21 Avqust 2023 20:54
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq mühüm yer tutur. Məhz bu konteksdə Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Bunun nəticəsi olaraq Azərbaycan Macarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Eyni zamanda Macarıstan ölkəmizin Avropa İttifaqında etibarlı tərəfdaşlarından biridir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan-Macarıstan arasındakı siyasi dialoq yüksələn xətt üzrə inkişaf edir: “Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bəyan etdikdən sonra onu ilk tanıyan dövlətlərdən biri məhz Macarıstan olub. 1991-ci il dekabrın 26-da Macarıstan ölkəmizin müstəqilliyini tanıyıb. Bunun davamı olaraq iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 27-də qurulub. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edildi. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi açılıb. İki ölkə arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu mövcuddur. Bu müstəvidə iki ölkə arasında indiyədək imzalanmış 50-dən çox sənəd hüquqi bazanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Ölkələrimiz həmçinin çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı olaraq bir-birinin maraqlarını yüksək səviyyədə qoruyur”.

Millət vəkili hesab edir ki, Azərbaycan və Macarıstanın iqtisadi potensialı, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində vacib rola malikdir: “Bunun nəticəsi olaraq Azərbaycanda Macarıstan sərmayələri olan şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin yüksək səviyyəsinin əyani təsdiqidir. Eyni zamanda Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu bu mənada yüksək önəm kəsb edir. Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən və ona qoşulmaqda maraqlı olduğunu bildirən Macarıstan ötən il dekabrın 17-də Buxarestdə imzalanmış Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıq haqqında müvafiq Saziş ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda mühüm yer tutur”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Macarıstana səfərinin Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarının və Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirə təsadüf edib: “Sözsüz ki, bu, Macarıstan dövləti və xalqı üçün çox əlamətdar hadisədir. Məlumdur ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovinanın liderləri, eləcə də Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri, eləcə də Tatarıstanın rəhbəri də Macarıstana səfərə gəlib. Macarıstanın Avropada mühüm rolunu bu xüsusda qeyd etmek lazımdırr. Hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olan Macarıstan türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi istiqamətindəki xətti aydındır”.

Sevinc Hüseynova Macarıstan və ayrı-ayrı Balkan ölkələri üçün Azərbaycan neftinin və qazının Balkanlara nəqli imkanlarını nəzərdən keçirmək üçün mövcud infrastruktur bazasından bəhs edib: “Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya regionun enerji infrastrukturundan istifadə etməklə Azərbaycan təbii qazının “Həmrəylik halqası” vasitəsilə Mərkəzi Avropaya nəqlinə dair anlaşma memorandumu mövcuddur. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasətin nəticəsində mümkün olub. Məhz bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan regional və qlobal miqyasda etibarlı dost və tərəfdaş ölkə kimi qəbul edilir və ən yüksək formada hörmət göstərilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər