8 Fevral 09:23
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İranın Ermənistandakı səfiri Mehdi Sübhani etiraf etdi ki, Hindistandan İrəvana daşınan silahlar ölkəsi üzərindən ötürülüb. O, həmçinin Tehranın Ermənistanın güclənməsində maraqlı və yardıma hazır olduğunu, bunu da bölgədə hərbi balansın təmin edilməsi üçün istədiyini açıqladı. Sübhaninin mesajını necə şərh etmək olar?

- Əlbəttə, bu, Azərbaycana qarşı açıq düşmənçilik münasibətidir. Məlum idi ki, Ermənistan İran üzərindən silahlandırılır. Tehran bu prosesdə əsas körpü rolunu oynayır. Fransa ilə Dehli arasında birgə hərbi müəssisələrin açılması və yeni silahların istehsalına dair anlaşma imzalanıb. Müqavilədə istehsal ediləcək silahların “dost ölkələr”ə verilməsinə dair müddəa da var. “Dost ölkələr” dedikdə həm də Ermənistan nəzərdə tutulur. Ermənistanın silahlandırılması hədəf olaraq qoyulub, əlbəttə, bu, Azərbaycana qarşıdır.

Sübhaniyə gəlincə, o, həddini aşdı. Çünki açıq şəkildə bildirir ki, məqsəd regionda hərbi balansın yaradılmasıdır. Anlamadıq, niyə İran Ermənistanla Azərbaycan arasında hərbi balansın yaradılmasını prioritet olaraq qəbul edir? Niyə İran başqa bir ölkənin Azərbaycana qarşı silahlandırılmasında maraqlı olmalıdır? Bu, açıq düşmənçilik mövqeyidir. Bir məsələ də var: Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizinin çəkilməsi. İran bu xətlə Qara dənizə çıxmaq istədiyini deyir. Tehranın istəyinə baxmayaraq, bu xəttin perspektivi yoxdur. Sübhani bu yolun daha qısa olduğunu söyləyir, məsələ bu deyil. Məsələ budur ki, İranın Qara dənizə çıxmaq istədiyi bu yolun bir hissəsi Azərbaycan kəndidən - ərazisindən keçir. Söhbət Yuxarı Əskipara kəndindən gedir. Azərbaycan gec-tez bu və digər ərazilərini istər danışıqlar, istərsə də hərbi yolla geri qaytaracaq. Bunun alternativi yoxdur, iş yenə Azərbaycandan keçir.

İranın bu iddiası absurddur. İranın qərar və addımları göstərir ki, o, dost deyil, Azərbaycan və Türkiyəyə qarşı dost münasibətində olmayacaq. Tehrandakı səfirliyimizdə baş vermiş terror aktı ilə bağlı molla rejimi tərəfindən yaradılan məzhəkəyə baxın. Terror aktını “məişət zəminində baş vermiş olay” kimi dəyərləndirdilər, aktı törədən terrorçunun edam ediləcəyi ilə bağlı iddia var. Belə bir qərar olsa belə, bu, reallığı ortaya qoyan durum deyil. Hər kəsə bəllidir ki, bu, Azərbaycana gözdağı vermək və təzyiq üçün törədilmiş terror hadisəsidir. Bunun arxasında İranın xüsusi xidmət orqanları durur.

Hesab edirəm ki, olaya real qiymət verilməyənə qədər Azərbaycan Tehrandakı səfirliyini açmağa tələsməli deyil. Eyni zamanda, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində İranla dəmir yolunun tikilməsinə də tələsməməlidir. Əgər İran öz siyasətində adekvat deyilsə, Azərbaycan niyə tələsməlidir?

- Sübhani “Azərbaycan Zəngəzur dəhlizini açmağa cəhd etsə, İranın təpkisi necə olacaq” kimi təxribatçı suala da təxribatçı kimi cavab verdi. Onun sözlərinə görə, bu, Ermənistanın qərarından asılıdır. İranlı diplomat bununla nə demək istəyir?

- İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Tehran maraqlıdır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yollar İran üzərindən keçsin. Çünki yüklərin bu yollarla daşınmasından qazancı İran götürəcək. Həmin yollar qlobal əhəmiyyət qazansa, İranın önəmi artmaqla yanaşı, bu, həm də ona ciddi maliyyə qazandıracaq.

Sübhaninin “İranın davranışı Ermənistandan asılıdır” açıqlamasına gəlincə, bu, reallığı ortaya qoyur. İndi Ermənistan Azərbaycanın şərtlərini qəbul edib Zəngəzur dəhlizinin açılmasına razılıq versə, İran nə edəcək? Tehran sadəcə başından yekə, reallığa uyğun gəlməyən iddialar ortaya qoyur. İranın iddiaları ciddi rəqabətə tab gətirmir. Çünki İranın edə biləcəyi heç nə yoxdur.

İran İsrail-HƏMAS münaqişəsi kontekstində özünü elə hala salıb ki, həm ərəb, həm də müsəlman dünyasında nüfuzdan düşüb. İran HƏMAS-ı İsrailə qarşı terrora sövq etdi, sonra arxasından çəkildi. İran bununla müsəlman dünyasındakı nüfuzuna ciddi zərbə vurdu. Zaman-zaman proksi qüvvələr vasitəsilə üç-beş raket atmaqla İsrail ordusunu məğlub etmək mümkün deyil. Minlərlə insan həlak olub, ortada soyqırımı ittihamları var, hadisələri bu yerə qədər tətikləyən İrandır. İndi Tehran ABŞ və onun rəhbərlik etdiyi koalisiyaya qarşı “savaş”dan danışır, bu, başından yekə iddiadır. Sınıq-salxaq ordu və bir-iki ballistik raketlə müharibəni udmaq mümkün deyil.

- ABŞ İranın proksi qüvvələrinin Yaxın Şərqdəki həmlələrinə hansı cavabı verə bilər? Ağ Ev və Pentaqon İranla birbaşa toqquşmanı istisna edir.

- Proses artıq başlayıb, İranın Suriya və İraqda bəslədiyi proksi qüvvələr qarşı əməliyyatlar keçirilir. Amma ABŞ bundan o tərəfə adlamır. Halbuki ABŞ bilir ki, İsrailə qarşı çıxan proksi qüvvələrin arxasında İran durur. İordaniyadakı Amerika bazasına hücumun da İranla əlaqəli olduğuna dair kəşfiyyat məlumatları var. Maraqlıdır: Yəmən, Suriya və İraq bombalanır, amma İrana müdaxilə üçün ciddi əsas ortaya çıxanda ABŞ çəkinir. Yəni ortada səhnələşdirilmiş oyun var. ABŞ İrana qarşı müharibə aparmaq niyyətində deyil. Çünki İran həmişə qlobal güclər, eləcə də ABŞ üçün regionda Türkiyəyə qarşı “balanslaşdırıcı güc” roluna çıxış edib, indi də belədir. ABŞ üçün İran daxilində lazımi hədəfləri vurmaq asan məsələ idi, hətta nüvə obyektlərini darmadağın edə bilərdi. Bəs niyə etmir, İranın “adekvat cavab”ından qorxur? Bunu heç kim ciddi qəbul etmir.

Səhnələşdirilmiş oyunu oynayırlar. Guya Suriya və İraqda obyektlər vurulur, amma atılan raketlər bu obyektlərin yan-yörəsinə düşür, nəticələr barədə dəqiq açıqlamalar verilmir. İstisna İordaniyadakı hadisə idi ki, üç amerikalı hərbçisinin öldüyü açıqlandı. Digər bu kimi olaylarla bağlı informasiyalar məxfi saxlanılır. Ona görə də, ABŞ və İran arasında hansısa qarşıdurmanın olacağına inanmaq doğru deyil. ABŞ-la İran arasında həmişə gizli danışıqlar olub, tərəflər arasında konkret, ortaq maraqlar və bu maraqları ünvanı bəllidir. Bölgədə güclü Türkiyəni neytrallaşdırmaq üçün İran kimi vasitəyə ehtiyac var. ABŞ həmişə belə riyakar siyasətin tərəfdarı olub.

- Türkiyənin İranın alət olduğu oyuna təpkisi necə olacaq? Artıq xarici işlər naziri Hakan Fidan ABŞ və İrana odla oynamamaları barədə xəbərdarlıq edib.

- Türkiyə regionda böyük qarşıdurmada maraqlı deyil. Türkiyənin özü də yaxşı bilir ki, səhnələşdirilmiş bir oyun oynanılır, amma yenə də hər ehtimala qarşı xəbərdarlığını edir. Eyni zamanda, Türkiyə bu proksi qüvvələrdən hansı səviyyələrdə istifadə edildiyinin aydınlaşdırılmasını tələb edir. Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı çoxtərəfli qarant təklifini verib. Türkiyə Fələstinə və bundan sonrakı proseslərə qarant durmağa hazır olduğunu bəyan edir. Yəni Ankara münaqişənin birbaşa çözümünü təklif edir. Bəs İran nə təklif edir? Qeyri-müəyyənlik, həll təklif etməyən xaos, terrorçularla prosesləri tətikləmək... İran yanğının üstünə benzinlə gedir. Türkiyə də belə mesajlarla İranı real işə köməyə çağırır.

İran dini-siyasi maraqlarını təmin etmək üçün istənilən oyuna gedir. Bölgədə “şiə ayparası”nın qurulması və “İslam dünyasının lideri” olmaq İranın iddialarıdır. Amma İranın bu yöndə atdığı addımlar əks nəticə verir. Bu gün ərəb dünyası və Türkiyə İranı məsələnin həllinə töhfə verən dövlət kimi qəbul etmir. Heç bir dövlət Tehrana belə baxmır. İranın oyunları ifşa edilib.

İsrail-HƏMAS qarşıdurmasını yaradan, Qəzzada münaqişəni tətikləyən Çin-Rusiya-İran üçlüyüdür. Bunun G-20-nin Hindistanda keçirilən son sammitindən sonra baş verməsi də təsadüfi deyil. Həmin sammitdə Çindən yan keçən Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin çəkilməsi razılaşdırılmışdı. İsrail-HƏMAS qarşıdurmasının başlaması ilə bu ideya doğulmamış məhv edildi. Yaxın zamanda buna qayıdışı görmürəm. Çin bu marağını təmin etdi. Rusiya da ABŞ-nin diqqətini Ukraynadan İsrailə yönəltdi. İndi Amerika öz hərbi resurslarını İsrail və Ukrayna arasında bölməyə məcburdur. İranın da bu posesdə öz dini-siyasi məqsədləri var. Oyun budur.

Düzdür, Türkiyə də bu nəqliyyat dəhlizində maraqlı deyildi, çünki bu xətt ondan da yan keçirdi. Amma buna baxmayaraq, Türkiyə bu oyunu bitirmək üçün çalışır, bitirici təkliflər verir. Düşünürəm ki, bölgədə Türkiyənin təklifləri çərçivəsində təmin ediləcək sülh uzaqda deyil. Bu reallığı İran və ya başqası yox, Türkiyə yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər