24 May 2023 15:26
5 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sərhədlərin dəqiqləşməsi, ümumiyyətlə sülhlə bağlı 1975-ci il xəritələrinə istinad etməyə çalışır. XX əsrin əvvələrində Qafqazla bağlı nə qədər xəritə var idisə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı ermənilər burada axtarışlar apardılar. Amma buradakı həqiqətlər onlara sərf etmədəyindən bundan imtina etdilər. Hətta 1991-ci ildə Azərbaycanla Ermənistan arasında gedən danışıqlar zamanı XX əsrin 20-ci illəri və ondan sonrakı dövrlərdə olan xəritələrin də Azərbaycanın xeyrinə olduğunu dərk etdilər.

Bunu Teleqraf.com-a AMEA-nın Qafqazşünaslıq İnstitutunun, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev deyib.

Professorun fikrincə, ermənilər elə bir xəritə axtarırlar ki, bu onların xeyrinə olsun:

“XIX əsrin sonu XX əsrin əvvələrində Skibiniskinin hazırladığı və daha sonra mövcud olan xəritələrin heç birində ermənilərə sərf edən bir reallıq yoxdur. Onlar yüzlərlə-minlərlə toponimin adını dəyişib istədikləri xəritələrə salmaqla reallığı dəyişə bilmədilər. Ona görə də, Ermənistan indi daha çox 1975-ci ildə dərc edilmiş xəritələrə istinad etməyə çalışır. 1975-ci il isə Brejnevin keçmiş sovet rəhbərliyində yeni hakimiyyətə gəldiyi dövr idi. O dövrdə müəyyən xəritələr cızılıb, yazılıb. Sadəcə olaraq du dövrdəki xəritələrdə Azərbaycan ərazisi daha çox ermənilərin çəkdikləri xəritələrdə verilib. Hətta iki mindən artıq toponimin adı rəsmi şəkildə bu xəritələrdə dəyişdirilmiş formada əks olunub. Amma bütün bunlar erməni tərəfinin növbəti cəfəng yanaşması idi. Fakt isə odur ki, indi bunu heç kim qəbul etmir”.

Tarixçi alim hesab edir ki, Ermənistan rəhbərliyi 1975-ci ilin xəritələrini ortaya atmaqla kapitulyasiya aktına imza atdıqları dövrdən əvvələ qayıtmaq istəyir:

“1988-1989-cu illərə qədər ermənilər hansı əraziləri özlərinin tərtib etdiyi xəritələrə saldırmışdılarsa, indi də məhz belə bir xəritə ortaya çıxarmaq istəyirlər. Məqsəd Azərbaycanın tarixi torpaqlarının guya Ermənistana aid olduğunu göstərmək niyyətidir. Ermənistan mövcud olan bütün xəritələr içərisində özlərinə münasib olanı yəni, 1975-ci ilin xəritələrini qəbul etdirməyə can atır. İndiki dövrdə ermənilər Skibiniskinin xəritələrini ələ keçirsəydilər onu da saxtalaşdırardılar. Çünki Skibiniskinin xəritəsində Azərbaycanın yer adları, toponimlər açıq şəkildə göstərilir.

Skibidiski hərbçi, tarixçi olduğuna görə, bu əraziləri dəqiq bilirdi. 1903-cü ildə bu Skibiniskinin bu xəritələri dərc edilib. Bu xəritədə də görünür ki, oradakı adların əksəriyyəti Azərbaycan, türk adlarıdır”.

Qasım Hacıyev bildirib ki, keçmiş sovet Azərbaycanında Vəli Axundovun ölkə rəhbərliyində olduğu dövrdə ermənilər Laçın, Gədəbəy, Qazax və digər ərazilərdə qeyri-rəsmi şəkildə torpaqları ələ keçirmişdilər:

“Burada otlaq sahələri, göl sahilləri mənimsənilmişdi. Ermənilər daha sonra bu torpaqlarla bağlı kitab yazıb, özləri üçün xəritələr də çəkiblər. Fakt isə odur ki, beynəlxalq səviyyədə bu müzakirəyə çıxarıldıqda bunun təsdiqi mümkün olmur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər