9 Fevral 21:36
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri böyük coşqu, yüksək əhval ruhiyyə fonunda baş tutdu. Xalqımız Vətən Müharibəsində olduğu kimi bu seçki prosesində də birlik, həmrəylik nümayiş etdirdi. Ölkəmizdə mövcud olan Seçki Qanunvericiliyinə uyğun olaraq demokratik, azad şəffaf seçkilərin keçirilməsi təmin edildi. Seçki hüququ olan hər bir seçici sərbəst şəkildə heç bir maneə ilə üzləşmədən mövqeyini ifadə edərək ölkəmizin gələcəyinə, rifahına səs verdi.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, seçkilərin tarixi əhəmiyyəti olduqca böyük idi: “İkinci Qarabağ müharibəsindən sonra yeni bir reallıq formalaşıb. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. 2023-cü 19-20 sentyabr tarixlərində baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin konstitusiya quruluşu, suverenliyi tam bərpa olundu. Növbədənkənar prezident seçkiləri də məhz müasir Azərbaycan tarixində ilk dəfə olaraq bütöv ərazimizdə baş tutdu. Bu eyni zamanda Zəfər seçkisi idi. Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi. Seçki günü xalqımızın məntəqələrə axın edərək, səsvermədə yüksək fəallıq nümayiş etdirdiyinin şahidi olduq. Xalqımız onu 30 ilin natamamlıq kompleksindən xilas edən, milli mənliyini, qürurunu, özünəinamını geri qaytaran, Ulu öndər Heydər Əliyev siyasi kursuna, işıqlı gələcəyə aparan şəxsiyyətə, qalib Liderə öz təşəkkürünü, sevgisini bir daha ifadə etdi. Bu eyni zamanda xalqımızın Liderinə vəfa borcu idi. Həmçinin cənab Prezident İlham Əliyevin son 20 illik fəalliyyətində əldə edilən fenomenal uğurlara ən yüksək qiymət hesab edilir”.

Millət vəkili cənab İlham Əliyevin seçki günü ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsinin tarixi hadisə olmaqla yanaşı bütün dünyaya açıq mesaj olduğunu bildirdi: “Xankəndi ilə yanaşı Şuşada, Füzulidə, Ağalıda, Talış kəndində və digər azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq seçkilərin keçirilməsi sözsüz ki, qürurverici hadisə idi. Məhz cənab İlham Əliyevin Xankəndidə səs verməsi tarixi zəfərimizi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin etməsini həzm edə bilməyənlərə də layiqli cavabdır. Qatılmış olduğu bütün seçkilərdən hər zaman xalqın böyük dəstəyi ilə qalib çıxan, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bu seçkilərdən də zəfərlə çıxdı. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa, xalqın birmanlı inamı və etibarı bu dəfə özünü ən yüksək formada tərənnüm etdirdi. Azərbaycan xalqı bir daha Dahi Şəxsiyətin müəyyənləşdirdiyi güclü dövlət, qalib xalq, müstəqil Azərbaycan fəlsəfəsinə sadiqliyini təsdiq etdi”.

Sevinc Hüseynovaya görə, sözsüz ki, növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bütövlükdə cəmiyyətin, xalqın arzu və istəyini ifadə edir: “Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il böyük tarixi uğurlarla möhtəşəm qələbələrlə müşahidə edilib. Ölkəmiz məhz bu on illiklər ərzində Ümummilli Lider Heydər Əliyevin siyasi kursu üzərində müasir dövrün çağırışlarına uyğun olaraq bütün istiqamətlərdə inkişaf edib. Bu illər ərzində Azərbaycanda demokratiya və insan hüquqları, sosial sahədə böyük uğurlar əldə olunub. YAP-ın namizədi olaraq cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsini şərtləndirən əsas amillərdən biri də məhz Onun xalqa vermis olduğu bütün vədləri ən yüksək səviyyədə təmin etməsi idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər