9 Sentyabr 2023 09:17
4 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən yaradılan gərginlik şou xarakteri daşıyır. Onlar Qərbə buradakı vəziyyətin gərgin olduğunu göstərməyə çalışır. Çünki Ermənistanın gözləntisi ondan ibarət idi ki, Rusiya Qarabağ məsələsində onları birmənalı olaraq dəstəkləyəcək. Burada söhbət Ermənistan yox, Azərbaycan ərazisindən gedir. Fakt o idi ki, bir müddət Ermənistanın işğalçı siyasəti Rusiya tərəfindən dəstəklənirdi. Amma sonra proseslərlə bağlı dinamika tamam dəyişdi.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Rusiyanın bu bölgə ilə bağlı olan yanaşması 2016-cı ildən dəyişib:

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərblə iqtisadi əlaqələri bərpa edəcəklərini düşünürdülər. Hərbi və təhlükəsizlik məsələsində isə Rusiyaya arxalanırdılar. Məhz indi erməni tərəfi “Rusiya bizim təhlükəsizliyimizi təmin etmir” dedikdə burada Ermənistan ərazisi nəzərdə tutulmur. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindən söhbət gedir”.

Mərkəz sədrinə görə, indiki halda Qarabağ məsələsində erməni tərəfi Rusiyadan köhnə siyasətini davam etdirəcəyini gözləyir:

“Rusiya isə hazırda bunu edə bilmir. Rusiya-Ukrayna müharibəsi fonunda bu mümkün deyil. Burada Azərbaycanla Rusiya arasında olan ikitərəfli əlaqələr də münasibətləri dəyişib. Ona görə də, bu gün Ermənistan Qərbə şou göstərir ki, “bizim əlaqələrimiz çox pisdir. Qarabağ məsələsində bizə kömək edin”.

Fərid Şəfiyev hesab edir ki, buna baxmayaraq Rusiya-Ermənistan əlaqələrinin köklü şəkildə dəyişəcəyi inandırıcı deyil:

“Çünki Ermənistanın hərbi sistemi, enerji, dəmir yolu və bir sıra sahələr tam olaraq Rusiyanın əlindədir. Belə olan halda Ermənistanın çıxış imkanları yoxdur. Burada hər hansı strateji addım atmaq üçün Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri yaxşılaşdırmalıdır. Amma Qarabağ ətrafındakı məsələlər həll olunmasa, bu alınmayacaq. Buna baxmayaraq Ermənistan-Azərbaycan arasında hazırda davam edən gərginliyin irimiqyaslı toqquşmaya çevrilməsi gözlənilmir. Ermənistanın belə imkanları yoxdur. Sözsüz ki, Azərbaycan gec-tez Qarabağda antiterror əməliyyatları aparacaq. Çünki qarşı tərəf dialoqa gəlmir və Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirir. Ona görə də, buna son qoyulmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər