Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İranda HƏMAS liderinin öldürülməsi fonunda regionda gərginlik hökm sürür. Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə bu amillərin təsirini necə dəyərləndirmək olar?
- Sözsüz ki, İran-İsrail münasibətləri hərbi eskalasiya müstəvisinə keçsə, bunun regiona mənfi təsirləri olacaq. Belə olan halda Ermənistan İran kimi dayağından məhrum qalacaq. Bu birmənalıdır. Amma bu prosesin Azərbaycana ziyanı dəyə bilməz. Çünki İran rejimi hər zaman Ermənistanın yanında olub və onun yanında olmaqda da davam edir. Təbii ki, bu Ermənistanın dayaqlarından məhrum olması ilə nəticələnəcək. İranın özünün müharibəyə qatılmaması və əlaltıları ilə müharibəyə qoşulması da onun mövqelərinin zəifləməsinə səbəb olacaq. Tehranın daxili siyasəti üçün də bunlar zərərsiz, təsirsiz ötüşməyəcək.
- Belə çıxır ki, Tehrandakı hadisə İranı müharibəyə çəkməklə bölgədə gərginlik yaratmağa hesablanıb...
- Həmas lideri İsmail Haniyənin Tehranda öldürülməsi təsadüfi deyil. Bu birbaşa İranın dövlətçiliyi üçün təhdidir. Həmçinin bu İranın nüfuzuna vurulan ağır bir zərbədir. Bundan necə çıxacağını İran ciddi şəkildə düşünməyə başlayıb. Hər halda İran İsrailə qarşı nəsə bir addım atmaq niyyətindədir. Bunu Tehran ya birbaşa özü edəcək, ya da əlaltıları ilə cavab addımları atacaq. Bunun özü də mahiyyət etibarı ilə müharibəni qızışdırmağa xidmət edəcək. Görünən odur ki, İran bu müharibədən yayınmağa çalışır. Çünki rəsmi Tehran İsrailə müharibədə onun tək olmayacağını, eyni zamanda ABŞ-la üz-üzə qalacağını bilir. İran və onun əlaltıları İsrailin dövlətçiliyinə təhdidlər yaratması fonunda Tələviv də yaranmış imkanlardan istifadə edərək sona qədər getmək niyyətindədir. Görünən odur ki, İsrail maraqları təmin olmayınca dayanmayacaq.
- Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Qərbi Azərbaycanlıların geri dönüşü ilə bağlı Bakının tələblərinin president olmadığını deyib. Sizcə, Qarabağ ermənilərinin geri dönüşünü əsas şərt kimi önə çəkən Avropa İttifaqının Qərbi Azərbaycanlılarla bağlı eyni mövqeni bölüşməməsi hansı amillərlə bağlıdır?
- Bu qeyri-ciddi yanaşmadır. Açıq şəkildə ermənipərəst mövqeyə əsaslanan bir mövqedir. Əslində bu Toivo Klaarın subyektiv və şəxsi fikirləridir. Çünki o artıq Avropa İttifaqının adından danışmaq hüququna malik deyil. Ona görə də, bu kimi cəfəng fikirləri adi bir səfirin mövqeyi kimi qəbul etmək lazımdır. Bu proseslərə siyasi və hərbi təsiri olmayan bir açıqlamadır.