31 Yanvar 19:33
6 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Nikol Paşinyan Azərbaycanla bir-birinə hücum etməmək və silahlara nəzarətlə bağlı paktın imzalanması məsələsini gündəmə gətirib. Bu, hansı məntiqə əsaslanır və indiki şərtlər daxilində belə bir razılaşmanın əldə edirlməsi nə dərəcədə realdır?

- Əslində, sülh müqaviləsinin niyə arxa plana keçirilməyə çalışılması ilə bağlı məsələ aydınlaşmalıdır. Çünki sülh razılaşmasında konkret bir məsələnin həlli nəzərdə tutulmur. Ona görə də bu məntiq başa düşülmür. Əgər sülh müqaviləsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, güc tətbiqi məsələsi burada qeyd edilirsə, bu nəyə görə Paşinyanı qane etmir? Ona görə də burada məntiq başa düşülmür. Beynəlxalq qanunlara və prinsiplərə əsaslanan sülh razılaşmasında bu məsələlər öz əksini tapıb.

- İndiki halda erməni tərəfini narahat edən məqam nədən ibarətdir? Sülh razılaşmasından öncə digər təminatları almaqda məqsəd nədir?

- Burada ayrı bir məqsəd var. Özləri işğalçı olduğu halda erməni tərəfi göstərməyə çalışır ki, guya işğaldan ehtiyyat edir. Azərbaycan Ermənistana hücum edəcək kimi yanlış təsəvvür yaratmağa çalışılır. Bu onların növbəti taktikasıdır. Ona görə də belə mənasız təkliflərlə bu təəssüratı gücləndirmək niyyətləri var. Fakt isə başqadır. Erməni işğalına ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən son qoyulub. Azərbaycan ərazisində yerləşmiş qanunsuz erməni silahlıları ərazini tərk etməli olub. Reallıq isə o idi ki, erməni tərəfi sülhdən danışdığı halda işğalı davam etdirirdi.

- Gürcüstanla Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında razılaşmanın mahiyyəti nədən ibarətdir? Azərbaycanı bu hallara hansı konteksdən yanaşır?

- Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlığa uyğun olan bir neçə böyük sənəd mövcuddur. Bu sənədlər Ermənistanın Gürcüstanla indi əldə etdiyi razılaşmadan qat-qat üstündür. Həmin sənədlər 20 il öncə əldə olunub. Amma unutmaq olmaz ki, Ermənistan uzun müddət Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirdi. Gürcüstanda hansısa ünsürlər Ermənistandan alınan dəstək fonunda bölücülük etmək istəyirdilər. Ermənilər yaşayan Gürcüstan ərazilərinin ayrılması məsələsi qoyulurdu. Bu faktları yaddan çıxarmaq olmaz. Digər bir reallıq odur ki, Ermənistan yarandığı gündən qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürüb. Paşinyan da indi Ermənistanı dünyaya sülhpərvər ölkə kimi təqdim etməyə çalışır.

- Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı məsələləri gündəmə gətirməsi hansı məqsədə xidmət edir?

- Ermənilər burada fərqli məqsəd güdür. Onlar əslində məcburiyyət qarşısında qalıb bu addımları atmalıdırlar. Çünki Ermənistan konstitusiyasında və digər sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları var. Əslində konstitusiya dəyişikliyi söhbəti Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müavini ilə Paşinyan arasında olub. Ermənilər dövlətçilik ideologiyasını ərazi idiaları əsasında qurublar. Burada da ən böyük məsuliyyət elə Ter-Petrosyanın üzərinə düşür. O indi də bu məsuliyyətdən qaçmaq üçün köməkçisini Paşinyanın yanına göndərərək, ona Almatı razılaşmasına düzəlişlər edərkən bu qeydlərin olduğunu çatdırıb. Guya onlar həmin düzəlişlərdə “miatsum”, yəni Qarabağın Ermənistana birləşdirilməsi ideyası deyil, buradakı ermənilərə kömək etmək məqsədini ifadə ediblər.

- Ermənistanın Qarabağ və konstitusiya məsələsində hədəfləri dəyişməsi hansı amillərlə bağlıdır?

- Onlar narahatdır ki, Azərbaycan işğal və digər məsələlərə görə Ermənistandan beynəlxalq məhkəmələrdə təzminat tələb edəcək. Belə olan halda erməni tərəfi iddia edəcək ki, guya onlar Qarabağdakı ermənilərə sadəcə olaraq kömək ediblərmiş. Guya bu Ermənistanın işğalı olmayıb və s. Məsuliyyəti də separatçıların üzərinə atacaqlar. Amma fakt isə o idi ki, separatçı rejim buradan qovulana qədər Ermənistan büdcəsindən maliyyələşib. Az qala indi deyirlər ki, guya buradan 100 min erməni gedib. Amma onların 70 mini Ermənistan büdcəsindən məvacib alan şəxslər olduğunu demirlər.

- Azərbaycan-AŞPA münasibətlərində gərginlik pik həddə çatıb. Prosesin bu səviyyəyə qədər inkişaf xronologiyası ilə bağlı təsəvvürlər necədir?

- AŞPA-nı kim yaradıbsa, onu öz məqsədləri üçün formalaşdırıb. Onların məqsədləri də bəllidir: bu və ya buna bənzər qurumlar vasitəsi ilə öz xarici siyasətlərini həyata keçirmək... Post-sovet ölkələrinə qarşı təsir mexanizmi kimi məhz AŞPA-dan istifadə edilirdi. Sadəcə olaraq AŞPA özü üçün “qərarlar” müəyyənləşdirib. İddia edirlər ki, seçkilərlə bağlı yekun qərarı onlar verə bilər. Yəni ölkədə hakimiyyətin mənbəyi onun formalaşdıran xalq deyil, hansısa qurum burada proseslə bağlı konkret qərar vermiş olur. Az qala bizə irad tuturlar ki, mənim rəyim olmasa, seçkilər düzgün keçirilməyəcək. Bu bir növ suverenliyə qəsddir. Amerikada seçkilər olanda onlar heç kəsi prosesi müşahidə etməyə çağırmır. Çünki onlar deyir ki, əsas qərarverici xalqımız və qurumlardır. Amma indi belə çıxır ki, AŞPA-nın hansısa məmuru bu və ya digər təsir altında seçkilərin düzgün olub-olmamasına qərar verəcək. Nəticəsindən asılı olmayaraq ilk dəfədir ki, bütöv Azərbaycan ərazisində seçkilər keçiriləcək. Ona görə də, bunu şübhə altına almaq Azərbaycanın ərazi bütövlüyünü qəbul etməmək deməkdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər