16 Avqust 2023 12:01
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Qarabağdakı erməni separatizminin tör-töküntüləri Azərbaycanla münasibətləri məqsədli şəkildə gərginləşdirirlər. Niyyətləri dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara yalan məlumatlar ötürməklə ölkəmizi gözdən salmaq, bizi hansısa güzəştdə məcbur etməkdir. Bu gün Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında "Qarabağ ermənilərinin durumu"nun müzakirəyə çıxarılması da eyni məkrli plana xidmət edir. Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə kəskin qərar qəbul edəcəyini düşünmürəm”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan və erməni separatçıları həm siyasi-diplomatik müstəvidə, həm də hərbi sahədə Azərbaycana qarşı səylərini gücləndiriblər:

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin son günlər fəallığını gücləndirdikləri müşahidə olunur. Müdafiə Nazirliyinin yaydığı görüntülər bunu təsdiq edir. Xarici ölkələrin hərbi attaşeləri ermənilərin təxribat planları barədə məlumatlandırılıblar.

Təbii ki, baş verə biləcək xoşagəlməz hallara görə məsuliyyəti birbaşa Ermənistan və Rusiya sülhməramlı kontingenti daşıyacaq. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı missiyası da Ermənistanın təhrikedici fəaliyyətinə göz yummamalıdır. Beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq istəyən Ermənistan xarici dairələrin aləti kimi çıxış etməklə əslində özünün gələcəyini şübhə altına alır. Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına əngəl yaradan addımları aradan qaldırmaq, dialoq mühiti yaratmaq əvəzinə, bölgədə yeni nifaq toxumu səpənləri sıravi ermənilərin taleyi narahat etmir”.

Politoloqa görə, BMT Təhlükəsizlik Şurası Qarabağdakı durumla bağlı Azərbaycana yalnız tövsiyələr verə bilər:

“Təbii ki, Təhlükəsizlik Şurasında Azərbaycanla yaxşı münasibətlərdə olan ölkələr də var. Onlar ölkəmizin əleyhinə, qərəzli qərarın qəbuluna imkan verməzlər. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin hüquqları, təhlükəsizliyi Konstitusiya çərçivəsində təmin olunacaq. Onların dini, dili və bələdiyyə hüquqları var və qorunacaq. Amma qanunsuz hərbi birləşmələrin mövcudluğu reinteqrasiya prosesinə mane olur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilər tərksilah edilməli, Ermənistan silahlı qüvvələrinin qalan hissələri ərazidən tamamilə çıxarılmalıdır. Ermənistanı Xankəndi ilə birləşdirən Laçın yolunun bağlanması da məhz bu səbəbdən baş verib. Hazırda həmin yol açıqdır. Qarabağ erməniləri təhlükəsiz şəkildə Ermənistana gedə və geri qayıda bilirlər. Belə bir şəraitdə BMT TŞ-nın Azərbaycana qarşı hanısa qərar, qətnamə qəbul edəcəyini gözləmirəm. Beynəlxalq güclər vasitəsilə Azərbaycan daxilində status əldə etmək istəyən ermənilərin bu cəhdləri də boşa çıxacaq. Onların “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinə beynəlxalq zəmanət” tələbinin arxasında əslində çirkin niyyət durduğunu hər kəs bilir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi hesab etdiyi halda, BMT TŞ-nın bunun əksinə qərar verəcəyini düşünmək sadəlövhlük olardı. Eyni zamanda biz TŞ-nın 5 daimi üzvlərindən hansının dost, hansının qeyri-dost olduğunu bir daha görəcəyik. Dünyada mövqeyi və nüfuzu aşağı düşmüş BMT TŞ bu gün həm də özünün mahiyyətini ortaya qoyacaq. Ya ədalətli qərar qəbul edib öz nüfuzunu ləkələnməkdən qoruyacaq, ya da gücsüz və qərəzli bir qurum kimi daha bir rəzalətə imza atacaq”.

Alıyev əlavə edib ki, ermənilərin guya humanitar böhran yaşadıqlarına dair iddiaları da əsassızdır:

"Ermənistan "humanitar yük maşınları"nı məqsədli şəkildə Azərbaycanla sərhədə düzüb. Azərbaycan haqlı olaraq Ağdam-Xankəndi yolunu və özünün humanitar yardımlarını Qarabağ ermənilərinə təklif edir. Separatçılar isə bu təkliflərimizdən imtina edirlər. Bu azmış kimi yola beton maneələr düzüblər ki, Azərbaycandan ora yardım göndərilməsin. Yəqin ki, bütün bu məsələlər BMT TŞ-da nəzərə alınacaq və Azərbaycanın bu məsələdə haqlı tərəf olduğunu etiraf edəcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər