16:10
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı "Hürriyyət" qəzetində yayılan məlumat təbii bir iddiadır. Hələlik onun rəsmən təsdiqi mümkün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bu, iki ehtimaldan irəli gəlir:

“İlk növbədə bu, Türkiyədə bələdiyyə seçkilərindən sonra yaranmış hazırkı durumla bağlıdır. Uzun müddətdən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyası (CHP) seçkilərdən birinci olaraq çıxdı. Eyni zamanda Türkiyənin ən önəmli, böyük şəhərlərinin əksəriyyətində CHP təmsilçiləri bələdiyyə seçkilərini qazandılar. Bu da ölkə siyasətində yeni bir konfiqurasiya yaratdı.

İkinci məqam Türkiyədə son dövrlər sosial-iqtisadi problemlər seçki zərurəti yaradır. Bütün hallarda mətbuatda gedən bu məlumatlar hazırda iddia səviyyəsindədir. Bunun dəqiq olub-olmayacağını söyləmək çox çətindir.

Nəzərə alaq ki, bələdiyyə seçkilərindən sonra Türkiyə siyasətində müəyyən bir yumşalma baş verib. Həmçinin bu seçkilərdən sonra CHP lideri Özgür Özəl növbədənkənar seçkilərin keçirilməsində maraqlı olmayacaqlarını və bələdiyyə seçkilərinin nəticələrindən sui-istifadə etməyəcəklərini xüsusi qeyd etmişdi.

Son 10 ildə biz gözlənilmədən növbədənkənar seçkilərə və yaxud referenduma gedilmə ilə bağlı xeyli qərarların verildiyinin şahidi olmuşuq. Bu baxımdan belə bir qərarın qəbulu istisna deyil".

Politoloq hesab edir ki, belə bir qərar qəbul olunarsa, Ədalət və İnkişaf Partiyasının (AKP) ən güclü namizədi olan hazırkı prezident, üç dönəm lider seçilmiş Rəcəb Tayyib Ərdoğanın bu seçkilərdə iştirakı ilə bağlı məsələ ciddi müzakirələrə səbəb olacaq: "Ən azı 2014-cü ildə Türkiyənin hazırkı prezidenti seçkilərdə iştirak edərək bu seçkiləri qazanmışdı. Ondan sonrakı seçki konstitusiya dəyişikliyindən sonra baş verdi. Əvvəlki seçki yeni konstitusiyadan əvvəl keçirildiyi üçün bir daha onun şansı olduğu ilə bağlı qərar çıxarıldı. Bu baxımdan keçən il keçirilən prezident seçkilərində prezident Ərdoğan seçkilərə qatıldı və yenə də qələbə qazandı.

O zaman Ərdoğanın özü bu seçkilərdə iştirakla bağlı verdiyi açıqlamada bildirmişdi ki, bu, onun sonuncu seçkisidir. Əgər növbədənkənar seçki keçiriləcəksə, əlbəttə, AKP onun namizədliyində israr edəcək və onu belə əsaslandırmağa çalışacaq ki, bu, növbədənkənar seçki olduğu üçün Ərdoğan iştirak edə bilər. Amma hesab edirəm ki, Konstitusiya baxımından onun bu seçkilərdə iştirakı artıq mümkünsüz hesab edilir.

Çünki Türkiyə Konstitusiyasına görə bir şəxs iki dəfə seçkilərdə iştirak edə bilər. Cənab Ərdoğan da artıq iki dəfə bu hüququndan istifadə edib. Amma bütün hallarda belə bir qərarın veriləcəyi yaxın dövr üçün çox da real görünmür. Ən azı indi yox, bəlkə gələn ilin əvvəllərində belə bir qərar verilə bilər. Bütün hallarda Türkiyə siyasəti olduqca dinamik və mütəhərrikdir. Ölkədə gedən daxili siyasi mübarizə və sosial-iqtisadi vəziyyət seçkilərlə bağlı qərarı intensivləşdirə bilər”.

Qeyd edək ki, "Hürriyət" qəzeti bundan öncə Türkiyədə erkən prezident seçkisi keçiriləcəyini, Ərdoğanın da AKP-nin namizədi kimi iştirak edəcəyini yazmışdı. Türkiyəli jurnalist Ferhat Murat da ölkənin hazırkı liderinin qarşıdakı seçkilərdə iştirak edəcəyi qənaətindədir: “Bizi qarşıda İmamoğlu, Yavaş və Ərdoğanın namizəd olacağı prezident seçkiləri gözləyir”.

Erkən seçkilər olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçirilməlidir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər