13 Dekabr 2023 19:57
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İlk dəfə Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan baş nazirinin aparatı arasında birgə bəyanatın yayılması ilə bağlı qərar verildi. Bu addımın sülh prosesinin irəliyə aparılmasında təsirini necə dəyərləndirirsiniz?

- İkitərəfli birbaşa danışıqları Azərbaycan tərəfi təklif etdi. Bu təklif o zaman edildi ki, artıq bütün formatlarda vasitəçilərin prosesləri irəli aparmaq üçün imkanları xeyli dərəcədə məhdudlaşdı. Ermənistan son bir ildə Rusiya formatından mümkün qədər yayınmağa çalışdı. Bu müstəvidə iştirakdan qaçdı. Digər iki format – Brüssel və Vaşinqton platforması isə son beş aylıq dövrdə kifayət qədər birtərəfli mövqe tutduqlarına görə, Azərbaycan tərəfindən onların mövqeyi etirazlarla qarşılandı. Məhz bu səbəbdən Azərbaycan Qranada, Brüssel və Vaşinqton platformasında görüşlərdən imtina etdi. Yəni, bu formada vasitəçilərin prosesə müdaxilə imkanlarını da məhdudlaşdırdı. Belə olan halda Azərbaycan noyabrın 22-də Ermənistana ikitərəfli qaydada birbaşa görüşlər təklif etdi. Görüşlərin neytral sahədə, yaxud dövlət sərhəddində keçirilməsi təklif olundu. Bundan öncə də oktyabrda Azərbaycan Prezidenti Gürcüstanda səfərdə olarkən belə bir təşəbbüslə çıxış etmişdi. Görüş yeri kimi də Tiflis şəhəri göstərilmişdi. Nəhayətdə, bu təşəbbüslər Ermənistan tərəfindən qəbul edildi. Aparılan danışıqlar nəticədə ikitərəfli razılaşma ortaya çıxdı. Bu razılaşmada da diqqətçəkən məqamlar var.

- Razılaşmada daha çox maraq doğuran məqamlar nədən ibarətdir?

- İlk dəfə olaraq Ermənistan bölgədə sülhün əldə olunması ilə bağlı tarixi şəraitin yarandığını qəbul etdi. Digər məqam isə hümanitar razılaşmalarla bağlıdır. 32-i erməni hərbiçisinə qarşı 2-i azərbaycanli hərbçinin dəyişdirilməsi məsələsi ciddi addımlardan bir idi. Bu Azərbaycanın atdığı rezonans doğuracaq səviyyədə olan addım oldu. Beləki, 32-i nəfərin 2-i nəfərə qarşı dəyişdirilməsi Azərbaycanın gücünün, hümanizmin nümayişi idi. Eyni zamanda Avropa məkanında son bir neçə ayda Azərbaycana qarşı aparılan təbliğata ciddi zərbə vuruldu. Qərbin hümanitar məsələlərə həsaslığını nəzərə alsaq bu olduqca önəmli addım idi.

- Sizcə, ikitərəfli danışıqlardan sonra vasitəçilik məsələsi ilə bağlı nə kimi yanaşmalar ortaya qoyula bilər?

- Tərəflər ilk dəfə olaraq 35 ildən sonra bir-birinə beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı dəstək ifadə etdi. Eyni zamanda hər iki tərəfin beynəlxalq güclərə o cümlədən vasitəçilərə sülhün əldə olunması ilə bağlı yardım etməsi prinsipi ehtiva edildi. Bu da olduqca önəmli bir məsələdir. Çünki bir çox vasitəçilər burada prosesin irəli aparılması ilə bağlı öz maraqlarını daha önə çəkirdilər ki, bu da sülhü əngəlləyirdi.

- Ermənistanı ikitərəfli qaydada razılaşmalara vadar edən səbəblərlə bağlı da fərqli fikirlər var. Rəsmi İravana bu müstəvidə kənar təsirlərin olması ehtimalını necə dəyərləndirirsiniz?

- Ermənistan tam müstəqil dövlət olmadığından onun qərar vermək imkanları məhduddur. Burada bir formada Qərbin iştirakının olduğunu söyləmək mümkündür. Çünki Ermənistana ABŞ tərəfindən müəyyən təsir və təşviqlər edilir. Vaşinqton bir ay öncə Azərbaycanla bağlı ciddi yanlışlıqlara yol vermişdi. Bu Azərbaycan tərəfindən sərt şəkildə qarşılandığı üçün ABŞ-ın bölgədəki maraqları ciddi şəkildə zədələnmişdi. Belə olan halda Vaşinqton öz siyasətində müəyyən şəkildə korrektələr etmək məcburiyyətində qaldı. Ceyms Obraynın (ABŞ dövlət katibinin müavini) bölgəyə səfəri bununla bağlı idi. Eyni zamanda həmin səfərlə paralel ABŞ dövlət departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Lui Bono da İrəvanda səfərdə idi. Ona görə də, bu məsələdə ABŞ-ın Ermənistana müəyyən təsirləri olub.


Müəllif: Tapdıq Qurbanlı