22 Sentyabr 2023 11:09
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel Azərbaycanın ünvanına bir sıra ittihamlarla çıxış edib. Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi əks-terror əməliyyatını şərh edərkən bildirib ki, Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və əgər ermənilərin hərbi yollarla zorakı yerdəyəşməsini həyata keçirərsə, Aİ-nın ciddi reaksiyası ilə qarşılaşacaq. J.Borrel eyni zamanda, bu gün gecə saatlarında BMT TŞ-da Fransanın təşəbbüsü ilə keçirilən müzakirələrdə də Azərbaycanın ünvanına arzuolunmaz ifadələr səsləndirib”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Elnur Allahverdiyevin sözlərinə görə, J.Borrelin Qarabağ mövzusunda çıxışları Fransa rəsmilərinin mövqeyindən fərqlənmir və sanki əlaqələndirilmiş şəkildə edilir: “Borreli dinləyəndə belə təəssürat yaranır ki, sanki onun Qarabağda gedən proseslərdən xəbəri yoxdur. Yaxud da bizə qarşı açıq qərəzli yanaşır. BMT TŞ-dakı müzakirələrdə də aydın görünürdü ki, Borel, Fransa və Almaniya nümayəndələrinin çıxışları ciddi şəkildə koordinasiya olunub”.

Deputat hesab edir ki, həm Borreli, həm də Fransa və Almaniyanı Qarabağdakı ermənilərdən daha çox Yerevanda Nikol Paşinyanın aqibəti narahat edir: “Ermənistan-Azərbaycan şərti sərhədində patrul rejiminin tətbiqinin əsas təşəbbüskarları Fransa, Almaniya və Aİ-dır. Ermənistanın Qarabağdakı iflası Paşinyanın nüfuzuna ciddi zərbə vurub. Son günlər Yerevan küçələrdində baş verən xaos və anarxiyanı bütün dünya izləyir. Paşinyanın kreslosu belə demək mümkündürsə, laxlayıb. Ona görə də Avropadakı himayədarları çox narahatdırlar. Borrel kimilərinin Qarabağla bağlı Bakını ittiham etmələrinin əsas məqsədi Paşinyanı qorumaqdır”.

“Borrel Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərindən danışmadan əvvəl Azərbaycan Prezidentinin xalqa müraciətini dinləsin. Sonra da xəbərlərlə tanış olsun ki, Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxda artıq ilk görüş keçirilib və qarşıdakı addımlar müzakirə olunub. Əgər o, bütün bunlardan məlumatlıdırsa, onda bizə qarşı açıq qərəzli mövqedən çıxış edir. Azərbaycanla strateji münasibətlərə malik təşkilatın funksionerinin bu mövqeyi qəbuledilməzdir və ciddi qalmaqaldır” – deyən E.Allahverdiyevin sözlərinə görə, əks tədqirdə, Aİ təmsilçisinin baş verənlərdən xəbəri yoxdur. Bu isə onun çapında olan məmur üçün biabırçılıqdır.

Millət vəkilinin dediyinə görə, 30 il bundan öncə azərbaycanlılar silah gücünə, zorla, vəhşi üsullarla doğma evlərindən qovulanda nədənsə biz Borrelin təmsil etdiyi qurumun səsini eşitmirdik: “Ola bilsin o vaxt Borrel gənc olub, bilmir. Ancaq beynəlxalq axtarışda olan erməni terrorçular o vaxt azərbaycanlılara qarşı soyqırımı həyata keçirəndə nə Fransadan, nə də Almaniyadan narahatlıq ifadə edən bəyanatlar səsləndirilmirdi. Beynəlxalq cani Monte Melkonyan Kəlbəcərdə insanlarımıza vətənlərini tərk etmək üçün bir neçə saat vaxt qoyanda, Borrel hələ karyerasının ilk addımlarını atırdı. Amma indi o, yaşa dolub, açsın gözlərini görsün ki, son üç ildə Qarabağda on kütləvi məzarlıq aşkar olunub. Burada dəfn edilən azərbaycanlıları indi hüquqlarından narahat olduğu ermənilər işgəncələrlə qətl ediblər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər