10:09
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda uzun fasilədən sonra bir araya gəldi. Görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə müəyyən təlimatların verildiyi açıqlandı. Görüşün pərdəarxası detalları ilə bağlı nə demək olar?

- Bu kimi tapşırıqlar verilsə də, problemləri görmək lazımdır. Burada əsas məqsəd hər iki ölkənin danışıqlara marağı və istəyinin olmasını göstərmək idi. Eyni zamanda problemlərin həll olunmadığı da dolayı yolla olsa da təsdiq edilib. Bu məsələlərin üzərində xarici işlər nazirləri hələ də işləməlidir.

- Həmin problemlər nə vaxt aradan qaldırılacaq?

- Bu, çətin sualdır. Çünki problemlərdən danışırıqsa, burada Ermənistandan ciddi siyasi iradə nümayiş etdirmək tələb edilir.

- Ermənistan buna hazırdırmı?

- Bu, inandırıcı deyil. Ermənistan konstitusiyasında Azərbaycana qarşı əksini tapmış iddialara geniş baxmaq lazımdır. Burada söhbət iki-üç sözdən getmir. Daha böyük məsələlər var.

- Daha geniş məsələ dedikdə nəyi nəzərdə tutursunuz?

- Ermənistan cəmiyyətində bununla bağlı geniş diskusiya aparılmalıdır. Beləliklə erməni cəmiyyəti öz mövqeyini müəyyən etməlidir. 30 il öncə erməni dövlətçiliyini quranda onların məqsədi fərqli rakursda bəyan edilib. Dövlət səviyyəsində məqsədləri o olub ki, Azərbaycan ərazisinin bir hissəsini özlərinə birləşdirsinlər. Hərbi cəhətdən bu “layihə” artıq fiaskoya uğrayıb. Siyasi baxımdan da bu məsələ öz həllini tapmalıdır. Rəsmi olaraq Ermənistan bundan imtina etməlidir. Bu da ictimai diskusiya ilə göstərilməlidir.

- Referendumdan öncə belə bir diskusiyanın olması nə dərəcədə realdır?

- Sözsüz ki, Ermənistan hakimiyyəti əgər referendum qərarı veribsə, bu diskusiya mütləq olacaq.

- Rəsmi Bakının əsas məqsədi nədir?

- Azərbaycanın məqsədi hansısa sənədə imza atmaqdan ibarət deyil. Bakı davamlı sülh qurmaq istəyir.

- Ermənistan məlum deyişikliklərə getməsə nə baş verə bilər?

- Bu olmasa hansısa bir sülh mətninin razılaşması mümkün olmayacaq.

- O halda danışıqların mənası nədir?

- Danışıqlar vacibdir. Bunun nəticəsində tərəflər qarşılıqlı olaraq öz mövqelərini ifadə edə bilir. Həmin mövqelər də beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılır. Ona görə də, danışıqların mənası və vəzifəsi var. Bu, sülhə aparan yollardan biridir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər