18 Mart 19:58
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, NATO-nun Baş katibi Yens Stoltenberq regiona səfəri çərçivəsində Azərbaycanda oldu. Cənubi Qafqazla bağlı yeni hədəflərin olduğu bildirilir. Stoltenberqin bölgəyə səfərinin arxasında hansı məqsədlər var?

- Azərbaycan, Gürcüstan və Ermənistan NATO üçün vacib əhəmiyyət kəsb edir. Hazırda NATO-nun sərhədləri Rusiya təhdidi ilə üzləşib. Eyni zamanda Şimali Atlantika Blokunun özü Rusiya üçün təhdid mənbəyidir. Bu iki sistem bir-birinə qarşı dünyanın müxtəlif coğrafiyalarında mübarizə aparır. Şərqi Avropada Ukraynadan sonra İsveç, Skandinaviya ölkələri və Moldovada Rusiya-NATO münasibətləri kəskinləşib. Bu ziddiyyətlərin miqyası Cənubi Qafqaza da keçir. Ermənistanın timsalında bu, müşahidə olunur. Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında fikirləri, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası burada da ciddi çağırışların olduğundan xəbər verir.

- Rusiya-Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda nə kimi dəyişikliklər gözlənilir?

- Rusiyanın Ukraynadakı müharibədən sonra bu məsələlərə reaksiyası mütləq şəkildə olacaq. Stoltenberq də Cənubi Qafqazda prosesləri istiqamətləndirmək və Qərbdəki mərkəzlərin fikrini bildirmək üçün gəlib. Ona görə də, NATO baş katibinin Azərbaycandan sonra Ermənistan və Gürcüstandakı görüşlərinin nəticəsi diqqətlə izlənilir. Azərbaycan yenə də bu prosesdə balansı qorumağı bacarır. NATO-ya qarşı olan ölkələr və Təşkilatın özündə də yaxşı bilirlər ki, Azərbaycan qarşılıqlı şəkildə bərabər hüquqların, şərtlərin yerinə yetirilməsinə razıdır.

- Ermənistanın Qərb təsisatları ilə sıx təmasları bölgə üçün nə vəd edir?

- Azərbaycan NATO-ya, Avropa İtifaqına üzvlüklə bağlı qərar verməyib. İndiki halda Bakı Avropa İttifaqına qəti şəkildə üzv olmayacağını bildirib. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, bu kontekstdə Bakının mövqeyi bəlli və aydındır. Bölgə ilə bağlı ən böyük təhdid Ermənistandır. Çünki Ermənistan NATO qüvvələrini xüsusi “missiya” çərçivəsində Zəngəzura yeridir. Amma digər tərəfdən NATO-nun ən güclü dövlətlərindən olan Türkiyəyə qarşı köhnə siyasətindən əl çəkmir. Paralel olaraq isə İrəvan Rusiya ilə münasibətləri pozur. Ona görə də, Stoltenberqlə Paşinyan arasında Ermənistanın gələcəyi ilə bağlı siyasi konsultasiyanın aparılması ehtimalı var.

- ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycanın Zəngəzurla bağlı hərbi həmləsinin olacağını açıqlayıb. Bundan öncə Avropa Parlamenti də eyni prizmadan çıxış etmişdi...

- Rəsmi Bakının Zəngəzurda hərbi əmliyyatlara başlamaqla bağlı niyyəti yoxdur. Azərbaycanın belə niyyəti olsa idi, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı təhdid dolu çağırışları gündəlik olaraq Ermənistan tərəfinə ünvalaya bilərdi. Əksinə Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yetərli şərtlərin olduğunu bəyan edib. Yaxşı olardı ki, rəsmi İrəvan tez bir zamanda konstitusiya dəyişikliyi edərək, Azərbaycanla sülh müqaviləsi imzalasın.

- Cənubi Qafqazda yeni təxribatların olması ehtimalını necə dəyərləndirirsiniz?

- Burada Fransanın rolu daha qabarıq görünür. Fransa və digər Qərb məkzələri Ukraynada olduğu kimi Cənubi Qafqazda Rusiyaya qarşı mübarizə kontekstində yeni təxribatlara yol aça bilər. Eyni zamanda Ermənistanda olan Qərb “missiyasını”n hərbi müstəviyə keçməsi üçün başqa addımların atılması da ehimal edilir. Ermənistanın Azərbaycana hücuma keçməsi kimi təxribatlara al atılması da mümkün görünür. Belə olan halda Azərbaycan Ordusu adekvat addım atmağa hər zaman hazırdır.


Müəllif: Tapdıq Qurbanlı