“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Avropa Birliyi Ermənistandakı mülki missiyasının sayını və fəaliyyət coğrafiyasını genişləndirir. Sabitliyin tədricən bərqrar olduğu vaxtda missiyanın genişləndirilməsi Avropa Birliyinin nəyinə lazımdır?
- Həmişə dediyim kimi, bu, bizimlə əlaqəli deyil. Bizimlə əlaqəlidirsə, missiyanın sayının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsinə nə ehtiyac var? 19 sentyabr antiterror tədbirlərindən sonra sərhəddə tam sakitlikdir, atışma və itki yoxdur, birbaşa danışıqlar müsbət nəticə verirsə, əlavə tədbirə nə ehtiyac var? Demək, bu, Azərbaycanla bağlı deyil, əsas hədəf Rusiyadır.
Avropa Birliyi Rusiyanı Ermənistanda sıxışdırmağa çalışır. Bu da bizim problem deyil, Avropa Birliyi-Ermənistan və Rusiya arasındakı məsələdir. Bu missiya bizə problem yaratmır. Silahlı qruplaşmalar deyil ki, hansısa problem yaratsınlar. Fikir verin ki, heç Azərbaycan tərəfindən də açıqlama yoxdur, çünki bunun bizə isti-soyuğu yoxdur.
- Rusiyanın dominant olduğu KTMT, MDB və Avrasiya İqtisadi Birliyi kimi platformaları boykot edən, eləcə də öz ərazisində Avropa Birliyinə verdiyi meydanı genişləndirən Ermənistana Rusiyanın yumşaq münasibəti diqqətdən yayınmır. Halbuki Rusiyaya qarşı nümayişkaranə addımlar atan İrəvana Moskvadan sərt təpkinin olacağı gözlənilirdi.
- Bu da bizim problem deyil. İndi Ermənistan Rusiyaya arxa çevirirsə, hansısa toplantılarına qatılmırsa, bu da onların problemidir.
Bu ay Rusiyada MDB və Avrasiya İqtisadi Birliyinin toplantıları olacaq, Nikol Paşinyan bu sammitlərə qatılacaq. Çünki qatılmasa, Rusiyanın bütün “qırmızı xətlər”ini aşmış olacaq. Üstəgəl, Putin illik mətbuat konfransında Paşinyanı bir daha dolayı yolla hədələdi. Dedi ki, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməsinə inanmır. Bu, xəbərdarlıq mesajıdır.
Yenə də Paşinyanın bir ayağı Qərbdədirsə, bir ayağı Rusiyadadır, bu ayağını da çəkə bilmir. Çünki Ermənistanın əsas bazarı Rusiyadır.
Ermənistan keyfiyyətsiz məhsullarını başqa hara sata bilər? Sata bilsəydi, dostu, qardaşı Fransaya satardı. Sata bilmir, çünki fransızların başqa standartları var. Buna görə də, Rusiyadan imtina edə bilməyəcəklər, oradan ucuz qaz da alırlar.
Moskva İrəvana müsbət mesaj da göndərib ki, hələlik qazı bahalaşdırmayacaq. Paşinyan Rusiyadan qopa bilmir, qopması da çətindir. Amma nazirləri toplantılara getmirlər, guya demarş edirlər. Hətta bir ara ortaya fikir də atmışdılar ki, KTMT-dən çıxa bilərlər. Deyəsən, fikirlərini dəyişiblər. Rusiyadan tam qopa bilməyəcəkləri açıq-aşkardır.
- Prezident İlham Əliyevin də MDB sammitinə qatılmaq üçün ayın sonunda Rusiyaya gedəcəyi haqda məlumat var. Sizcə, bu səfər çərçivəsində liderlər görüşə bilərlərmi?
- İstisna etmirəm. Yəqin ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan oradakı toplantılarla sülhlə bağlı müsbət fikir söyləyəcək. Bundan başqa, hətta mümkündür ki, üçtərəfli görüş olsun. Hər halda Putin belə imkanı əldən vermək istəməz ki, Azərbaycan və Ermənistan başçıları Rusiyada ikən bir görüş təşkil etsin, bunun üzərindən Qərbə də bir mesaj göndərsin ki, Rusiya hələ də bölgədə əsas oyunçudur. Belə bir ehtimalı istisna etmirəm.
Amma bu görüşdə hansısa sənədin imzalanacağı ehtimalı azdır. Yəqin ki, sülh sazişi gələn il imzalanacaq.
- ABŞ Türkiyənin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müsbət rol oynaya biləcəyini açıqladı. Üstəgəl, Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtona səfərində amerikalı həmkarı Entoni Blinkenlə bunu müzakirə etdi. Hesab etmək olarmı ki, ABŞ Cənubi Qafqazda Türkiyə ilə işbirliyinə gedir?
- İndidən bunu söyləmək çətindir. Prinsipcə, Rusiya və İranın bölgədə fəallığındansa, Türkiyənin aktivliyi ABŞ-nin maraqlarına cavab verməlidir. Çünki Türkiyə NATO üzvüdür, ABŞ sözdə də olsa, onu özünə strateji tərəfdaş sayır. Buna baxmayaraq, illərdir görürük ki, ABŞ-Türkiyə münasibətlərindəki sualların sayı azalmır. Amerikada Türkəyə qarşı sərt qərarların verilməsini istəyənlər var. Məsələn, hələ də F-16-lar verilməyib.
Hesab edirəm ki, həm ABŞ Dövlət Departamenti, həm də Ağ Ev Türkiyənin Cənubi Qafqazda artan rolundan narahat olmasın. Üstəgəl, ABŞ onu da istəyir ki, Türkiyə Ermənistanla sərhədi açsın və onunla diplomatik münasibətlər qursun. Türkiyədən verilən son açıqlamalar və Hakan Fidanın Bakıya səfəri göstərdi ki, Ankara Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir.
Yaxın tarixdə baş vermiş olaya bir də qayıdaq: 2009-cu ildə Türkiyə və Ermənistan arasında Sürix protokolları imzalandan Azərbaycan hakimiyyəti və cəmiyyəti bundan haqlı olaraq narazı qalmışdı. Çünki Türkiyə 1993-cü ildə Ermənistanla sərhədini məhz Azərbaycan ərazilərinin işğalına görə bağlamışdı. O zaman Prezident İlham Əliyev və digər rəsmilərimiz sual verdilər ki, Azərbaycan əraziləri işğaldan azad olunmayıb ki, Türkiyə sərhədləri açsın.
O zaman Türkiyədə bu işi aparanlar Əli Babacan və Əhməd Davudoğlu idi. İndi onlar müxalifət liderləridir. Amma o zaman baş nazir olan indiki Prezident Rəcəb Tayyib Ərdoğan nazirlərinin səhvini düzəltdi. Bakıya gəldi, Milli Məclisdə çıxış etdi, vəd verdi ki, Azərbaycan əraziləri işğaldan azad edilməyincə Türkiyə nə Ermənistanla sərhədləri açacaq, nə də diplomatik münasibətlər quracaq. Ərdoğan vədinə sadiq qaldı.
İkinci Qarabağ Müharibəsindən sonra isə Türkiyə-Ermənistan əlaqələrinin bərpası üçün zəmin yarandı. Amma Türkiyə yenə də Azərbaycanla strateji müttəfiqliyə sadiq qalaraq, Ermənistanla sərhədlərini açmağa və diplomatik münasibətlər qurmağa tələsmir. Baxmayaraq ki, Ermənistan bunun üçün çox çalışır. Hətta bildirirlər ki, sərhəd məntəqələrini yenidən qurublar.
Hakan Fidan isə Bakıda bildirdi ki, əvvəlcə sülh sazişi olmalıdır. Bu, Ankaranın Paşinyana mesajıdır ki, əgər sən Türkiyə ilə münasibətlərin qurulmasını belə çox arzulayırsansa, ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalısan. Hesab edirəm ki, Türkiyə və Azərbaycan əvvəllər olduğu kimi, yenə də məsələdə sinxron hərəkət edir. Məncə, bu, ABŞ-nin də maraqlarına uyğundur. Amerikada Ermənistana izah etməlidirlər ki, Rusiyanın bölgəyə təsirlərinin azaltmağın ən yaxşı yolu həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasıdır.
- Ermənistanın Azərbaycan və Türkiyə sərhədlərində hazırlığa başladığı, sərhədlərdə gömrük-keçid məntəqələri qurduğu haqda məlumat var. Sülh müqaviləsi imzalanmadan İrəvanı bu yöndə tələsdirən hansı amillərdir və ya ehtimal etdiyi gəlişmələrdir?
- Bu hiylədir. Sanki bununla beynəlxalq aləmə mesaj verirlər ki, görürsüz, biz sərhədləri açmağa hazırıq, postları da yenidən qurmuşuq, amma guya Azərbaycan və Türkiyə prosesi ləngidir. Biz ləngitmirik, biz deyirik ki, gəl, əvvəlcə sülh sazişi imzalayaq, qarşılıqlı şəkildə ərazi bütövlüyümüzü tanıyaq. Ermənistan konstitusiyasında hələ də Türkiyəyə qarşı ərazi iddiaları var, konstitusiyaya dəyişiklik olunmalıdır. Bunu Paşinyanın özü də etiraf etmişdi. Əlaqələrin normallaşması üçün bu iş də görülməlidir. Əlbəttə, biz də sərhədlərin açılmasının tərəfdarıyıq. Amma Paşinyan onu deyib durur ki, dəhlizlər yurisdiksiyaya uyğun olmalıdır və sair. Zəngəzurda sərbəst dəhliz vermək istəmir. Bu məsələ də həllini gözləyir. Üstəgəl, Ermənistan 8 kəndi qaytarmalıdır.
Sərhədlərin və kommunikasiyaların açılması ilk növbədə Ermənistana lazımdır. Çünki vaxt gedir və bundan itirən Ermənistan olacaq. Üç il dəhliz məsələsinin həllini yubatdılar, Azərbaycan gedib bununla bağlı İranla niyyət protokolu imzaladı. Prezidentin köməkçisi Hikmət Hacıyev açıq şəkildə bildirdi ki, Ermənistan uzatdıqca, Zəngəzur dəhlizi bizim üçün önəmini itirir. Düzdür, biz yenə də bu dəhlizin açılmasını istəyirik, üstəgəl, bizim alternativlərimiz var, Ermənistanın isə heç bir alternativi yoxdur.
Yaxınlarda İrəvanda maraqlı toplantı keçirildi. Toplantının adına fikir verin: “Dənizlərə çıxışı olmayan ölkələrin baş nazirlərinin forumu”. Yəni bu ölkənin məntiqi olsaydı, 30 il əvvəl ərazilərimizi işğal etməsəydi, qətliamlar törətməsəydi, çoxdan dənizlərə çıxmışdı – Xəzər dənizinə də, Mərkəzi Asiyaya da, Çinə də, Aralıq dənizinə də... Amma ərazi iddialarını siyasətə qarışdırdılar və istəkləri alınmadı. İndi də gec deyil. Türkiyə ilə əlaqələr normallaşsa, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan bölgədəki beynəlxalq layihələrə də qoşula bilər. Biz Ermənistana bunu təklif edirik. Amma Ermənistan bunun üçün siyasətini dəyişməlidir. Yenə də öz dediklərində duracaqlarsa, nə sülh sazişi imzalanacaq, nə də sərhədlər açılacaq.
- İrəvan Bakının sülh müqaviləsi ilə bağlı irəli sürdüyü beş prinsipdən üçü ilə razılaşıb. Gələcəkdə gücdən istifadə və ərazi iddialarının irəli sürülməməsi kimi prinsiplərdən isə yayınırlar. Bunu necə şərh etmək mümkündür?
- Xam xəyallarında yenə də o fikir var ki, nə vaxtsa yenə də Qarabağı işğal edə biləcəklər. Xam xəyaldır. Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. İndi güclü ordumuz var. Qarabağın hər nöqtəsində komandolarımız yerləşdirilib, sayı da artırılır. Azərbaycandan ərazi qoparmaq mümkün deyil. Əhalimizin sayı 10 milyonu ötüb, yenə də artır. Ermənistan 2.8 milyon əhalisinin olduğunu deyir, amma bundan da azdır, getdikcə də azalır. Bu xam xəyallarla nəyə iddia edirlərsə, bunu anlamaq çətindir. Xam xəyallar sadəcə sülh müqaviləsinin imzalanmasını uzadır.
İlham Əliyevin mövqeyi açıqdır: əgər onlar sülh müqaviləsində ermənilərin Qarabağa qayıdışını qoyacaqlarsa, biz də azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qoyacağıq. Ya bu iki müddəanın ikisi də olmalıdır, ya da heç biri olmamalıdır. Paşinyan bununla razı deyil, razı deyilsə, biz də onların istəklərinin sülh müqaviləsində yer almasına icazə verməyəcəyik.