11 İyul 2023 09:05
4 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Azərbaycanın atacağı addımlar qətiləşdikcə separatçılar Rusiyaya üz tuturlar. İndiki halda Rusiyadan Qarabağdakı qondarma rejimə necə yardım edilə bilər?

- Əslində bu gün Azərbaycan ərazisində olan separatçılar elə Rusiyanın saxladığı tör-tökülüntülərdir. Çünki bu imperiyanın “parçala, hökmranlıq et” taktikası dəyişməyib. Onlar da ermənilərdən son 200 ildə ancaq bu cür məqsədlər üçün istifadə ediblər. İndi də həmin siyasəti davam etdirirlər. Sadəcə olaraq Azərbaycanın gücünü gördükcə Rusiya tərəfi özünün agentura şəbəkəsini daha geniş işə salır. Çünki bu gün Qarabağda olan separatçıların ataları-babaları Rusiyanın agenti olub. Amma fakt odur ki, Rusiya onların əli ilə Azərbaycanla üz-üzə gəlmək istəyir. Bunu da Azərbaycan görür, bilir.

- Sizcə, bu necə baş verəcək?

- Bu, Rusiyada alınmayacaq. Çünki Rusiya öz daxili problemlərini, həm də Ukraynadakı uğursuzluqlarını kompensasiya etməyə çalışır. Eyni zamanda Cənubi Qafqazda möhkəmlənmək istəyir. Hazırda isə Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Gürcüstanda, Ermənistanda ruslar özlərinə yer ediblər. Azərbaycanda da ancaq sülhməramlı adı ilə Qarabağda mövcuddur. Çalışdıqları isə odur ki, onların buradakı mövcudluğu daimi olsun.

- Azərbaycan bu hallara qarşı hansı yanaşmanı ortaya qoya bilər?

- Azərbaycan birtərəfli qaydada üçtərəfli bəyanatdan çıxmalıdır. Əgər sülh sazişi bu ilin axırına qədər imzalanmasa, bu baş verəcək. Amma görünən odur ki, Ermənistan ilin sonuna kimi sülh sazişinin imzalanmasına hazırdır. Bu isə avtomatik olaraq sülhməramlıların bölgədən çıxması deməkdir. Sülh sazişi imzalandıqdan sonra rus sülhməramlılarının bölgədə qalmasına ehtiyac duyulmayacaq. Rusiyanın xarici siyasət kursundakı son gedişlər, Azərbaycanla bağlı olan açıqlamalar da diqqətdən yayına bilməz. Əslində onlar bu cür yanaşmalarla Azərbaycanı arxayın salmağa çalışırlar.

- Burada Rusiyanı narahat edən səbəb nədir?

- Ermənilərin əli ilə törədilən təxribatlar bu məqsədlərə xidmət edir. Azərbaycan Ordusu isə sadəcə olaraq çox ustalıqla bu hallara qarşı çıxır və dəf edir. İndiki halda rusları narahat edən odur ki, Azərbaycan antiterror əməliyyatları icra edə bilər. Bu onlar üçün əlavə çətinlik yaradacaq. Çünki razılaşmanın 4-cü bəndinə Rusiya tərəfi də əməl etməyib. Faktiki olaraq bu gün Qarabağda 10 minə yaxın qanunsuz silahlı qüvvə var.

- Laçın yolundakı postun yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır?

- Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlasa, orada olan muzdlular, xarici ölkələrin hərbçiləri, “Vaqner"in qalıqları üzə çıxacaq. Onlar da bunun ifşa olacağından narahatdır. Ötən il Azərbaycanla 43 bəndlik sülh sazişi imzalayan Rusiya üçün bu əlavə problem deməkdir. Bunun Rusiya tərəfindən pozulması, hüquqi cəhətdən həmin faktların aşkara çıxması çox acı nəticələrə səbəb olacaq. Bu birmənalı olaraq Rusiyanın Qafqaz siyasətinin sonunu gətirəcək. Sözsüz ki, Rusiya tərəfi də bunu yaxşı bilir. Ona görə də, Qarabağda ermənilərin əli ilə təxribata əl atır. Amma bunlar da keçərli deyil. Rusiyanın Azərbaycanla bərabərhüquqlu statusda çıxış etməkdən başqa yolu qalmayıb. Bununla da siyasi səmimiyyət yaradılmalıdır. Bunun əksi onun Qafqazdan çıxmasını labüd edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər