4 Oktyabr 15:40
3 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Qarabağ müharibəsində itkin düşmüş Milli Qəhrəman Natiq Qasımovun taleyindən bu günə qədər heç bir məlumat yoxdur. Ermənistan tərəfi hələ də digər itkin düşmüş azərbaycanlılarla yanaşı Natiq Qasımov barəsində informasiya verməkdən boyun qaçırır. Onun sonuncu dəfə əsir düşərkən dindirilməsi ilə bağlı yayılan fotolarda hərbi cani Vitali Balasanyan tərəfindən sorğu-sual edildiyi məlumdur. Amma bu hadisədən sonra Natiq Qasımov haqqında hansısa məlumat almaq mümkün deyil. Bununla bağlı Ermənistanın hansı öhdəlikləri var? Vitali Balasanyanla bağlı beynəlxalq hüquq müstəvisində hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Qəhrəman Natiq Qasımovla bağlı məsələnin mahiyyətindən bəhs edib.

“Natiq Qasımov hadisəsi Vətən Müharibəsindəki qələbədən sonra tarixin üzə çıxardığı son dərəcədə parlaq qəhrəmanlıq salnamələrindən birinə çevrildi. Hadisələri - o dövrün şəkilləri, süjetləri, məlumatları, hekayələri silsilə halında bir yerə yığaraq sanki itmiş tariximizi bərpa etdik. Bir daha onun şahidi olduq ki, bu millətin övladları həmişə torpağı, vətəni uğrunda canını fəda edib. Natiq Qasımov hadisəsi Vətən Müharibəsindəki qələbənin I Qarabağ savaşının ümumi salnaməsinin, Zəfər hərəkatının parlaq nümunəsidir. O, son damla qanına qədər düşmənə yenilmədən əlində şanlı bayrağımızla mərdlik göstərib, gözünü ölüm qarşısında belə qırpmayıb. Ona görə də, Natiq Qasımov bu millətin məğrurluğunun tablosudur”, - deyə o əlavə edib.

Komitə sədri bildirib ki, son 4 il ərzində azad edilmiş ərazilərdə mina yerləri deyil, eyni zamanda kütləvi və fərdi məzarlar da aşkara çıxır:

“Gecə-gündüz fəaliyyət aparan, ehkumasiya həyata keçirən ixtisaslaşmış qurumun tapılan hər bir insan qalıqları üzərində uyğunlaşma ilə bağlı addımları müşahidə edilir. Yaxınlarından məlumat ala bilməyən ailələrə, 30 illlik qeyri-müəyyənlikdən üzülən insanlara bir qədər sakitlik gəlir. İnsanlar öz yaxınlarının qalıqlarının tapılması ilə rahatlıq tapır”.

Zahid Oruc hesab edir ki, bu faktlarla bağlı beynəlxalq müstəvidə hüquqi addımların atılması vacibdir:

“Bunu prokurorluq orqanları Milli Qəhrəman Natiq Qasımov üzərindən həyata keçirə bilər. Burada əli olan hərbi cani Vitali Balasanyan məlum kadrlardan göründüyü kimi prosesin ayrılmaz parçası kimi sağdır. Bilavasitə Azərbaycan dövlətinin ortaya qoyduğu faktlar, sübutlar imkan verəcək ki, Natiq Qasımovun qətlinə fərman verən, icra edən insanlar bu gün Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında öz məhkəməsini gözləyən şəxslər kimi cavab versinlər. Bu məsələ Azərbaycanın hüquq və məhkəmə sistemi üçün tarixi qələbədən sonra qarşıya çıxan mühüm və şanlı vəzifədir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Milli Qəhrəman Natiq Qasımovla bağlı məsələyə fundamental əsaslarda yanaşmanın tərəfdarı olduğu deyib:

“Ermənistan etiraf etməlidir ki, o Azərbaycan ərazilərini işğal edib, cinayətlər törədib. Buna görə, Azərbaycan xalqından üzr istəməlidir. 30 il Azərbaycan xalqı bu acıları yaşayıb. Dünyada bu zərbələrə azərbaycanlılardan başqa dözən başqa bir xalq tapıla bilməz. Ermənistan xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər törədib. Torpaqlarımız zəbt edilib, mədəniyyət abidələri məhv olunub, ekoloji terror həyata keçirilib”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan sülh istəyir, eyni zamanda yaddaşlarımızda olan məsələləri kənara qoymur:

“Heç bir faktı yaddan çıxarmaq olmaz. Xalq olaraq bu ağrıları yaddan çıxarsaq, bunlar təkrar oluna bilər. Ona görə də, Ermənistan Azərbaycan dövlətindən və xalqında etmiş olduğu bütün cinayətlərə görə üzr istəməlidir. Bundan imtina etsə, Azərbaycan öz imkanlarından istifadə edib beynəlxalq müstəvidə bu məsələləri qaldırmalıdır. Artıq bu istiqamətdə addımlar atılıb. Beynəlxalq məhkəmələrədə, təşkilatlarda bu istiqamətdə proseslər gedir. Ermənistanın törətdiyi bütün cinayətləri dünya ictimaiyyəti tam şəkildə dərk edənə qədər bu proses davam edəcək”.

Milli Məclisin Iİsan Hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov da hesab edir ki, I Qarabağ müharibəsindən sonra 4 minə yaxın soydaşımızla bağlı Azərbaycan tərəfində, onların yeri, taleyi ilə bağlı heç bir məlumat yoxdur: “Bu, özlüyündə Ermənistanın müharibə cinayətlərini davam etdirməsidir. Həmin insanlar məhz azərbaycanlı olduqları üçün bu rəftara məruz qalıb. Soydaşlarımız etnik təmizləmə, milli nifrət zəminində qətlə yetirilib. Bu insanların hansı taleyi yaşamasından Azərbaycan tərəfi məlumatsızdır. Zaman-zaman işğaldan azad edilmiş ərazilərdən kütləvi məzarlıqlar aşkar edilir. Həmin məzarlıqlarda kütləvi şəkildə dəfn olunan şəxslərin üzərindəki izlər, sümüklərindəki zədələr onların hansı işgəncələr, qeyri-insani davranış, insan ləyaqətini alçaldan üsul və vasitələrlə öldürüldüyünü göstərir”.

Komitə üzvünə görə, soydaşlarımızın milli, irqi, etnik nifrət zəmnində, ayrı-seçkilik və digər hərbi cinayətlərə məruz qalması faktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı hüquqi müstəvidə məsələ qaldırması mümkündür:

“Başladılmış məhkəmə proseslərinə bunun əlavə fakt, dəlil kimi təqdim edilməsi vacibdir. Azərbaycan hərbi, siyasi müstəvidə düşməndən qisasını alıb. Hüquqi müstəvidə də bu proses davam edir. Artıq işğalçı, separatçı rejimin bir qismini təmsil edən şəxslər ədalət mühakiməsi qarşısına çıxarılmaqdadır”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, hərbi cani Vitali Balasanyanın bu və ya digər çoxsaylı cinayətlərdə əlinin olması ilə bağlı təkzibedilməz dəlillər var:

“Natiq Qasımovla bağlı son videoda terrorçuların aparıcı şəxsi qismində Vitali Balasanyan əsas roldadır. Balasanyan suallardan və məsələlərdən yayınmağa çalışsa da bu hüquqi müstəvidə Azərbaycan tərəfinin diqqətindədir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər