19 İyun 2023 21:58
3 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur bəy, Ermənistanda hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, sərhəd bölgəsinə əlavə hərbi qüvvə toplanır. Sizcə, nə baş verir? Yeni hərbi qarşıdurma ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycanla Ermənistan arasında yeni qarşıdurma ehtimalı var. Bu, lokal və qısamüddətli hərbi qarşıdurma ola bilər. Ötən həftə Laçın və Zəngilan istiqamətində baş verən təxribatlar bir daha göstərdi ki, Azərbaycanla Ermənistan arasında yeni müharibəyə bənzər bir toqquşmaya bir güllə bəs edir. Amma reallıqda bu gün Ermənistan ordusunun yeni bir müharibə aparmaq imkanları məhduddur. Güclü Azərbaycan Ordusu qarşısında məğlub ordunun yenidən duruş gətirməsi mümkün deyil. Eyni zamanda bu məsələdə Azərbaycanın məqsədləri və bəyanatları bəllidir. Azərbaycanın istəyi Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bununla yanaşı Azərbaycan öz ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasında maraqlıdır. Bu kontekstdə danışıqlar davam edir. Erməni tərəfi, konkret olaraq Nikol Paşinyan yeni müharibəyə başlamaq risklərini təbii ki, nəzərə alır. Amma görünən odur ki, Ermənistan heç də Paşinyandan asılı deyil. Ermənistanda siyasi hakimiyyət bu və digər məsələləri həll etmir.

- Sülhə qarşı olan qüvvələr kimlərdir və onların başlıca məqsədi nədir?

- Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr var. Zamanında İsrail və Fələstin sülh müqaviləsinə yaxınlaşdıqda Yasir Ərəfata o zaman İrandan bir ultimatum verilmişdi. Azərbaycan-Ermənistan arasında da hər zaman Ermənistanın sülh müqaviləsini imzalamağa yaxınlaşdıqda bu ölkənin daxilində Azərbaycanla bağlı təxribatlar törədilir. Burada xarici ölkələrin rolu xüsusilə önə çıxır. Eyni zamanda bu gün baş verənlər Paşinyanın məsuliyyəti kimi başa düşülməlidir. Çünki erməni ordusunun baş komandanı məhz odur.

- Fransadan alınacaq və yaxud alınmış hərbi texnikalar erməni siyasi çevrəsi üçün nə qədər ümidverici bir mühit yaradıb? Son təxribatların bu konteksdən qaynaqlandığı söylənilir...

- Erməni tərəfi Fransa, Hindistan və digər ölkələrdən hərbi texnikalar almaq üçün danışıqlar aparır. Bu mənada Fransa Ermənistanın ən böyük lobbisi kimi çıxış edir. Bu sözsüz ki, Nikol Paşinyan və Emannuel Makron arasında olan razılaşmaların məntiqi davamıdır. Eyni zamanda Ermənistan prezidentinin Fransada müxtəlif kampaniyalarla olan münasibətlərinin nəticəsi kimi başa düşülür. Sözsüz ki, bu, ATƏT qanunlarına ziddir. Çünki münaqişə tərəflərindən birinə silah satmaq qadağandır. Fransa bunu edəcəksə, birmənalı şəkildə ATƏT-də, Avropa İttifaqında onunla bağlı məsələ qaldırılmalıdır. Bu əslində ATƏT və Avropa İttifaqına qarşı Fransanın hörmətsizliyi və məsuliyyətsizliyi olacaq.

- Rəsmi Bakının bu faktlara mövqeyi, reaksiyası necədir?

- Azərbaycan Avropadakı millət vəkilləri və ölkəmizin yanında olan siyasətçilər tərəfindən bu məsələ qaldırıla bilər. Fransanın bu gün Ermənistana satmaq istədiyi silahlar sabah Azərbaycana qarşı istifadə ediləcək. ATƏT-in bununla bağlı tam səlahiyyəti var. Təşkilata üzv və bir-birinə qarşı olan dövlətlərə silah satışı qadağandır. Bu, Ümumavropa İttifaqının qayda və reqlamentinə zidd edilir.

- ABŞ-ın Ermənistandakı səfirliyinin xəbərdarlığı nə dərəcədə ciddi məlumatlara əsaslanır?

- Ötən gün daha bir məlumat yayıldı ki, Ermənistan ordusu döyüş vəziyyətinə gətirilib. Eyni zamanda ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına Laçın və Şərqi Zəngəzur istiqamətində hərəkət etməyi qadağan edib. 44 günlük müharibədən öncə də ABŞ səfirliyinin belə bir oxşar bəyanatlar verdiyinə şahidlik etmişik. Görünən odur ki, kəşfiyyat xarakterli məlumatlar var. Yüz faizlik hərbi əməliyyatların, toqquşmanın olması ehtimalı mövcuddur. Amma bundan yan keçmək də olar. Xarici ölkələrdə isə belə bir məlumatlar yer alıb.

- Laçın və Zəngilan təxribatının ardınca Ermənistanın ölkədə olan Qərb diplomatlarını şərti sərhəd xəttinə gətirməsi nəyə hesablanmışdı?

- Laçın istiqamətində Erməni təxribatının ardınca bütün Qərb diplomatların Qərbi Zəngəzura göndərilməsi öncədən hazırlanmış ssenari idi. Hətta Ermənistan tərəfindən onların şərti sərhədə getməsi təşkil edilmişdi. Bu isə Ermənistan xarici işlər nazirliyinin məsələlərdən agah olduğunu göstərir. Məhz bu səfərlərin təşkili də həmin hazırlığın bir hissəsi idi. Amma burada hər hansı bir planın olmasından asılı olmayaraq rəsmi İrəvan öz məqsədinə çatmayacaq.

- Sülh müqaviləsi imzalanmasa nə baş verəcək?

- Razılaşma əldə olunmasa Qərbi Zəngəzur torpaqları ilə bağlı Azərbaycanla Türkiyə birgə qərar verəcək. Rusiyanın, İranın Ermənistan hakimiyyətinin-müxalifətinin, eyni zamanda Fransanın nə istəməsindən asılı olmayaraq Azərbaycan öz məqsədlərinə birmənalı olaraq çatacaq. Bununla yanaşı Qarabağın dağlıq hissəsi və Laçın yolu ilə bağlı ötən həftə verilən qərar bir daha göstərdi ki, Azərbaycan öz prinsiplərindən kənarlaşmayacaq. Hazırda baş verənlər onu göstərir ki, beynəlxalq ictimai fikir də Azərbaycanın yanındadır. Azərbaycan Xankəndidə yaşayan ermənilərlə bağlı qərar versə, heç kəs ölkəmizə qarşı hər hansı bir addım atmaqla bağlı niyyətini göstərməyəcək. Bu yalnız bəyanatlarla yekunlaşacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər