27 İyun 2023 09:38
3 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama hələ də İranda müzakirə mövzusudur. Ərdoğan ilk dəfə açıq şəkildə dəhlizə Ermənistanın yox, İranın mane olduğunu dedi. Bu, indiyədək məlum idi, amma belə səviyyədə dilə gətirilməmişdi. Bəs indi Ərdoğan niyə bunu açıq dilə gətirdi?

- Bəli, İranın bunu istəmədiyi və reallaşmasına maneə yaratmağa çalışdığı sirr deyil. İran zənn edir ki, Zəngəzur dəhlizi açılsa, beynəlxalq nəqliyyat xətlərindən kənarda qalacaq, öz ərazisindən keçən yollar öz səmərisini itirəcək. Dünyadan təcrid edilmiş durumda olan İran belə bir gəlişməni özü, xüsusən də çökməkdə olan iqtisadiyyatı üçün “öldürücü” hesab edir.

Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycanı bölgədə daha da gücləndirəcək, ona olan qlobal marağı artıracaq. Azərbaycanın varlığını həzm edə bilməyən İran bundan da əndişəlidir.

İranın Azərbaycan ərazilərinə göz dikdiyi də məlum məsələdir. Bundan əvvəl bir sıra Tehran rəsmiləri, rejimyönlü ekspertlər Azərbaycana “keçmiş İran ərazisi” adlandırıblar. Yəni molla rejiminin başında həmişə Azərbaycana qarşı bir qəsd planı var. Azərbaycanın güclənməsi, Türkiyə ilə müttəfiqliyin özünə yenə çalarlar qazanması, Britaniyadan Çinə uzanan nəhəng İpək Yolunun ölkəmizdən keçməsi və Azərbaycanın bu xəttin əsas hissələrindən birinə çevrilməsi Tehranın yuxusunu qaçırır. İran güclü qonşu istəmir, xüsusən də o Azərbaycan ola, bunu heç istəmir.

Molla rejiminin Ermənistana verdiyi hər cür dəstəyin anatomiyasında da bir Azərbaycan düşmüənçiliyi var. Mollalar hər vasitə ilə irəli gedən Azərbaycanı dayandırmağa çalışır.

Rusiyanın da Zəngəzur dəhlizinə yanaşması adekvat deyil. Qarabağdakı rus sülməramlılarının davranışları, Rusiya rəsmilərinin ziddiyyətli açıqlamaları göstərir ki, Moskva da bu dəhlizin açılmasına mane olanlar sırasındadır. Rusiya bunu açıq etmir, İran vasitəsilə etməyə çalışır.

Tehrandakı səfirliyimizə terror hücumundan sonra Azərbaycanın İsraildə səfirliyinin açılması İranı bir az da hiddətləndirdi. Azərbaycan-İsrail əlaqələrinin güclənməsi Tehranın qorxusunu bir az da böyüdür. Bu kimi səbəblərdən də Azərbaycanı sıxışdırmağa çalışır. Müttəfiqimiz Türkiyənin lideri Ərdoğan da baş verənlərdən xəbərdardır. Bu baxımdan, onun bu mesajını İrana barmaq silkələmə kimi anlamaq olar. Bu, Ərdoğanın ilk mesajı deyil ki, İranı belə narahat edir. Onun 44 günlük müharibədən sonra Bakıda dediyi “Arazı ayırdılar” şeiri İranı əməlli-başlı çalxalamışdı.

Türkiyə prezidenti bu mesajları ilə İrana onu çatdırmaq istəyir ki, nə qədər mane olur-olsun, bildiyimizi edəcəyik. Ərdoğan İrana həm də “Azərbaycan tək deyil” mesajını verir, Türkiyənin ölkəmizin yanındakı yerini göstərir. Yəni sən Azərbaycana barmaq silkələyirsənsə, demək, həm də Türkiyəyə barmaq silkələyirsən. Məncə, İran mesajını alıb, əndişəsi də bundandır.

İran qorxur, bilir ki, Zəngəzur dəhlizi açılacaq, onun aldığı mesaj budur. Tehran onu da anlayır ki, aralarında nə qədər fikir ayrılıqları olsa da, ABŞ və NATO bu prosesdə Türkiyəyə, eləcə də Azərbaycana dəstək verəcək.

- Türkiyənin yeni komanda ilə hansı xarici siyasəti izləyəcəyi dünyada, xüsusən də region ölkələrində müzakirə edilir. MİT-in keçmiş rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin olunması isə həm sürpriz oldu, həm də bu yöndəki sualları xeyli artırdı. Siz bu haqda nə düşünürsünüz? Türkiyə hansı xarici siyasəti izləyəcək və niyə Hakan Fidan?

- Əslində, komandadakı bu köklü dəyişiklik sürpriz deyil, gözlənilən idi. Əvvəldən də fikrim bu idi ki, Hakan Fidan və İbrahim Kalın daha strateji postlara gətiriləcək, elə də oldu. Ümumiyyətlə, Türkiyədə hər seçkidən sonra bir dəyişiklik baş verir. Müəyyən fiqurlar var ki, onlar dəyişməz qalırlar. Onlardan ikisi də Hakan Fidanla İbrahim Kalındır.

Hakan Fidan xarici siyasətə yad isim deyil. Türkiyənin mövcud xarici siyasətinin müəyyən edilməsindən iştirak etmiş şəxslərdən biridir. Yəni illərdir bu işin, prosesin içində olan adamdır. Fidan bir çox ölkələrlə, dünyanın nüfuzlu şəxsləri ilə güclü əlaqələri olan fiqurdur. Məsələn, onun Türkiyənin İsrail, Suriya və Misirlə, eləcə də digər ərəb ölkələri ilə əlaqələrinin normallaşmasında mühüm rol oynadığı düşünülür. Türkiyədə belə bir deyim var ki, heç kim Hakan Fidan haqda heç nə bilmir, amma o, hər kəs haqda hər şeyi bilir.

Hakan Fidan siyasətə birdən-birə yox, addım-addım gələn fiqurdur. Bu sözləri İbrahim Kalın haqda da deyə bilərik, hər ikisinin xarici siyasətdə böyük təcrübələri və ciddi əlaqələri var. Bütün bunlar deməyə əsas verir ki, Türkiyənin yeni dönəm xarici siyasəti daha dərindən götürülüb və konkret planlarla konkret hədəflərə doğru aparılacaq. Bir sözlə, Türkiyə əsri başlayır. Onların komanda olaraq yeni strategiyası da belə adlandır: “Türkiyə Əsri”, yaxud “Türkiyə Yüzili”.

Türkiyə artıq neft-qaz idxal edən ölkədən, bunları ixrac edən ölkəyə çevrilir. Bu da həmin strategiyanın ilk addımlarındandır. Bu, Türkiyənin strateji önəmini daha da artıracaq.

Seçki ərəfəsində bütün Qərb mediası Türkiyənin üzərinə gəldi, ABŞ və Avropa Birliyindən nə qədər təhdidlər oldu. Bura təkcə Qərb yox, dünyanın və regionun bir sıra dövlətləri də daxildir. Türkiyəni hər tərəfdən boğmağa çalışırlar. Bu durumda əlaqələri dərindən bilən, üstəgəl, bu barədə kəşfiyyat bilgiləri dərin olan Hakan Fidanın xarici işlər naziri təyin edilməsi ciddi önəm kəsb edir. Hakan Fidanın əlində Türkiyənin xarici siyasətini daha da irəli apara biləcək məlumatların olduğu qənaətindəyəm.

Onu da deyim ki, bu detaldan çox danışılmasa da, Hakan Fidan millətçidir, türk birliyi üçün çalışan bir insandır. Bu baxımdan, onun bu posta gətirilməsi türk dünyası üçün də önəmlidir.

- Prezident Ərdoğanın qarşıdakı beş illik hakimiyyəti dönəmində Türk Dövlətləri Təşkilatını nə gözləyir?

- Türk Dövlətləri Təşkilatının güclənməsi və genişlənməsi Azərbaycanla Türkiyədən asılıdır. Turanın ürəyi Azərbaycan, beyni də Türkiyədir. Turan ideyasını masaya gətirən Azərbaycan oldu, Türkiyədən bunda dəstək gəldi. İndi bu ideya Türkiyə-Azərbaycan tandemi tərəfindən zərrə-zərrə həyata keçirilir.

Türk birliyinə “gələcəyin NATO-su” kimi baxılır. İndi belə olmasa da, türk birliyi vahid güc kimi ortaya çıxır. Artıq səsimiz dünyaya yayılıb. Zənnimcə, Ərdoğanın rəhbərliyindəki Türkiyə qarşıdakı beş ildə türk dövlətlərinin iqtisadi, hərbi və siyasi birliyi üçün önəmli addımlar atacaq. Bu baxımdan ciddi anlaşmaların əldə ediləcəyi gözləniləndir.

Əlbəttə, birlik ideyasının reallığı digər türk dövlətlərinin də yanaşmasından asılıdır. Zənnimcə, onlar da anlayacaqlar ki, bu birliyin qapısını aralayacaq Zəngəzur dəhlizinin açılması önəmlidir. Yəni bunların təkcə Türkiyə və Azərbaycanın yox, həm də onların maraqlarına uyğun olduğunu başa düşəcəklər.

Zənnimcə, Ərdoğanın qarşıdakı beş ilində türk birliyinin irəli aparılması prioritetlərdən biri olacaq. Ərdoğandan sonra gələcək lider də Turanın gücünü bilib, hiss etməlidir. Digər türk dövlətlərinə gəlincə, kənar müdaxilələr qarşısında güclü olmaq istəyirlərsə, bu birliyin inkişafı üçün lokomotiv – aparıcı güc kimi Türkiyə-Azərbaycan tandemini qəbul edib, onunla birgə addımlayacaqlar. Belə də olacağını düşünürəm.

- Yeni dönəmdə Azərbaycan-Türkiyə münasibətlərində hansı yeniliklər ola bilər?

- Münasibətlər ən yüksək səviyyədədir. İki ölkə arasında inteqrasiyanı gücləndirəcək projelər var, bunlar da həyata keçirilir. Bunlardan ən öməmlisi, əlbəttə, Zəngəzur dəhlizidir. Eyni zamanda, Türkiyənin Şuşada baş konsulluğunun açılması tarixi hadisə ola bilər. Bundan sonra Türkiyə rəsmən Qarabağın – Azərbaycanın bu hissəsinin də təhlükəsizliyinin qarantlarından birinə çevriləcək – Naxçıvanda olduğu kimi.

Zatən, Şuşa Bəyannaməsi var, buna görə, iki ölkənin bir-birinin təhlükəsizliyi ilə bağlı öhdəlikləri var. Eyni zamanda, Şuşa ilə bağlı bu addım Qarabağa iddiası olanlar üçün (bura təkcə Ermənistan daxil deyil) güclü çəkindirici amillərdən biri olacaq. Bir müddət sonra Şuşada Türkiyənin baş konsulluğunun açılmasının şahidi olacağıq, bu da inteqrasiyanın dərinləşdirilməsi yönündə ciddi addımlardan biri olacaq.

Mədəni, iqtisadi və hərbi sahələrdə də inteqrasiya dərinləşəcək, dərinləşir. Qarşıdakı dövrdə Türkiyə dünyaya Azərbaycanı “toxunulmaz” elan edə bilər. İki ölkə ilə yanaşı, liderlər – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı güclü şəxsi əlaqələr də münasibətlərin inkişafına güclü təkan verir. Əlaqələr bundan sonra da “bir millət, iki dövlət” prinsipi ilə inkişaf edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər