8 Noyabr 00:46
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. Tahir Budaqov vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir: “Əlbəttə, bu tarixi Qələbə heç də asanlıqla qazanılmamış, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və keşməkeşli olmuşdur. “Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Sülh yolu ilə məsələləri həll etməliyik. Nəyin bahasına olur-olsun, hansı yolla olur-olsun, Şuşa da, Qarabağ da, bütün işğal olunmuş torpaqlar azad olunacaq - Azərbaycan xalqının iradəsi, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq!”, - deyən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmamış, 30 ilə yaxın müddət ərzində inamını itirmədən haqq-ədalət mübarizəsini davam etdirərək tarixi Qələbəyə köklənmişdir: “Çünki xalqa arxalanaraq Azərbaycan dövlətini Zəfərə aparan liderlər - Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tarixin mühüm anlarında və taleyüklü məqamlarında ölkəni çətin sınaqlardan çıxarmaqla, parlaq nailiyyətlərə imza atmaqla bu sonsuz güvəni – sarsılmaz Qələbə inamını yaratmışlar. Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini şərəflə aparan Azərbaycan xalqı iradəsini ortaya qoymuş, gücünü göstərmiş və məqsədinə nail olmuşdur”.

YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, heç şübhəsiz, ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunmuşdur: “Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, informasiya platformasında və diplomatiya müstəvisində üstünlüyünü təmin edərək böyük nailiyyətlərə müvəffəq olması nəticəsində hazırda dövlətçilik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq. 44 günlük Vətən müharibəsində və birgünlük aniterror tədbirlərində qazandığımız şanlı zəfərlər böyük tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycan öz milli gücü ilə işğal faktına və separatizmə son qoymuş, çoxsaylı təzyiqlərə məruz qalmasına rəğmən, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etməklə dünya miqyasında yeni nümunə - mühüm siyasi presedent yaratmışdır. Digər tərəfdən, Azərbaycan tarixi Zəfər qazanmaqla beynəlxalq hüquqa məhəl qoymayan, “münaqişənin hərbi yolla həlli yoxdur” deyərək işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında maraqlı olmadığını nümayiş etdirən, bir çox hallarda isə təcavüzkar dövlətə dəstək göstərən qüvvələrin ikili standartlara əsaslanan qərəzli siyasətini iflasa uğratmışdır. Azərbaycanın Qələbəsi regionda ədalətli geosiyasi nizamın təşəkkülü, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh və etimad quruculuğunun həyata keçirilməsi baxımından böyük önəmə malikdir. Hər zaman sülh, sabitlik, rifah və firavanlıq tərəfdarı kimi çıxış edən, regionun çoxtərəfli işbirliyi məkanına çevrilməsində maraqlı olan Azərbaycan bu gün də öz mövqeyinə və prinsiplərinə sadiqliyini əyani şəkildə nümayiş etdirir. Azərbaycanın siyasəti konstruktiv xarakter daşıyır, regionun konfrontasiya deyil, dialoq, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsinə hədəflənmişdir”.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, onların əziz xatirəsini uca tutur: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiramımız sonsuzdur”.

Hər birinizi xalqımızın iftixar mənbəyi və dövlətimizin sarsılmaz qüdrətinin ifadəsi olan 8 Noyabr - Zəfər Günü, həmçinin qarşıdan gələn 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”,- deyə Tahir Budaqov vurğulayıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixinin ən mühüm iki hadisəsi dövlət müstəqilliyimizin bərpa olunması və 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsidir: “Dörd il əvvəl əzəmətli, qüdrətli ordumuzun qazandığı tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərqərar olundu. Bu tarixi Zəfərin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı, beynəlxalq müstəvidə özünün mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi”.

Əli Əhmədov işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərindən də bəhs edərək keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıtmağa başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır: “Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunmasına güclü siyasi iradə nümayiş etdirir”.

Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Qarabağ” ordenli şəhid Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova çıxışında bildirib ki, Azərbaycan xalqı artıq 2020-ci ildən hər ilin noyabr ayını böyük sevinc və fərəh hissi ilə qarşılayır: “Çünki Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycanın igid oğullarının misilsiz şücaəti sayəsində Qarabağ əzəli sahiblərinə geri qaytarıldı. 2020-ci ilin 27 sentyabrı bizi böyük Qələbəyə aparan yolun başlanğıcıdır. Məhz həmin gündən başlayaraq “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxdıq. Bütün dünyaya, beynəlxalq aləmə qüdrətli, əzəmətli Azərbaycan dövlətinin mövcudluğunu bir daha nümayiş etdirdik. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, iradəsi, qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bütün dünya qarşısında başqa bir Azərbaycanı gördü. Cəmi 44 gün davam edən haqq savaşımızda, Vətən müharibəsində şanlı Ordumuz elə bir Zəfər dastanı yazdı ki, bu tarixi qələbəmiz dostu sevindirdi, düşmənlərimizə isə göz dağı oldu”.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının varlığını, kimliyini qorumaq uğrunda aparılan haqq mübarizəsi idi: “Hər bir azərbaycanlının qəlbində yanıb tutuşan vətən sevgisi, dövlətə bağlılığı və milli kimliyimiz bizi bu zəfərə çatdırdı. Bu müqəddəs yolun hər addımı xalqımızın birliyini, ordumuzun qətiyyətini və dövlətimizin əzəmətini sübut etdi”.

“Biz 44 günlük Vətən müharibəsində milli iradə ilə, milli ruhla, Vətən sevgisi ilə döyüş meydanında qan tökərək, şəhid verərək, düşməni diz çökməyə məcbur edərək qələbə qazandıq. Qarabağın azadlığı Azərbaycan əsgərinin gücünün, xalqımızın birliyinin, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu gün biz burada təkcə Qələbəmizi qeyd etmirik, həm də şəhidlərimizin əziz xatirəsini yad edirik. Şəhidlər xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrini yazanlardır. Onların hər biri bizim üçün bir qəhrəmanlıq dastanıdır”,- deyən Zaur Hüseynov bildirib ki, bugünkü Azərbaycan güclü, müstəqil və öz haqqını müdafiə etməyi bacaran bir dövlətdir. Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın dövlət başçısına dəstəyi bu Zəfəri daha da möhkəmləndirir.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, 8 Noyabr təkcə hərbi gücümüzün qələbəsinin deyil, həm də xalqımızın birliyi, dözümü və vətənpərvərliyinin güclü bir rəmzidir: “Çünki həqiqi qələbə yalnız döyüşlərin nəticəsi ilə ölçülmür, millətin əzmi, vətənini qorumaq üçün sarsılmaz iradəsi və yenidən qurmaq, yenilik etmək və irəliləmək gücü ilə qeyd olunur. Dörd il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir çağırış ilə birləşən Azərbaycan xalqı 30 illik ədalətsizliyə, dünyanın göz yumduğu məsələyə - Ermənistanın işğalçı siyasətinə son qoydu. Rəşadətli Azərbaycan Ordusunun qələbəsi həm də daşıdığımız mənsubiyyətin – milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü idi”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər