17:37
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Sərgidə "Qanun nəşriyyatı"nın da stendi fəaliyyət göstərir. Ümumiyyətlə, kitab sərgisinə ziyarətçilərin marağını necə dəyərləndirirsiniz?

- Oxucu varmı marağı da olsun?.. Öncə Beynəlxalq Kitab Sərgisinə oxucu gəlməlidir, sonra onların marağı olmalıdır. Ümumiyyətlə, keçən ilə müqayisədə bu sərgiyə ziyarətçilər az gəlirlər. "Qanun" nəşriyyatı digər nəşriyyatlar sırasında ən çox kitab satan şirkətdir. Hətta buna baxmayaraq nəşriyyatımızda çox aşağı kitab satışı var.

Biz bu məkanın hər kvadratına 130 manat ödəniş etmişik. Kitab sərgisinə ödəniş etmişik ki, insanlar bura gəlsinlər və endirimli kitablar əldə etsinlər. Biz də istəyirik ki, sərf etdiyimiz vəsaiti çıxaraq, tərcüməçilərin qonorarını verək. Mətbəələrdə kitabımız nəşr edilib, borcumuz var, onların pulunu ödəyək. Bizə kitab sərgisində imkan və şəriat yaradılır ki, öz kitablarımızla oxucularla üz-üzə gələk, onların suallarına cavab verək və s. Bu, bizim bayramımızdır, sanki bu gün kitabın toyudur. Amma təəssüf ki, bu cür biganə münasibət insanı gördüyü işdən soyudur. Kitab məmurlara, dövlət qurumlarında çalışanlara və məsul şəxslərə lazım deyilsə, kasıb insanlara heç lazım olmayacaq.

Çünki dövlət dilində nəşr edilən Azərbaycan kitabının sərgisindən söhbət gedir. Qurumlar, təşkilatlar, şirkətlər əməkdaşlarının kitab sərgisinə gəlməsini təşkil etməlidirlər. Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər var, onlar niyə sərgilərdə iştirak etmirlər? Axı, iri şirkətlərdə çalışanlar yüksək maaş alan təbəqədir. Yüksək maaş alan təbəqə kitab sərgisini "iqnor" etməməlidir. Azərbaycan sərgisinə həqarətlə, yuxarıdan aşağı baxmamalıdır. Onlar bilərəkdən kitab sərgisinə gəlməlidirlər ki, bu, Azərbaycan kitabının sərgisidir, dəstək olmalıyıq. Bu hal olmasa, bizim dilimiz inkişaf etməz. Əgər dilə münasibət belədirsə, biz də o zaman rus dilində kitablar oxuyaq, ingilis dilimizi inkişaf etdirək və o dildə nəşr edilən kitablarımızı oxuyaq. O zaman Azərbaycan dilində nəşr edilən kitab nəyə lazımdır?! Kitabxanalarımızda yeni kitablarımız azlıq təşkil edir. Orada "Qanun" nəşriyyatından bir-iki kitab görə bilərsiniz. Halbuki hər gün yeni kitablar nəşr edirik. "Azərbaycan Standartlaşdırma İnstitutu" bildirir ki, bizə kitab lazım deyil. Onlara kitab lazım deyilsə, o zaman sıravi vətəndaşlara niyə kitab lazım olsun?! "Azərbaycan Standartlaşdırma İnstitutu" rəhbərliyi rəsmi şəkildə bəyan edir ki, bu ölkəyə kitab lazım deyil. Kitab almırlar. O zaman tələbə, adi vətəndaş niyə kitab oxusun?!

- Sərgiyə çox az ziyarətçinin üz tutduğunu vurğuladınız. Bəs, bu az təbəqə sırasında kimlər çoxluq təşkil edir?

- Əsasən, məktəblilər...Aşağı sinif şagirdləri əl-ələ tutub gəlirlər, kitaba baxıb gedirlər.

- Daha çox hansı janrda kitablara üstünlük verilir? Onlar hansı kitabları satın alırlar?

- Daha çox özünüinkişafla bağlı kitablara üstünlük verirlər.

- Müxtəlif qurum, şirkət və təşkilatlarda çalışan rəhbər və işçilərin kitab sərgisinə etinasızlığından gileyləndiniz. Bəs onları necə cəlb etməli?..

- Şəxsi nümunə olmalıdır. Elə insanlar var ki, onlar çox kitab oxuyurlar. Həmin şəxslər kitab sərgilərinə gəlməlidirlər. Millətimiz kitabsevərdir. Əgər bir nəfər sərgiyə gəlsə, onun bütün komandası da gələcək. Onu da əlavə edim ki, universitet rektorları kitab sərgilərinə gəlməlidirlər. Sərgidəki kitablar haqqında məlumat verməlidirlər ki, universitet tələbələri də sərgiyə gəlsinlər. Tələbə kimə baxıb kitab oxusun, əgər onun rektoru kitab sərgisinə gəlmirsə?!

- Bəs keçənilki sərgidə daha çox tələbələr, yoxsa məktəblilər üstünlük təşkil edirdilər?

- Keçən il kitab sərgisinə bütün yaş kateqoriyasından ziyarətçilər gəlmişdi. Bu il isə ziyarətçilərin sayı çox azdır.

- Tələbələrin az müraciət etməsinin səbəbini açıqladınız. Onlara daha hansı təkliflərlə müraciət etmək istərdiniz?

- Bir az öncə dediyim kimi tələbələrə şəxsi nümunə göstərilmir. Əgər tələbənin rektoru, kafedra müdirləri, dekanları sərgiyə gəlmirsə, o zaman tələbə sərgiyə niyə gəlsin?..

- Ümumiyyətlə, kitaba marağın az olmasının səbəbi nədir?

- Çünki kitab oxuyanların görünür ki, uğursuz taleləri onları qorxudur. Bir professorun həyatıyla adi kitab oxuyanın həyatı eynidir. Onu da əlavə edim ki, sərgidə kitablarımızı 90-70 və 30 faiz endirimlə ziyarətçilərimizə təqdim edirik.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər