4 Oktyabr 21:18
5 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Avropa Birliyi və ABŞ-la münasibətlərində çətin dövr başlayır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Avropa Birliyi (AB) rəsmiləri Gürcüstan hökuməti ilə görüşləri dayandırıb:

“Bu ay keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyasının qalib gəlməsi gözlənilir. Partiya lideri Bidzina İvanaşvili də seçkiyə qatılır. Qənaətimə görə, partiyasi qələbə qazansa, baş nazir postuna o keçəcək. Bu, Qərblə əlaqələri qırılmaq üzrə olan Gürcüstanı Rusiyaya daha da yaxınlaşdıracaq. Zatən, “Gürcü Arzusu”nun hazırkı siyasəti də bunu göstərir. Hazırkı hökumət bunu “müstəqil xarici siyasət” adlandırsa da, bunu sərt sistemə keçid kimi dəyərləndirmək olar.

Gələn aydan Gürcüstan üçün yeni bir çətin siyasi mərhələ başlayacaq. Hökumət Cənubi Osetiya və Abxaziyanı geri almaq üçün Moskva ilə sıx əməkdaşlıq edəcək, həmçinin daxildə Qərbə bağlı siyasi qüvvələri sıradan çıxaracaq. Artıq Mixail Saakaşvilinin partiyasının fəaliyyətinin qadağan edilə biləcəyi rəsmən bəyan edilib.

Avropa Birliyi yenidən Gürcüstana viza rejimi tətbiq edəcək. Avropa Birliyi üzvlüyünə namizəd statusu da ləğv olunacaq. Qərb Gürcüstanın çıxdığı yerdə Ermənistanı oturtmaq niyyətindədir. İrəvanla Qərb arasında sıxlaşan hərbi-siyasi əlaqələr də bundan xəbər verir.

Başqa sözlə, Gürcüstanla Qərb arasındakı isti dövr sona çatır. Rusiyanın bunun müqabilində Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür. Amma bir şərtlə ki, Rusiya hərbçiləri də bölgədə qalacaq. Qara dəniz sahilində yerləşən Abxaziya isə qaytarılmayacaq. Rusiyanın burada yeni hərbi dəniz bazası tikməsi də bunu göstərir. Qara dənizə nəzarət Rusiyanın prioritetlərindən biridir”.

Əsədullazadə hesab edir ki, Gürcüstanın Qərbdən uzaqlaşması Zəngəzur dəhlizinin açılması prosesini sürətləndirəcək:

“Tiflisin Qərblə əlaqələrinin qırılması həm də Gürcüstanın Orta dəhlizdən kənarda qalması deməkdir. Qərb, xüsusən də ABŞ Gürcüstanın bu projedə yer almasını istəməyəcək. Bu durumda Azərbaycanın da iştirakçı olduğu Orta dəhliz Gürcüstan yox, Ermənistan ərazisindən, Zəngəzurdan keçəcək. ABŞ və Avropa Birliyinin son vaxtlarda Zəngəzur dəhlizi ilə bağlı artan fəallığı bununla bağlıdır. Vaşinqton bu dəhlizin açılmasında maraqlı olduğunu Ceyms Obrayenin dili ilə rəsmən bəyan edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər