23 İyul 15:04
2 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən xanımların sayında artım var. YAP iddia edir ki, seçkiyə bu qədər xanım namizədlə qatılan ikinci bir siyasi təşkilat yoxdur.

Teleqraf.com xəbər verir ki, YAP-ın irəli sürdüyü namizədlər siyahısında hazırkı deputat xanımlarla yanaşı yeni isimlər də yer alıb.

Onların bir qismi haqda məlumatları təqdim edirik:

YAP-ın 6 saylı Culfa-Babək seçki dairəsindən deputatlığa namizədi Həmzəyeva Ülviyyə Tapdiq qızıdır.

O, 1982-ci il aprelin 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini, eləcə də Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir.

UNESCO-nun "Yeni era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Dünyanın bir çox ölkələrində fərdi və qarışıq sərgiləri keçirilmişdir. Rus və ingilis dillərini bilir.

2004–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təsviri sənət kafedrasında baş müəllim vəzifəsində çalışıb. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavinidir.

8 saylı Binəqədi birinci seçki dairəsindən isə hakim partiya Mirzəyeva Həcər Niyazi qızının namizədliyini irəli sürüb.

O, Milli Aerokosmik Agentliyinin (MAKA) əməkdaşı, Yeni Azərbaycan Partiyasının Binəqədi MAKA ərazi ilk partiya təşkilatının sədr müavinidir.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən Xasayeva Səbinə Səməd qızının namizədliyi irəli sürülüb.

Səbinə Xasayeva 1993-cü il martın 30-da Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr pilləsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib.

İngilis və Norveç dillərini bilir. 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışıb. Hazırda Milli Məclisin deputatıdır.

14 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rəsulova Vüsalə Elman qızıdır.

1979-cu ildən anadan olan Vüsalə Rəsulova 1996-cı ildə Buzovna qəsəbəsində 125 nömrəli məktəbi bitirib. 1996-2000-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında təhsil alıb. 2001-ci ildən Xəzər rayon Binə qəsəbəsi E.Şəmiyev adına 149 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb.

2012-ci ildən isə 149 nömrəli məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Qasımova Səbinə Məmmədağa qızı Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur.

29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Abdullazadə İlahə İntiqam qızıdır.

O, 1994-cü ildən anadan olub. Ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunda alıb. Əmək fəaliyyətinə 2016-ci ildən başlayıb. Hazırda 112 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir.

35 saylı Xətai üçüncü seçki dairəsinin namizədi isə Vəliyeva Pərvanə Bulut qızıdır.

Vəliyeva Pərvanə Bulut qızı 18 yanvar 1990-cı ildə Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Əslən Vedibasar mahalından, atası Kiçik Vedi, anası isə Xalisa kəndindəndir. 1996-cı ildə Sabunçu rayonunda yerləşən 96 saylı, 1998-ci ildən isə 271 saylı orta məktəbdə orta təhsil alıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin menecement ixtisası üzrə ali təhsil alan Pərvanə Vəliyeva əmək fəaliyyətində 2016-cı ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda həyata keçirilən Vərəmlə mübarizə layihəsinin “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən icra olunan sub-layihəsinin maliyyə mütəxəssisi kimi başlayıb.

Pərvanə Vəliyeva hazırda Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının və Vərəm əleyhinə Avropa Koalisiyasının üzvü, Milli Vərəm əleyhinə QHT Koalisiyasının katibi, “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktorudur. Ailəlidir, iki qız övladı var.

36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin namizədi isə Hacıyeva Nərminə Aslan qızıdır.

Nərminə Hacıyeva 1971-ci il noyabrın 30-da Emənistanın Krasnoselsk rayonunun Toxluca kəndində anadan olub. 1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi bitirib. Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsinin məzunudur. Əmək fəaliyyətinə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi başlayıb.

Hazırda Xətai rayon Xətai bələdiyyəsinin sədr müavinidir.

44 saylı Sumqayıt üçüncü seçki dairəsinin namizədi Vəliyeva Mehriban Hidayət qızıdır.

Mehriban Vəliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.

1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. O, bir müddət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Mehriban Vəliyeva hazırda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsini tutur.

46 saylı Sumqayıt beşinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Akimova Elnarə Seydulla qızıdır.

Elnarə Akimova 28 yanvar 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili alıb.

2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin və "Ədəbiyyat qəzeti"ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

48 saylı Abşeron birinci seçki dairəsindən namizədliyi irəli sürülən Məmmədova Nigar Fikrət qızıdır.

Hakim partiyanın siyahısında yer alan Nigar Məmmədova hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.

Nigar Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, həmçinin London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası”, Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Vergilər Nazirliyində başlayan N. Məmmədova həmin nazirliyin Beynəlxalq vergi münasibətləri idarəsində, 2003-2014-cü illərdə Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunub. 2022-ci ilin may ayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə, 2023-cü ilin 1 sentyabr tarixindən etibarən isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Rus, ingilis və fransız dillərini bilir.

60 saylı Quba-Qusar Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Bağırova Fidan Yusifəli qızıdır.

Fidan Bağırova 1988-ci ildə Quba rayonunda doğulub. Ali təhsillidir. Hazırda Quba “Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin rəhbəri vəzifəsində çalışır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər