Nəşriyyatlar Mədəniyyət Nazirliyinə və Antiinhisara etiraz edir, sərgini tərk edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Nəşriyyatlarının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına etiraz bəyanatı qəbul ediblər.
Bildirilir ki, son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə, məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.
"Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz; “Dövlət satınalmaları haqqında” qanun özü bunu qadağan edir. Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir. Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və AİBNDX-dən tələb edirik", deyə bəyanatda qeyd olunur.
Naşirlər bəyan edirlər ki, əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəklər.