Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları qüvvələrinin ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması, dövlət səviyyəsində qeyd olunmasa da düşünürəm ki, çox böyük siyasi-diplomatik uğurdur. Heç bir güclü dövlət istəməz ki, onun suveren ərazisində başqa bir ölkənin silahlı qüvvələri yerləşdirilsin. Bu, dövlətin müstəqilliyinə, suverenliyinə müsbət heç nə vəd etmir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda da qeyd olunmuşdu ki,
sülhməramlılar Qarabağda müvəqqəti yerləşdirilir. Bəyanatın 4-cü maddəsində göstərilib ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. 2023-cü ildə Qarabağda keçirdiyimiz antiterror əməliyyatından sonra orada sülhməramlılara heç bir ehtiyac qalmadı və onların Qarabağda qalmasına zərurət yox idi. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi Rusiya tərəfi ilə aparılan danışıqlar çərçivəsində bu problem həll etdi, bu ağır yükü üzərimizdən götürdü”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, bəziləri Rusiya hərbçilərinin Qarabağdan çıxarılacağına inanmırdı: “Bu, radikal müxalifətin ən sevimli mövzusu idi. Bundan iqtidara qarşı silah kimi istifadə edirdilər. Bu gün onlar pərt olublar. Azərbaycanın siyasi rəhbərliyinin uğurunu dilə gətirməyə cəsarət etmirlər. Azərbaycan dövləti bütün dünyaya göstərdi ki, Rusiya kimi güclü bir dövlətlə dil tapıb onun qoşunlarını ölkədən çıxarmaq mümkündür. Biz 1991-ci ildə müstəqillik qazananda da ölkə ərazisindən sovet qoşunlarını çıxarmağa nail olmuşduq. O zaman bu bizə çox baha başa gəldi, Qarabağı itirdik. İndi isə ölkə rəhbərliyinin uzaqgörənliyi, siyasi peşəkarlığı sayəsində bu proses ağrısız oldu.
Rus sülhməramlı kontingentinin Azərbaycan ərazisindən 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması birbaşa Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan-Rusiya münasibətlərini korlamaq istəyən qüvvələr məyus olublar. Sülhməramlıların Azərbaycan-Rusiya münasibətlərinin zədələnmədən ölkədən çıxarılması olduqca vacib faktordur. Bu gün dünyanın bir çox ölkələrində xarici dövlətlərin, o cümlədən Rusiyanın hərbi birlikləri mövcuddur və onları ölkə ərazisindən çıxarmaq səyləri nəticə vermir. Azərbaycan Rusiya ilə çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinə, siyasi müttəfiqlik əlaqələrinə söykənərək bu problem həll etdi. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməsi də bu prosesdə mühüm rol oynadı. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin gücləndiyi bir zamanda Kremlin Cənubi Qafqazın ən güclü ölkəsindən öz hərbçilərini çıxarması asan məsələ deyil. Burada ölkə prezidentinin nüfuzu, Türkiyə-Aəzərbaycan qardaşlıq münasibətləri, rəsmi Bakıya olan etimad çox mühüm rol oynadı. Cənap Putin çox gözəl bilir ki, dost hesab etdiyi cənab İlham Əliyevin sözü imzası qədər dəyərlidir və heç zaman Azərbaycan ərazisindən üçüncü bir ölkəyə qarşı istifadə olunmasına imkan verməz. Bu inam ölkələrimiz arasındakı münasibətlərdə mühüm rol oynayır”.
Politoloq qeyd etdi ki, Azərbaycan dövləti Rusiya sülhməramlılarının Qarabağda olmasından öz xeyrinə istifadə edə bildi: “İlk dönəmlərdə, təbii ki, bizi razı salmayan məqamlar oldu. Ermənilərin zorla Ermənistandan Qarabağa köçürülməsi, onların silahlandırılması, postların, səngərlərin qurulması, Xankəndidə separatizm meyllərinin güclənməsi və s. amillər Bakının haqlı narazılığına səbəb olmuşdu. Amma ölkə rəhbərliyinin düzgün siyasəti nəticəsində sonrakı dönəmlərdə Azərbaycan rus sülhməramlılarının Qarabağda olmasından öz xeyrinə istifadə etdi və 2023-cü ilin sentyabrında antiterror əməliyyatları həyata keçirməklə ərazi bütövlüyünü təmin etdik, sülhməramlıların gözləri qarşısında separatçıların liderlərinin qollarını qandallayıb Bakıya gətirdik. Hesab edirəm ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan çıxarılmasını xarici dövlətlər, beynəlxalq təşkilatlar da yüksək qiymətləndirir və bunu Bakının uğuru hesab edirlər”.