5 Noyabr 19:55
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir. İrəvanı bu məsələdə sevindirən əsas səbəb nədir?

- Sözsüz ki, bu, sülh istiqamətində ilk qüvvəyə minmiş sənəddir. Erməni tərəfinin bunu özü üçün qələbə kimi qiymətləndirməsi şişirdilmiş yanaşma olsa da, əhəmiyyəti böyükdür. Bu, məhz ikitərəfli danışıqlar nəticəsində əldə edilib. Burada heç bir vasitəçi və tərəfləri hansısa istiqamətə yönəldən üçüncü qüvvə iştirak etməyib.

- Sərhədlərin müəyyənləşməsi zamanı ayrı-ayrı ərazilərə aid yanaşmaların olması nə dərəcədə realdır?

- Sülh və sərhədlərin dəqiqləşməsi məsələsində iki yanaşma mövcuddur. Reqlament qəbul edildikdən sonra Azərbaycanla Ermənistan arasında min km-dən artıq bir sərhəd xəttinin dəqiqləşməsi ilə bağlı danışıqların xarakteri müəyyənləşib. Burada da sərhədlərin həlli məsələsi müəyyən hissələrə bölünür. Beləliklə, həm xəritədə, həm də ərazidə razılaşmış ərazilərə aid protokollar qəbul edilir və imzalanır. Daha sonra isə digər hissələrə keçid olunur.

- Bu qaydalar necə müəyyənləşir?

- Prosedurlar asandan-çətinə prinsipi ilə gedir. Mübahisə yaratmayan hissələr varsa, öncə o razılaşdırılır. Mübahisə yaradan hissələrdə isə daha çətin üsullardan istifadə edilir.

- Çətin üsullar dedikdə nəyi nəzərdə tutursunuz?

- Əgər hansısa ərazidə sərhəd xəttini dəqiqləşdirmək mümkün deyilsə, mümkündür ki, digər vasitələrlə proses yekunlaşsın. Ərazi mübadiləsi ilə yanaşı prosesə əlavə xəritələrin cəlb edilməsi də mümkündür.

- Azərbaycanın əsas təklifləri nədən ibarətdir?

- Rəsmi Bakının bu mövzulara aid təcrübəsi var. Qonşu Rusiya və Gürcüstanla sərhəd xəttləri bu cür qaydalarla razılaşdırılıb. Hazırda Azərbaycanla Gürcüstan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı məsələlərin 80 faizi həll edilib. Ermənistanla Gürcüstan arasında da sərhəd dəqiqləşməsi 70 faiz səviyyəsindədir. Proses hazırda danışıqlar müstəvisində olsa da, bu, ikitərəfli münasibətlərdə gərginlik yaratmır.

- Sərhəd dəqiqləşməsindən söhbət gedirsə, eksklavlarla bağlı məsələlərin həlli hansı şərtlər daxilində mümkün görünür?

- Azərbaycanın Ermənistan ərazisində 4 eksklav kəndi qalıb. Bu, Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndidir. Ermənistanın isə Azərbaycan ərazisində bir anklavı, yəni Başkənd mövcuddur. Sərhədlərin dəqiqləşməsi ilə bağlı həlli asan olan məsələlər protokollaşdırıldıqdan sonra eksklavlar məsələsi öz həllini tapacaq.

- Eksklavlarla bağlı rəsmi Bakının mövqeyi necədir?

- Azərbaycan Prezidenti ilk dəfə sərhəd və eksklavlarla bağlı məsələyə toxunarkən kimə nə məxsusdur o özünə qaytarılmalı tezisini irəli sürdü. Keçmiş sovet dövründə eksklavlara yol məsələsi problem deyildi. Çünki vahid bir sistem mövcud idi. İndiki halda eksklavların qaytarılması fonunda bu ərazilərə gediş-gəliş üçün ekstreterial yol verilməsi başlıca şərtdir. Bu halda digər dövlətdən ərazi istənilir. Azərbaycanın Ermənistan ərazisində 4 eksklavının olması fonunda dörd yol istənilməlidir.

- Başqa çıxış yolu nədən ibarətdir?

- Mübadilə burada əsas üsuldur.

- Bu hansı şərtlərlə həyata keçirilə bilər?

- Əsas amil də elə məhz budur. Çünki Azərbaycanın Ermənistan ərazisindəki eksklavları ərazi və strateji əhəmiyyətinə görə böyük üstünlüklərə malikdir. Ermənistanın Azərbaycan ərazisindəki eksklavı isə belə bir üstünlüyə malik deyil. Başkən əhəmiyyətsiz ərazi olmasa da Azərbaycanın 4 eksklavı daha üstün mövqedədir. Bu isə mübadilə məsələsində əlavə üstünlüklər qazandıracaq.

- Bu halda mübadilə necə aparılacaq?

- Belə olduğu halda əlavə kompensasiyaların alınması və digər məsələlər nəzərdə tutula bilər. Sözsüz ki, bu, danışıqlar mövzusunda həll olunacaq. Qarşılıqlı güzəştlərin olması da istisna deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər