Sentyabrda Azərbaycan və Ermənistan arasında sülhə dair çərçivə sazişinin imzalanması mümkündür.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert iki ölkənin sülhə çox yaxın olduğunu iddia edir:
“Sentyabrda Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür. Sülh danışıqları ikitərəfli qaydada gedir, irəliləyiş də nəzərə çarpır. Azərbaycanın Ermənistana təqdim etdiyi son təkliflər məhz çərçivə sazişinin imzalanmasını ehtiva edir. Xarici işlər nazirləri Almatıda görüşəcəklər, bu çərçivədə fikir ayrılığı olan bir neçə məsələ üzərində razılaşmanın əldə edilməsi gözlənilir.
Ermənistanda revanşistlər maksimum çalışırlar ki, gözlənilən razılaşmanın qarşısı alınsın. Erməni kilsəsi və radikal müxalifət fəal şəkildə bunun üzərində dayanır. Amma revanşistlər prosesin qarşısını alacaq gücdə deyillər. Delimitasiyaya qarşı iki həftəyə yaxındır davam edən etirazlarda da qələbəlik olmadı, olmayacaq.
Rusiyaya gəldikdə, Kreml Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək. Prezident İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bu məsələlər müzakirə olunub. Hesab edirəm ki, Rusiya bu məsələdə neytral qalacaq. Hesab edirəm ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İrəvan səfərində bir çox məsələlər razılaşdırılıb. Tokayevin dosyesində Zəngəzur dəhlizi də vardı. Qənaətimə görə, bu mövzuda da mövqelər xeyli yaxınlaşıb. Zənnimcə, çərçivə sazişinin imzalanması dəhlizin açılmasını da tezləşdirəcək”.