4 Oktyabr 2023 12:20
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqaraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, qanunsuz silahlılar və separatizm məsələsi bitdi. Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə edilməsinə indi maneə nədir?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu günə kimi imzalanmamasının əsas səbəbkarı Rusiya idi. Burada başlıca faktor kimi Qarabağ məsələsi önə çəkilirdi. Artıq Qarabağ faktoru deyilən bir anlayış qalmayıb. Ermənistan isə Rusiya ilə münasibətlərə tamamilə yenidən baxmaqla bağlı bəlli bir siyasi kurs yürütməyə başlayıb. Ona görə də, Azərbaycanla Ermənistan arasında tələsik sülh müqaviləsinin imzalanmaması ilə bağlı çağırışlar edən Rusiya əslində öz maraqları kontekstindən məsələnin həllində maraqlı olduğunu nümayiş etdirirdi. Artıq bu faktorlar aradan qalxıb.

- Necə düşünürsünüz sülh müqaviləsi daha çox hansı təkliflər əsasında formalaşa bilər?

- ABŞ-ın təklif etdiyi məsələlər ətrafında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı heç bir etiraz yoxdur. Hər iki tərəf də bu sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

- Belə olan halda proses necə başa çatacaq?

- Rusiya burada Ermənistana hər hansı bir formada təzyiq göstərib prosesi pozmasa sülh əldə ediləcək.

- Qranada görüşlərində sülhlə bağlı ilkin razılaşmaların əldə ediləcəyi fikirlərini necə şərh edirsiniz?

- Rusiya təsiri olmasa Qranada görüşlərində sülhlə bağlı çox ciddi nəticələr olacaq.

- Azərbaycan bu görüşə fərqli bir müstəvidə qatılır. Bunun danışıqlar masasında təsirini necə görürsünüz?

- Artıq Qarabağa qanunsuz erməni silahlıları, separatizm faktoru mövcud deyil. Bu görüşdə daha çox sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələlər gündəmdə olacaq.

- Zəngəzur dəhlizi ilə bağlı danışıqların Qranada görüşünün gündəliyinə yer alması ilə bağlı yanaşmalar var...

- Bəli, kommunikasiyaların açılması xüsusi olaraq da Zəngəzur dəhlizinin reallaşması ilə bağlı məsələlər bu danışıqların gündəliyində olacaq. Çünki bu dəhlizin açılması Azərbaycan üçün prioritet məsələlərdəndir.

- Danışıqlara erməni tərəfinin hansı təkliflərlə qatılacağı gözlənilir?

- Ermənistanın burada ən başlıca qayğısı indiki mövcud olduğu sərhədlər yəni, 29 min kv km-lik ərazidə tanınması məsələsidir. Əslində Ermənistan ərazisini 9 min kv km-dir. Onun 20 min kv km-i Azərbaycandan vaxtilə zorla Ermənistana birləşdirilmiş ərazilərdir. Bu məsələ ilə bağlı Azərbaycan müəyyən bir mövqe ortaya qoya bilər. Eləcə də Qərbi azərbaycanlıların öz yerlərinə, yəni indiki Ermənistan ərazisinə qaytarılması məsələsi də Qranada danışıqlarında mümkün müzakirə edilən məsələlərdən olması gözlənilir. Burada Qərbi Azərbaycanlıların həmin yerlərə qayıdarkən hansısa bir hüquqi statusun verilməsi məsələsi də qaldırılacaq. Bu da sözsüz ki, sülh məsələsində irəliləyişə maneə olacaq məsələlərdən bir kimi önə çıxacaq.

- Sülh masasında əsasən hansı məsələlərin müzakirəsinin aparılacağı ehtimalı var?

- Azərbaycan bu görüşə üç prinsiplə qatılacaq. Bu, sərhədlərin dəqiqləşməsi, Zəngəzur dəhlizi və Qərbi azərbaycanlılarla bağlı olan məsələlərdir. Eyni zamanda Ermənistan Azərbaycana vurduğu ziyanın kompensasiyası məsələsinin müzakirə ediləcəyi gözlənilir. Ermənistan ya ərazi, ya da pul şəklində və yaxud başqa bir formada bu kompensasiyanı ödəməlidir. Belə olan halda sülh müqaviləsinin imzalanmaması üçün heç bir əsas qalmayacaq.

- Qranada görüşündə Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin geri qaytarılması ilə hansı danışıqlar aparıla bilər?

- Bu, daha çox sərhədlərlə bağlı olan danışıqların içərisində müzakirə ediləcək məsələlər sırasında olacaq. Burada tək anklavlarla bağlı deyil, digər ərazilərin də geri qaytarılması məsələləsi həll edilməlidir. Ona görə də, bu görüşdə nəzərdə tutulan bütün məsələlərin müzakirəsinin olması ehtimalı var.


Müəllif: Tapdıq Qurbanlı