20 Mart 09:05
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- NATO baş katibi Yens Stoltenberq AZƏRTAC-a müsahibəsində bildirdi ki, alyansla Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş gedir. Söhbət hansı sənəddən gedə bilər?

- Azərbaycan NATO ilə belə çox sənəd imzalayıb. Azərbaycan müstəqillikdən bəri NATO-nun çoxsaylı proqramlarında iştirak edib, indi də edir. Azərbaycan Sülh naminə Tərəfdaşlıq Proqramında fəal idi. Bu dəfə də müəyyən əməkdaşlıq sənədləri imzalana bilər. Məsələn, hansısa təlimlər və ya kurslar və sairlə bağlı. Burda gizli bir şey yoxdur. Müxtəlif dövrlərdə belə sənədlər imzalanıb. Stoltenberqin özü də qeyd edir ki, müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Əməkdaşlığa dair xeyli misallar çəkdi.

Stoltenberqin bir fikri də oldu, bildirdi ki, Azərbaycanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasını istəyərdilər. Bu, mümkün deyil. Çünki sanksiyalara qoşulsaq, Rusiya ilə münasibətləri gərginləşdirmiş olacağıq. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Hesab edirəm ki, Stoltenberqin Bakıdan sonra getdiyi Tiflis və İrəvanda anti-Rusiya sanksiyalarına qoşulmaz. Çünki hər üç ölkə əsas kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına çıxarır. Məsələn, Stoltenberqin dediyini etdik, sabah Avropa Birliyi bizim məhsullarımızı alacaqmı? Buna müsbət cavab vermək çətindir.

- Ümumiyyətlə, NATO Azərbaycanı öz sıralarında görmək istəyərdimi? Stoltenberqin Bakıda verdiyi mesajları bu baxımdan bir dəvət olaraq görmək olarmı? Məsələn, o, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasının önəmini xüsusi vurğuladı. Bu, NATO-nun nəyinə lazım ola bilər?

- Azərbaycanın NATO-ya üzv olmaq kimi istəyi yoxdur. Biz bunu qarşımıza hədəf kimi qoymamışıq. Cənubi Qafqaz ölkələrindən yalnız Gürücstan NATO-ya üzv olmağa çalışır. Rusiya qarşısına belə bir məqsədi qoymuş Ukraynanın başına min cür oyun açdı.

Bu məsələdə bir neçə amil var, biri də Rusiya ilə bağlıdır. İndi bunu qarşımıza məqsəd qoysaq, şimaldan təzyiqlə üzləşəcəyik. Bu, bizə lazım deyil. İkincisi, üzvlüyü qarşımıza məqsəd qoysaq, NATO bizi üzvlüyə qəbul etməyəcək, əksinə, bizə əlavə problemlər yaradacaq. Üçüncüsü, Azərbaycan onsuz da NATO-nun ikinci ən böyük hərbi gücü Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan ordusu artıq Türkiyə modelinə keçib. Bu, elə NATO standartı deməkdir. Azərbaycan ordusunun İkinci Qarabağ Müharibəsindəki qələbəsini şərtləndirən amillərdən biri məhz Türkiyə və ya NATO standartlarında savaşması idi. Ermənistan isə keçmiş sovet sistemi ilə savaşmışdı. Bu, NATO üçün kifayətdir.

Stoltenberqin özü də bilir ki, bizim NATO-ya üzvlük kimi hədəfimiz yoxdur. Bu səbəbdən heç özü də bu məsələni qaldırmadı. “NATO standartları” dedikdə, biz heç kimdən gizlətmirik ki, ordumuzu Türkiyə modelinə keçiririk. Yenə deyirəm: bunun özü elə ordumuzda NATO standartlarının tətbiqi anlamına gəlir. Niyə NATO standartları? Çünki dünyada ordular üçün ən modern standartlar məhz NATO ilə bağlıdır. Fikir verin: son illərdə ordumuzda xeyli islahatlar aparıldı, yeni hərbi texnikalar aldıq, ərzaq təchizatı və hərbçilərimizin geyim formaları həll olundu. Bunların hamısı elə Türkiyə və ya NATO standartları deməkdir.

- NATO baş katibi onu da söylədi ki, Rusiya Ukraynada qalib gəlsə, bu, təkcə Ukrayna üçün faciə yox, həm də hər kəs, o cümlədən Azərbaycan və NATO müttəfiqlərinə təhlükə törədər. Bəs onun bu açıqlamasını necə izah etmək olar?

- Bəli, Stoltenberq bu məsələdə haqlıdır. Rusiya qələbə qazansa və ya Ukraynada işğalı istədiyi kimi yekunlaşdırsa, bu, bütün sivil dünya üçün məğlubiyyət demək olacaq. Bu zaman Rusiyanın qonşularına da təhlükə yaranacaq. Bu baxımdan, Stoltenberqin fikri ilə razılaşmaq olar. Amma Stoltenberqin o fikri ilə razılaşa bilmərik ki, Azərbaycan Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmalıdır. Digər yandan, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, humanitar yardım edirik, yanacaq və elektrik avadanlıqları göndəririk, İrpen şəhərində xəstəxana və məktəblər tikirik. Bəli, humanitar yardımla bağlı gizli məsələ yoxdur.

Azərbaycan cəmiyyəti də sivil dünya kimi Ukraynanın qələbəsini arzulayır. Amma bu o demək deyil ki, Ukraynanın qələbəsini arzulayarkən, Qərbin Rusiyaya qarşı sanksiyalarında yer ala bilərik. Biz Amerika deyilik ki, Rusiya ilə kəllə-kəlləyə gələk. Bu, maraqlarımıza zidd olardı. Üstəgəl, bizim Rusiya ilə bağlı həll etməli olduğumuz bir məsələ var: bir il sonra rus hərbi kontingentini ərazimizdən çıxarmaq. Əgər Stoltenberqin dediyi kimi etsək, bu məsələni təhlükə altına atmış olarıq.

- Ümumiyyətlə, indiki məqamda NATO rəhbərini bölgəyə gətirən səbəblər hansılardır?

- Birinci səbəb odur ki, Stoltenberqin NATO baş şatibi kimi səlahiyyət müddəti oktyabrın 1-də bitir. Bu səfəri hesabat xarakterli sayıram. Yəni səlahiyyət müddəti bitir, işlərini yekunlaşdırmalıdır. Düzdür, NATO-nun əsas işi Ukrayna ilə bağlıdır, hesabatlar hazırlayır, analizlər aparır, amma alyansın tərəfdaşları ilə də müzakirələr olmalıdır. Bu baxımdan, Stoltenberqin səfəri hesabat xarakterlidir. Bu, Stoltenberqin NATO baş katibi qismində Cənubi Qafqaza son səfəridir.

- Bəs onun regional tura Azərbaycandan başlamasını necə izah edə bilərsiniz?

- Çünki NATO regionda Azərbaycanla əməkdaşlığa daha çox önəm verir, baxmayaraq ki, Gürcüstan bizdən fərqli olaraq, alyansa üzv olmağa çalışır. Potensialı, insan resursları – hər şeyə görə bölgənin əsas, açar dövləti Azərbaycandır. Bunu NATO da, Stoltenberq də anlayır. Üstəgəl, ədalət naminə deyək ki, Avropa Parlamenti, AŞPA və Avropanın digər strukturlarından fərqli olaraq, NATO və onun Parlament Assambleyası Azərbaycana qarşı heç vaxt ikili standartlardan çıxış etmədi. Hətta NATO Baş Qərargahı və Parlament Assambleyası işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı qətnamələr qəbul etmişdi. Yəni NATO ilə münasibətlərimizdə heç vaxt problem olmayıb, əməkdaşlıq həmişə davam edib. Buna görə də, NATO baş katibi haqlı olaraq, bu səfərə Azərbaycandan başladı.


Müəllif: Mənsur Rəğbətoğlu