20 Fevral 15:35
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolzun 7 fevral prezident seçkilərindəki qələbə münasibəti ilə İlham Əliyevi təbriki və daha sonra onu Münxen Təhlükəsizlik Konfransına dəvət etməsi bir çox məqamlara aydınlıq gətirdi. Sözsüz ki, Qərbdə erməni lobbisinin əhatəsində olanlar da gec-tez əsl reallığı görəcəklər. Çünki onların hiyləgər siyasətinin mahiyyəti reallığı inkar etmək idi.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, ermənipərəst Frank Şvabe (AŞPA-da Azərbaycana qarşı qərəzli qətnamənin müəllifi) Olaf Şolzun sədrlik etdiyi partiyanın (Sosial Demokrat Partiyası-SPD) üzvüdür:

“Bu o deməkdir ki, onların cəhdi alınmadı. Artıq başa düşürlər ki, Azərbaycanla başqa dildə danışmaq mümkün deyil. Ona görə də Azərbaycan Prezidentini seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib, beynəlxalq tədbirə dəvət edirlər. Bu, əslində əvvəlcə proqnozlaşdırılan məsələlər idi. Sadəcə zamana ehtiyac vardı”.

Millət vəkili hesab edir ki, Azərbaycan Prezidenti heç kəslə danışıq aparmaq, vasitəçi axtarmaq, hansısa çağırış etmək niyyətində deyil:

“Azərbaycan öz məsələsini həll edib. Sadəcə indi Qərbdə kimsə özünə xal qazanmaq, nəsə demək istəyirsə, bu başqa mövzudur. Xarici partnyorlarla söhbət edəndə onlara deyirik ki, "məcbursan və mütləq etməlisən” sözlərini yaddan çıxartmalısız! Azərbaycanla bu ritorika keçməyəcək”.

Səməd Seyidov bildirib ki, onlar bütün dünyaya “məcbursan, mütləq etməlisən” ritorikası ilə danışırlar:

“Çünki onlar öz aləmlərində hamıya dərs keçmək istəyir. Amma bu Azərbaycanla alınmayıb və alınmayacaq. Gedib başqalarına o cümlədən Emannuel Makrona dərs keçsinlər. Azərbaycanla ancaq hörmət dili ilə danışmaq olar. Bunu da getdikcə hamı görəcək”.


Müəllif: Tapdıq Qurbanlı