29 Mart 10:30
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mütəmadi olaraq Rusiyanın zərərinə ABŞ və Avropa İttifaqına üz tutur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Nikol Paşinyan Baş nazir olandan sonra Vladimir Putin onunla bir neçə dəfə görüşdü, hər mənada vurğuladı ki, hansısa keçmişi rəhbər tutmayacağıq, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri məhz necə quracağına baxacağıq. Nikol Paşinyan cavabında bildirdi ki, həm KTMT, həm də Avrasiya İqtisadi Birliyi Ermənistan iqtisadiyyatının inkişafı, Cənubi Qafqazda təcrid olunmanın qarşısını almaq üçün fundamental strukturlardır.

Azərbaycanla Ermənistan arasında münaqişənin alovlandığı 2020-ci ilə qədər bütün illər ərzində münasibətlər məhz bu istiqamətdə inkişaf edib. Sonra Paşinyan həm Rusiyanın müttəfiqi, həm də KTMT üzvü kimi Putinə üz tutdu, sizə də məlumdur ki, prezidentimiz bu müharibəni dayandırmaq üçün Ermənistan və Azərbaycan liderləri ilə sözün əsl mənasında gecələr yatmadan, yorulmadan danışıqlar apardı.

Sonra sərhədlərin delimitasiyası, iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin imzalanması ilə bağlı üçtərəfli sazişlər imzalandı, bütün bunlar bizim fəal təşəbbüskar rolumuzla razılaşdırıldı.

Buna paralel olaraq Avropa İttifaqı erməniləri və azərbaycanlıları öz tərəfinə çəkirdi, Paşinyan Avropa Birliyi və ABŞ platformasında işləmək ideyasının əsas dəstəkçisi idi. Mütəmadi olaraq Rusiya ərazisində nəzərdə tutulan görüşlərin zərərinə ora gedirdilər”, - nazir bildirib.

Lavrov xatırladıb ki, Paşinyan 2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin sammitində Avropa Şurası prezidenti Şarl Mişelin iştirakilə Azərbaycan prezidenti İlham Əliyevlə sənəd imzalayıb.

Rusiyanın baş diplomatı Mişel və Paşinyanın görüşdən sonra Qarabağın Azərbaycan ərazi olduğuna dair bəyanatını da xatırladıb:

“Putin növbəti görüşdə Paşinyana dedi ki, sizin belə qərar verməyiniz bizi təəccübləndirdi. Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Qarabağın statusu məsələsi də hansısa yolla həll olunmalıdır, biz bunu edirdik. Amma o, bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna dair sənədi imzalayanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Vladimir Putindən soruşdu ki, Vladimir Vladimiroviç, siz niyə qarabağlıları taleyin ümidinə buraxıb onları tərk etdiniz? Bağışlayın, Tanrı xatirinə, siz qərar verdiniz ki, onlar Azərbaycan vətəndaşı deyillər və ya Azərbaycan vətəndaşlığına iddialıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu