19 Mart 14:52
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandan Orta dəhlizlə bağlı verilən son açıqlama Azərbaycanın maraqlarına uyğundur.

Qazaxıstan xarici işlər naziri Murat Nurtleunun Ermənistana səfəri və Astana-İrəvan yaxınlaşmasını Teleqraf.com-a şərh edən politoloq Elxan Şahinoğlu belə deyib.

Onun sözlərinə görə, Qazaxıstan-Ermənistan yaxınlaşmasında problem görmür:

“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır. Qazaxıstan Prezidenti Tokayev Bakıda olanda həmkarı İlham Əliyevi ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha təbrik etdi, Füzulidə mədəniyyət mərkəzinin açılışına qatıldı, bundan başqa, xəstəxananın tikintisini maliyyələşdirəcəklər.

Türk dünyasının inteqrasiyası Azərbaycan üçün vacibdir, Prezident İlham Əliyev bunu dəfələrlə vurğulayıb, əlaqələr inkişaf edir.

Həmçinin onu da unutmayaq ki, Qazaxıstan Ermənistanla birlikdə KTMT və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Yəni Qazaxıstanın Ermənistanla münasibətləri ilə əlaqədar problem axtarmağı da düzgün hesab etmirəm. Üstəgəl, biz hər ölkədən tələb edə bilmərik ki, sən Ermənistanla münasibət qurma, ondan uzaq dayan. İşğala da son qoymuşuq. İndi bizim məqsədimiz odur ki, Ermənistanı anti-Azərbaycan mərkəzlərindən uzaqlaşdırıb, öz orbitimizə cəlb edək. Danışıqlar da intensivləşib. Paşinyanın özü də Tavuşda faktiki dedi ki, 4 kəndi Azərbaycana qaytarmaq lazımdır.

Dinamika müsbətdir. Bu baxımdan, Qazaxıstan xarici işlər nazirinin İrəvan səfəri və orada danışıqlar aparmasında qəbahət görmürəm”.

Elxan Şahinoğlu qazax nazirin İrəvanda Orta dəhlizlə bağı verdiyi açıqlamanı da şərh edib:

“Əslində, Qazaxıstan xarici işlər nazirinin Orta dəhlizlə bağlı açıqlaması Azərbaycanın da maraqlarına uyğundur. Orta dəhliz hardan keçir? Mərkəzi Asiya və Azərbaycandan. Qazaxıstan xarici işlər naziri İrəvanda ad çəkmədən Ermənistana o mesajı verdi ki, Zəngəzur dəhlizi məsələsini həll edin, Orta dəhliz sizdən də keçsin, siz də bundan qazanın. Yəni Qazaxıstan xarici işlər nazirinin bu açıqlaması bizim də maraqlarımıza xidmət edir.

Qazaxıstanın özü də Orta dəhlizin tərkib hissəsidir. Zəngəzur dəhlizi açılsa, Ermənistan da bu xəttə qoşulacaq. Əslində, Qazaxıstan xarici işlər naziri erməni həmkarını başa salmağa çalışdı ki, bu işi yubatmayın, həll edin, Ermənistan da Orta dəhlizin tərkib hissəsi olsun”.

Murat Nurtleunun Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə dəstək açıqlamasına gəlincə, politoloqun fikri belədir:

“İndi İrəvana səfər edib deyə, onların da könlünü almaq üçün nəsə deməlidir. “Sülh qovşağı” reallıqdan uzaqdır. Əslində, Zəngəzur dəhlizi də bu layihənin bir hissəsidir. “Sülh qovşağı”nda başqa nəqliyyat dəhlizləri də nəzərdə tutulur. Məsələn, sovet dönəmində İcevan-Qazax dəmir yolu vardı. Bu xəttin bərpası da orada yer alır. Zəngəzur dəmir yolu məsələsi həll olunsa, bu məsələyə biz də qayıda bilərik. Yəni mən burda da problem görmürəm ki, Qazaxıstan xarici işlər naziri “Sülh qovşağı”na müsbət yanaşır.

Zəngəzur dəhlizi həll edilsə, bu layihənin digər maddələrini biz də müzakirə edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu