21 İyun 2023 14:14
7 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il üçtərəfli razılaşmadan öncə baş verənlərlə bağlı açıqlamalarla çıxış edib. Əslində onun müharibə və Zəngəzur dəhlizi ilə bağlı vermiş olduğu xəbərlər eməni tərəfinin xislətini ifadə edir. Bu faktlar bir daha göstərir ki, erməni tərəfi İran, Rusiya və Fransadan almış olduğu təlimatlara uyğun davranış sərgiləyir. Ona görə də, Azərbaycanla şərti sərhəddə, Naxçıvan istiqamətində, Arazdəyəndə ağır metallurgiya zavodunun inşası həmin məntiqin davamı hesab edilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Arazdəyəndə ABŞ şirkətinin maliyyə dəstəyi ilə tikilən zavod Ermənistanın Rusiyaya açıq meydan oxuması deməkdir: “Bir neçə müddətdir ki, erməni tərəfi öz ərazisindən Rusiyanı mümkün qədər uzaqlaşdırmaqla ABŞ və Avropa İttifaqına bağlı qüvvələrin burada yerləşməsinə çalışır. Sözsüz ki, Rusiya tərəfinin buna ciddi reaksiyası var”.

Deputatın fikrincə, Ermənistanda kimlərsə düşünür ki, Azərbaycan və Türkiyə ABŞ bayrağı asılan bir obyektə atəş açmayacaq:

“Onlar iddiası məhz bu məntiqə əsaslanır. Amma Azərbaycanla sərhəddə ağır metallurgiya zavodunun inşası qəbul edilən hal deyil. Fakt odur ki, Ermənistanda bu sahənin inkişafı üçün elə bir ciddi baza yoxdur. Bu baxımdan həmin zavodun hərbi məqsədlər üçün inşası məsələsinə də diqqət etmək lazımdır”.

Elman Məmmədov hesab edir ki, Ermənistan öz ərazisində ABŞ bayrağını ucaltmaqla Rusiya ilə bərabər "əmioğluluq" etdiyi İrana da meydan oxuyur:

“Fakt odur ki, Amerika indi Ermənistanla İran sərhəddində durur. Ona görə, İran da bu yanaşmadan nəticə çıxarmalıdır. İran özünün indiyə kimi kimə kömək etdiyini bir daha anlamalıdır. Sözsüz ki, Azərbaycan tərəfindən bu məsələyə ciddi reaksiya var. Dövlət sərhədində ağır metallurgiya zavodunun tikintisi ekoloji cinayət hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı