Əgər erməni tərəfi Azərbaycanda 2, Azərbaycan isə 7 anklavının olduğunu deyirsə, bu, aydınlaşmalıdır. Burada hətta anklavların mübadiləsi məsələsi meydana gələ bilər. Ona görə də, birə-bir prinsipi ilə qarşılıqlı formada mübadilənin olması mümkündür. Çünki bütün hallarda mübadilələr birə-bir prinsipi əsasında heyəta keçirilir”.

Politoloqa görə, burada əsas amil kimin ərazisində daha çox anklavın qalması məsələsidir:

“Belə olan halda ərazi mübadiləsi ortaya qoyula bilər. Erməni tərəfinin Hadrutla bağlı ortaya atdığı məsələlər isə tamamilə absurddur. Çünki keçmiş Dağlıq Qarabağa aid edilən ərazi məsələsi artıq gündəmdə deyil. Bu ərazilər Azərbaycan daxilindədir. Ona görə də, Azərbaycan bu məsələnin heç vaxt gündəmə gətirilməsinə imkan verməyəcək”.

Fərhad Mehdiyev bildirib ki, anklav başqa dövlətin ərazisində olsa da digər bir dövlətə bağlı olan ərazidir:

“Burada 1975-ci il xəritələri ilə bağlı hansısa manipulyasiyalar etmək də mümkün deyil. Çünki həmin dövrlə bağlı xəritələr ortada deyil. Eyni zamanda həmin dövrə aid olan işçi sənədlər və rəsmi kartoqrafik xəritələr ortaya qoyub həqiqətlər isbat edilməlidir. Ona görə də, indiki halda kiminsə havadan nəsə iddialar irəli sürməsi absurddur”.


Müəllif: Tapdıq Qurbanlı