27 Oktyabr 2023 22:31
7 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi torpaqlarımızda süni şəkildə yaradılmış Ermənistan adlanan bir dövlətə Zəngəzurun qərbinin verilməsi tarixi faktlarla Ermənistana məlumdur. Hətta o dövrdə Ermənistan rəsmiləri və mətbuatı buna görə Azərbaycana minnətdarlıq edir, əhsən deyirdilər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor hesab edir ki, sonrakı illərdə həmin kiçik bir ərazi genişləndirildi:

“İlk dəfə bu ərazi verilərkən təxminən 9-10 km təşkil edirdi. Beləliklə, Naxçıvan Azərbaycanın digər torpaqlarından aralı düşdü. Sonrakı illərdə Zəngəzurun qərbində yerləşən bir sıra Azərbaycan kəndləri də Ermənistana verildi”.

Deputat bildirib ki, Mehridə Nüvədi kəndinin Ermənistana verilməsinə dair Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin xüsusi qərarı var:

“Bu qərarı Ermənistanda da bilməmiş deyillər. Ermənistan Azərbaycana təcavüz edərkən, ondan əvvəl tarixi torpaqlarımızda yaşayan soydaşlarımızı qovarkən, ən son çıxan və sona qədər mübarizə aparan nüvədililər oldu. Bu kəndin və digər kəndlərin verilməsinə dair rəsmi qərarlar var. Errmənistan bunu necə dana bilər?”

Millət vəkilinə görə, hər hansı bir ölkənin televiziya kanallarında, ümumiyyətlə mediasında Azərbaycan torpaqlarının Ermənistana verilməsinə dair səslənən faktlar gerçəklikdir:

“Ümumiyyətlə, Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb. 1918-ci ildə Azərbaycan ərazilərində süni şəkildə yaradılıb. Tarixi gerçəklik bundan ibarətdir. Ermənilər həmin torpaqları özlərinə qatdıqdan sonra toponimləri dəyişdirblər. Toponimlərin dəyişdirilməsi də rəsmi qərarlarla olub. Ermənistan SSR ali soveti rəyasət heyətinin bununla bağlı qərarları var. Əgər Ermənistan bunu inkar edirsə, o zaman gərək Ermənistan SSR ali soveti rəyasət heyətinin rəsmi qərarlarından imtina etsin”.


Müəllif: Tapdıq Qurbanlı