Bu gün bəzi hegemon qrupların, təşkilatların dövlətlər arasında mübarizənin getdiyi bir dövrdə həmin ölkələrə nüfuz etməsinin, dini, siyasi, milli, ideoloji istiqamətdə işlər aparmasının şahidi oluruq. Bu, daha çox gənclər, vətəndaş cəmiyyəti inistitutları, media və QHT-lərlə həyata keçirilir. Bu mənada USAİD (ABŞ hökumətinin xarici yardım təşkilatı) Ermənistanda və Gürcüstanda 3-cü on illikdir ki, fəaliyyətini genişləndirib. Nəticədə media və vətəndaş cəmiyyəti inistitutları və müxtəlif qurumlar artıq USAİD-in maraqlarından çıxış edir.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, onlar Azərbaycanla bağlı etmədiklərini və edə bilmədiklərini Gürcüstanda müəyyən qruplar vasitəsi ilə həyata keçiriblər:
“Həmçinin ora Azərbaycandan bir sıra təmsilçilər, ictimaiyyət nümayəndələrinin fəalları, QHT təmsilçiləri çağrılaraq müxtəlif mövzular müzakirə edilib. İlk baxışdan bu mövzular cəlbedici görünsə də, əslində USAİD-in öz maraqları aşkara çıxıb. Bu da siyasi maraqlarla bağlıdır. Dövlətlərin suverenliyini daraltmaq istiqamətində aparılan bu müzakirələrdə və USAİD-ın proqramlarında ilkin tezislərin olduğu məlumdur. Misal üçün USAİD tərəfindən Azərbaycanda 2014-cü ildə müstəqil medianın inkişafı üçün 2,4 milyon qrant ayrılmışdı. Həmçinin “NİDA”, “Dalğa” hərəkatları ciddi şəkildə USAİD tərəfindən dəstəklənir, onlara maliyyə ayrılırdı”.
Politoloq Azərbaycanın bir günlük antiterror tədbirlərinin olmaması, yeni müharibənin baş tutmaması üçün ölkəmizdə yeni “sülh quşları” meydana gəldiyini bildirib:
“Müharibəyə yox” deyənlər, “Novar”çılar USAİD və digər Qərb fondları ilə əlbir idi. Əslində burada bu cür qrupların sayının “N” qədər olduğunu qeyd etmək olar. Sözsüz ki, onlar öz məqsədlərinə çatmayacaqlar. Azərbaycan bu kimi qrupların və dairələrin nüfuz qazanmasına imkan verməyəcək”.
Zaur Məmmədov Gürcüstanda və Ukraynada bu fondların iştirakı ABŞ və digər ölkələr arasında münaqişələrin başladıldığını söyləyib:
“Bu münaqişələr başladılarkən həmin ölkələrin daxilində milli identikliklə, xarici siyasətlə bağlı ideoloji baxış bucaqlarında fərqliliklər var idi. Həmin cəmiyyətlər demək olar ki, parçalanmışdı. Azərbaycanda isə həyata keçirilən doğru yanaşmalarla Ermənistanla müharibədə və son antiterror tədbirlərində cəmiyyətin əksər hissəsi hökumətlə vahid baxış bucağına sahib idi”.
Ekspert USAİD-in rəhbəri Samanta Pauerin bu yaxınlarda Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərin yaddan çıxmadığını diqqətə çatdırıb:
“Onların müxtəlif istiqamətlərdə Azərbaycanla bağlı məqsədləri var idi. Amma istəklərinə çatmadılar. Çünki rəsmi Bakı buna imkan vermir və verməyəcək. Bununla bağlı zəruri addımlar atılır ki, prosesin qarşısı alınsın”.