1 Noyabr 2023 09:05
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İsrail-HƏMAS savaşı başladıqdan sonra İran və “Hizbullah” qınlarına çəkildi. Halbuki bura qədər “İsraili xəritədən” siləcəyik kimi hədyanlar səsləndirirdilər. İranın bu proses ərzindəki davranışlarını necə şərh etmək olar?

- Əslində, “Hizbullah”ın başqa şansı qalmayıb. “Hizbullah” ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Bu təşkilat həm də HƏMAS-la bağlıdır. HƏMAS-ın tərkibində İŞİD-dən, “Hizbullah”dan, ASALA və digər terror təşkilatlarından olanlar var. Yəni ermənilər də oradadır. Məsələ kifayət qədər ciddidir. MOSSAD araşdırma aparmadan, dədiqləşdirmədən danışan kəşfiyyat qurumlarından deyil. İsrail kəşfiyyatının əlində fotofaktlar və dəqiq məlumatlar var ki, hansı terror təşkilatları HƏMAS-la bir yerdədir. MOSSAD-ın siyahısında “Hizbullah” da yer alır.

“Hizbullah” hansısa hərəkətə yol versə, onu SEPAH-ın “Qüds” briqadasının taleyi gözləyir. Vaxtilə ABŞ “Qüds”ün lideri Qasım Süleymanini öldürmüşdü. Onlar “Hizbullah” lideri Həsən Nəsrullahın da yerini və koordinatlarını bilirlər. İstənilən vaxt özünü “şeyx” adlandıran bu adamı aradan götürə bilərlər. Nəsrullahın məhv edilməsi “Hizbullah”ın İranın əlindən çıxması demək olardı. Yəni “Hizbullah”ın baş verənlərlə bağlı bu susqun mövqeyi bu kimi təhlükələrlə bağlıdır. Onlar həmişə qızışdırıb ortaya salırlar, özləri də qıraqda dururlar. Kim kimi öldürür-öldürsün, onların öz siyasi maraqları var. Məsələ bu qədər ciddi ikən, İran və “Hizbullah”ın başqa davranış sərgiləməyəcəyi gözlənilən idi.

- İran Prezidenti İbrahim Rəisi deyir ki, İsraili “qırmızı xətti” keçib. Bəs sonra? Bu “qırmızı xətt” sözü bizə İranın Ermənistan siyasətindən də tanışdı.

- Rəisi Ermənistan üçün də “qırmızı xətt” deyirdi, halbuki Azərbaycanın Ermənistana girmək kimi bir fikri yoxdur. Azərbaycan İranı öz əliylə özünü çıxılmaz durumda qoydu. İranla nəqliyyat dəhlizinə dair bir anlaşma imzaladıq. Düzdür, bu xətt Zəngəzur dəhlizi ilə müqayisədə 10 kilometr daha uzundur, amma bununla bizim Zəngəzur dəhlizinə ehtiyacımız qalmır. Bu məsələni İranla həll etdik. Yəni İran öz “qırmızı xətt”ini öz iqtisadi maraqlarına qurban verdi. Ona görə də, Ermənistanla bağlı məsələ qıraqda qaldı.

İndi bir ölkənin başçısı və hərbi qüvvələrinin ali baş komandanı Qəzza ilə bağlı deyir ki, İsrail “qırmızı xətti” keçib. Bunu da İsrail quru əməliyyatlarına başladıqdan sonra dilə gətirdi. Bunu deyən dövlət o “qırmızı xətt”i keçənə qarşı getməli idi. İran bu çıxışları ilə nə qədər gücsüz olduğunu ortaya qoydu. İran sussaydı, daha yaxşı olardı. Bura qədər heç olmasa, kimlərsə onu “güclü” sayırdı. İran danışmaqla çox şeyləri ortaya qoydu. Görünən budur ki, İranın gücü İsrail və onu dəstəkləyən dövlətlərdən çox aşağıdır. Ona görə də, İran özünü qurban vermək istəmir.

- Son gəlişmələr fonunda Yaxın Şərqdə fəallaşan başda ABŞ olmaqla Qərbin lider dövlətlərinin İranla bağlı planları necədir? Bölgədəki təhlükəli gəlişmə İrana qədər uzana bilərmi?

- Amerika hələ 1997-ci ildə İranla bağlı plan qəbul edib. O vaxt Corc Buş da, Bill Klinton da bu planın hazırlanmasında yer alıb. ABŞ-ın İranın parçalanması ilə bağlı iki projesi var. Biri İranın 6, digəri 5 yerə bölünməsini ehtiva edir. İran ərazisində “Kürdüstan dövləti” yaratmaq istəyirdilər, amma Türkiyə buna sərt təpki göstərdiyi üçün plan gündəmdən çıxarıldı. İndi qalır İran ərazisində 5 dövlətin yaradılması planı.

Plana görə, Əfqanıstanla sərhəddə Vəzirstan dövləti yaradılır, Şimal (Güney Azərbaycan) Azərbaycana birləşdirilir, ölkənin cənubunu və İraqın Bəsrə bölgəsini əhatə edən ərazilərdə şiə dövləti qurulur və sair. Səudiyyə Ərəbistanını parçalamaq layihəsi gündəmdə yoxdur, amma vaxtilə ora ilə bağlı da bu kimi projelər vardı. Amma ABŞ İranı bölmək ideyasını saxlayır. İran da bunu bildiyi üçün sərt addımlar atmaq istəmir. ABŞ bu projeni 2025-ci ilədək həyata keçirmək istəyir.

Görünür, İsrailin Fələstinlə bağlı layihəsi həm də İranla bağlıdır. Birinci mərhələ Qəzza ilə əlaqəlidir. Qəzza prosesi bütün Fələstini aparacaq. Fələstini kənardan qızışdırıb oyuna saldılar, indi də işin içindən çıxa bilmir. İsrail də öz məqsəd və maraqlarına uyğun hərəkət edir və bunları həyata keçirir. İranın da gözləməkdən başqa əlindən bir iş gəlmir.

- Bəs Fələstinin taleyi necə olacaq?

- Günah Fələstinin özündədir. 1948-ci ildə dövlət elan olunanda Fələstinin ərazisi indikindən beş dəfə böyük idi. Amma 1967-ci ildə Fələstini oyuna saldılar. İndiyədək Fələstin belə oyuna 6-7 dəfə gedib və hər dəfə də ərazisi kiçilib. Qəzza götürüldükdən sonra İordan çayının qərb sahili qalacaq. Yəni HƏMAS hər dəfə müharibəyə girir, hər dəfə də torpaq itkisi ilə qarşılaşır. Yanlış Fələstinin özündədir, adam da bir dəfə, iki dəfə yanılar, bu qədər də yox. Görünür, hansısa gizli razılaşma var. Qəzzanın şimalını – İsrailə təhlükə yaradan hissəsini götürəcəklər, qalanını da 5-10 ildən sonra.

- Müharibənin sonunda İsrailin ərazisinin genişlənəcəyi iddiası da müzakirə mövzusudur. Söhbət təkcə Fələstindən yox, həm də bəzi region dövlətlərindən gedir. Siz bu ehtimalı nə qədər real hesab edirsiniz?

- İsrailin cəmi iki dövlətlə sərhədi dəqiqləşib. 1979-cu ildə Misirlə sərhədlərini dəqiqləşdirdi, delimitasiya-demarkasiya edib, 1994-cü ildə də İordaniya ilə. Digər dövlətlərlə sərhədləri razılaşdırılmayıb, Suriya və Livanla qalır. İsrail sərhədlərin dəqiqləşdirilməsi prosesində yeni ərazilər götürə bilər. Livan parçalanmadan sonra yaradılan dövlətdir. İsrail hələ 1967-ci ildə Qolan Təpələrini Suriyadan alıb, İordaniya da bunu tanıyıb. Suriya hələ tanımayıb. Yəni genişlənmə mümkündür, İsrailin bunun üçün hərbi və iqtisadi imkanları var, siyasi gücü də ortadadır. İsraili dəstəkləyən dövlətlər də çoxdur. Onların hamısı Yaxın Şərqdə yerləşmək istəyən dövlətlərdir.

Misir və İordaniya özünü sığortalayıb, Suriya və Livanın isə sığortası yoxdur. Bu ölkənin əraziləri hesabına genişlənmə ola bilər. Hətta Livan tam ələ keçirilə də bilər. Çünki Livan İranın təsir dairəsindədir. Elə bir vəziyyət yaranıb ki, hər şey ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu