8 Mart 08:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 6-da Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ənənəvi təbrik ünvanlayıb. Təbrikdə Azərbaycan xalqının hər zaman qadına dərin ehtiram bəsləməsini, ana haqqını uca tutmasını, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılmasında qadınların rolunu, həmçinin Azərbaycan qadınlarının hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazdıqlarını vurğulayan cənab Prezident İlham Əliyev qadınlarımız qarşısında duran vəzifələri də vurğulayı: “Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, cənab Prezidentin təbrikinin qadınlarımızı sevindirməklə bərabər, onların üzərinə böyük məsuliyyət qoyub: “Azərbaycan qadınları bu ilki bayramı ilk dəfə ölkəmizin suverenliyinin tam bərpası şəraitində, bütün ölkə ərazisində-işğaldan azad edilmiş ərazilərində də qeyd edir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb. Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib. Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmaqla, ölkəmizin qazandığı çoxsaylı uğurlarda xüsusi yer tutur. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıb. Prezident İlham Əliyevin sözləri ilə desək, “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu gün də qadınlarımız ictimai-siyasi həyatda iştirak etmək ənənəsini, missiyasını çox uğurla daşıyır. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağıdır. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir”.

Millət vəkili bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Ulu öndər siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərmib. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərib. Azərbaycan qadınının mərdliyini, fəadakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirib. Ümummilli lider vurğulayıb ki, “Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əminamanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər”

Deputat vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə həyata keçirilir: “Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan verib. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olub. Birinci vitse-prezident və “yumşaq güc”ün rəmzi olan Mehriban xanım Əliyevanın bu istiqamətdə misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.

Tamam Cəfərova hesab edir ki, Azərbaycanda qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir: “Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Azərbaycan dövləti qadınları hər zaman uca tutur, yüksək səviyyədə qiymətləndirir. Beləki, 8 Mart-Beynəlxalq qadınlar günü ölkəmizdə hər il qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilir. Bu, dövlətimizin qadınlara verdiyi ən ali dəyərdir.

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə birinci xanım Mehriban Əliyevanı bütün Azərbaycan qadınlarını təbrik edir, firavan həyat, könül xoşluğu, fəaliyyətlərində uğurlar arzulayıram”.


Müəllif: Tapdıq Qurbanlı