Fransa Prezidenti Emmanuel Makronun anti-Azərbaycan siyasəti Parisin Cənubi Qafqazdakı mövqelərini zəiflədib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Fransa və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi? Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki Makron nümayişkənarə şəkildə aprelin 16-da səfiri “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür. Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı.
Böyük ehtimalla, Makron və müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Kansler Olaf Şolzla görüşdü.
Beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflətdi. Bu isə o deməkdir ki, əslində, Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi? Bunu yaxın aylarda görəcəyik. Hələlik isə Qarabağ separatçılarının nümayəndələrini keçmiş illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və mükafatlar verirlər”.