3 Oktyabr 2023 19:36
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

50 ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi olduqca mühüm tarixi hadisədir. İlk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Sovet İttifaqında yalnızca bir dəfə keçirilib. Növbəti dəfə bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə günü-gündən yüksələn nüfuzunun daha bir təzahürüdür.Qeyd edək ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün Azərbaycanda ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunan peyklər 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bu, illər ərzində sürətlə müasirləşən Azərbaycan üçün olduqca qürurverici göstəciricidir. Nəzərə alsaq ki, Azərbaycan 32 yaşında gənc bir dövlətdir. Bu baxımdan ölkəmizin bu nəailliyyətləri daha da mühüm əhəmiyyət kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan müstəqilliyinin iqtisadi qüdrətini artırmağa başladığı 2000-ci illərdə kosmik sahəyə yenidən diqqət ayırmağa başladı. Peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəf idi və bu hədəfə keyfiyyətli şəkildə nail olunması üçün uzun müddət hazırlıq həyata keçirildi. Prezident İlham Əliyev 2008-ci ilin 4 noyabr tarixində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında sərəncam imzaladı. Bu, artıq kosmik sənaye sahəsində ikinci və daha keyfiyyətli mərhələnin başlanması demək idi. 2010-cu ildə isə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərkosmos” ASC yaradıldı. Nəhayət, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki orbitə buraxıldı. Çox keçmədi ki, Azərbaycanın ikinci peyki kosmik fəzada göründü. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki istifadəyə verildi. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın strateji prioritetləri arasında müasirləşdirilmə olduqca önəmlidir. Beləki, müasirləşdirmə sözü Azərbaycanın gələcəklə bağlı baxışnı, planlarını ehtiva edir.

Millət vəkili hesab edir ki, qazanılan bütün uğurların fonunda dövlətin beynəlxalq əməkdaşlığa hər zaman açıq olması və fəallıq nümayiş etdirməsi dayanır: "Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilmiş, regional və beynəlxalq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunmuşdur. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülüb. Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir".

Tamam Cəfərova bildirib ki, Azərbaycan Avropa və Asiya arasında əməkdaşlıq körpüsü rolunu uğurla reallaşdırır. Cənab Prezident İlham Əliyev bu barədə çıxışında deyib: “Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir”.

Deputat xüsusilə vurğulayıb ki, Azərbaycan hər gün müasirləşən dünyanın yeni çağırışlarına adekvat reaksiya verən bir ölkədir: "Beynəlxalq Astornavtika Konqresinin ölkəmizdə keçirilməsi də bu fikrimizin əyani sübutudur. Azərbaycan bu sahədə də regionun lokomativi rolunu oynayır. Görünən odur ki, ölkəmiz bu istiqamətdə də dünyanın aparıcı mərkəzlərindən birinə çevrilməkdədir. Bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı və eləcə də informasiya təhlükəsizliyinin təmin olunması baxımından olduqca önəmli hadisədir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər