Zəngəzur dəhlizinin açılması üçün zəmin yaranır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert məsələ ilə əlaqədar Türkiyədən verilən son rəsmi açıqlamaya diqqət çəkib:
“Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır. Yəni bu məntiqlə dörd ildən sonra dəhliz işə düşməlidir. İrəvan rəsmiləri bunda maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyasında olmalıdır” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını açıqlayıb.
Bu nə deməkdir?
Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidir. Bakı bununla yanaşı, başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir.
Ermənistan rəsmilərindən biri bugünlərdə Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Uraloğlunun dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var”.